Bz. İyl 21st, 2019

Beynəlxalq Türk Akademiyasında Novruz bayramı qeyd edilib

Nur-Sultan şəhərində beynəlxalq Türk Akademiyasında (TWESCO) türkdilli ölkələrin Novruz bayramı qeyd edilib.

Turkustan.info xəbər verir ki, bayram tədbirində akademiyanın prezidenti, Türkiyə, Azərbaycan, Macarıstan, Monqolustan, Qırğızıstan, İran və Özbəkistanın Qazaxıstandakı səfirləri, hökumət nümayəndələri iştirak ediblər.

Akademiyanın prezidenti Darxan Kıdıralı Novruz bayramının xüsusiyyətlərindən söz açıb. Bildirib ki, Qazaxlarda “yeni ildə, köhnə ildə” sözləri var.

Ötən ildə türk dünyası üçün əlamətdar olan hadisələri diqqətə çəkən akademiya prezidenti ilin yaxşı hadisələrlə yadda qaldığını söyləyib.

Darxan Kıdıralı UNESCO-da Beynəlxalq Türk Akademiyasının da uğurlarından danışıb.

Qarşı bir çox planların olduğunu deyən akademiya rəhbəri deyib: “Türk Şurasının on illiyi, kitabxanamızın adını daşıyan İstvan Konyr Mandokinin 75 illiyi, Alaş hərəkatının 125 illik yubileyi, Qızıl Orda və Monqolustanın 750 illik yubileyi, Atatürkün hərəkatının 100 yaşını, Yusuf Balasaqunin “Qutadqu-bilik” kitabının 950 illik yubileyini qeyd etməyi planlaşdırırıq”.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Novruz bayramı, xalqları yaxınlaşdıran körpüdür, bir ənənəyə çevrilən qarşılıqlı sevgi və hörmətdir. “Novruz – türkdilli xalqları birləşdirən ocaqdır. Arzu edirəm ki, bu alov heç vaxt sönməsin və hər ocaqda sevinc, hərarət qorunsun. Bütün türk dünyası dostluq və əməkdaşlığı, yüksək dəyərləri və bu bayram ənənələrini qoruyub saxlayacaq, bundan sonra münasibətlərin inkişafı yolunda səylərimizi artıracağıq”, -deyə səfir vurğulayıb.

Bu bayramın 24 ölkədə qeyd edildiyini deyən Türk Şurasının Ağsaqqallar Şurasının üzvü Adil Ahmetov qədim tarixi olan bu bayramın məhz gecə ilə gündüzün bərabərləşdiyi zamanda keçirildiyini, xalqları bir-birinə yaxınlaşdıran bayram olduğunu bildirib. Novruzu türk dünyasının təmtəraqla qeyd etdiyini, yeddi təamın istifadə olunduğu bu bayrama yeddi ölkənin səfirinin toplaşdığını vurğulayıb.

Tədbirdə qədim adət olan dəmir döymə ənənəsi təşkil edilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan