Nur-Sultan şəhərində “Nəsimi ili”nin açılışı keçiriləcək

Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsini nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası (TWESCO) ümumtürk ədəbi dilinin zənginləşməsi və formalaşmasında əvəzsiz rol oynayan şairin ədəbi irsini türk dünyasında və beynəlxalq miqyasda təbliğ etmək məqsədilə bir sıra layihələrin həyata keçirilməsinə başlayıb. Artıq böyük mütəfəkkirin seçilmiş əsərləri qazax dilinə tərcümə edilib.

TWESCO-dan Turkustan.info-ya bildirilib ki, aprel ayında Nur-Sultan şəhərində “Nəsimi ili”nin açılış mərasimi keçiriləcək. Bu çərçivədə şairin qazax dilundə işıq üzü görən kitabının və “Türk dünyası ədəbiyyatı” seriyasından 20-dək azərbaycanlı klassikin seçilmiş əsərlərinin yer aldığı “Azərbaycan ədəbiyyatı antologiyası”nın təqdimat mərasimi də olacaq. 

Yeri gəlmişkən, Beynəlxalq Türk Akademiyası türk dünyasının inteqrasiyasına və xalqların yaxınlaşmasına töfhə verən milli bayramları da ənənəvi şəkildə qeyd edir. Bununla bağlı Akademiyada xüsusi mərasim təşkil edilib. Mərasimdə də Azərbaycan, Türkiyə, Macarıstan, Monqolustan, Qırğızıstan, İran və Özbəkistanın Qazaxıstandakı səfirləri, ictimai xadimlər, türkoloqlar, hökumət və media nümayəndələri iştirak ediblər. Qonaqlar qədim türklərdənqalma dəmirdöymə mərasimini icra ediblər.

Sözügedən ənənə, Fəzlullah Rəşidəddinin “Tarixlər toplusu” (“Came ət-təvarix”) adlı əsərində yer alan əfsanəyə dayanır. Əfsanəyə görə, Oğuz Xaqanın nəslindən olan II Xanın xalqı düşmən qarşısında məğlubiyyətə uğrayır və Altay dağlarının ətəklərindəki Ergenekon adlı bir dar keçidə sığınıb gizlənir. Bir müddət burda yaşayan türklər çoxalıb saylarını artırdıqdan sonra Novruz ayında dağın dəmirlə zəngin olan bir hissəsini yarıb onu əridir, silahlanırlar. Bundan sonra bir Bozqurdun bələdçiliyi ilə dağdan çıxıb düşməni məğlub edir və ölkələrini azad edirlər. Beləliklə, türklər Ergenekondan çıxdıqları günü hər il millətin ulu günü – Novruz bayramı kimi qeyd etməyə başlayırlar. Türklərin millətin ulu günündə çəkiclə dəmirdöymə və kömür yandıraraq dəmirəritmə ənənəsi sözügedən əfsanə ilə bağlıdır.

TWESCO prezidenti Darxan Kıdırali bildirib ki, ötən il Akademiya üçün nailiyyətlərlə dolu bir il olub. Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Sammiti uğurlu keçib. Dövlət başçıları tərəfindən Akademiyanın fəaliyyət hesabatı təqdir edilib və gələcək dövr üçün fəaliyyət planı təsdiqlənib. Həmçinin, Akademiyanın hazırladığı “Türk inteqrasiyası konsepsiyası” prezidentlər tərəfindən qəbul edilib. Sammitə qatılan Macarıstan Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv statusu qazanıb. Beləliklə, Akademiyanın üzvlərinin sayı artıb. Bununla yanaşı, TWESCO-nun üzərində işləməkdə olduğu “Ortaq Türk Tarixi”, “Türk Dünyası Coğrafiyası” və “Ortaq Türk Ədəbiyyatı” dərs proqramları təsdiq olunub. Bu dərsliklərin Türk Şurasına üzv ölkələrin tədris proqramına daxil edilməsi üzərində iş aparılır.

Beynəlxalq Türk Akademiyası türk dillərinin inkişaf etdirilməsi və qorunmasına, öyrənilməsinə böyük əhəmiyyət verir. TWESCO-nun təşəbbüsü ilə 2018-ci ildə UNESCO-nun Parisdəki mənzil qərargahında “Türk dili bayramı” qeyd olunub. Təşkilat Qazaxıstan və Monqolustanda uğurlu arxeoloji qazıntı işləri aparıb. Gələcək illərdə bu tədqiqatların Azərbaycan, Macarıstanda və Özbəkistanda davam etdirilməsi planlaşdırılır. Bununla bağlı artıq Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığa memorandumu imzalanıb.

TWESCO prezidenti qeyd edib ki, təşkilat 2019-ci ildə Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu Biliq” əsərinin yazılışının 950, Qızıl Orda Xanlığı və Monqolustanın yaranmasının 750, məşhur şair Nəsiminin anadan olmasının 650, Əhməd Ağaoğlunun anadan olmasının 150, tanınmış türkoloq İştvan Mandokinin doğumunun 75, ulu öndər Atatürkün başlatdığı Milli Mücadilənin 100, Türk dünyası inteqrasiyası üçün böyük əhəmiyyətə malik Naxçıvan Müqaviləsinin imzalanmasının 10-cu ildönümlərini yüksək səviyyədə qeyd etməyi planlaşdırır. Bununla yanaşı, Akademiya türk dünyasını maraqlandıran mövzulara diar kitabların çapını və birgə elmi tədbirləri davam etdirəcək.

D.Kıdıralinin sözlərinə görə, yaxın zamanlarda Özbəkistanın TWESCO-ya üzv olmaq məsələsinin müsbət nəticələnəcəyinə inamı böyükdür. Həmçinin, Monqolustan da təşkilata müşahidəçi üzv olmaqda maraqlıdır. Beynəlxalq əlaqələrini genişləndirən təşkilat qarşıdakı dövrdə UNESCO ilə anlaşma memorandumu imzalamağı nəzərdə tutur.

Bayram tədbirinə qatılan səfirlər adından söz alan Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov, Novruz bayramının türk dünyası üçün ortaq dəyərə sahib olduğunu, türk xalqlarının inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Diplomat Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi layihələrlə qardaş ölkələrin yaxınlaşmasına və türk dünyasıda birliyin daha möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib.

Bayram tədbiri Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi, türkoloq Mırzatay Joldasbekovun xeyir-duası ilə yekunlaşıb.

112 Baxılıb