Bakıda Tatarıstanın Xalq şairinin kitabı nəşr olunub

Bakıda Tatarıstanın Xalq şairinin kitabı nəşr olunub

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Qardaş xalqlar ədəbiyyatı. Ustadlar” sil­siləsindən növbəti kitab gün üzü görüb. Bu, Tatarıstanın Xalq şairi, görkəmli ictimai və dövlət xadimi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı Razil Vəliyevin şeirlər kitabıdır. Bu barədə kitabın layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı məlumat verib.

Xalq şairi Razil Vəliyevin şeirlərini (rusca və tatarcadan) dilimizə tanınmış şair-publisist dr. Həyat Şəmi çevirib.

“XAN” nəşriyyatında gün üzü görən şeirlər kitabı “PAYIZ YAĞMURLARI” adlanır.

Nəşrin məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tata­rıs­tanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və  millət vəkili dos.dr. Qənirə Paşayevadır. Kitaba dos.dr. Şəmil Sadiq önsöz yazıb.

Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tata­rıstanda ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.

***

Yazıçı-publisist,“USTAD” dərgisinin təsisçisidos.dr. Şəmil SADİQin “Payız yağmurları”na yazdığı “önsöz”ü oxucularla paylaşırıq:

QARDAŞDAN QARDAŞA KÖNÜL KÖRPÜSÜ

Qardaşlıqlar körpü ilə qurulur, qardaşlar arala­rın­dakı körpüləri sağlam tutur; ayrılıqlara da səhnə olsa belə, körpülər mahiyyətcə qovuşdurmaq üçündür…

Körpülərin ən gözəli könül körpüsüdür. Ədəbiyyat könül kör­püsü inşaasında olmazsa olmaz kateqori­ya­sındadır. Və budur, biz – Azərbaycan yeni nəsil ya­zarları qardaş tatar ədəbiyyatının görkəmli nüma­yən­dəsi, Xalq şairi Razil Vəliyevin “Payız yağmurları” ilə gözləri, könülləri şad etməyə gəlmişik. Mən “gəl­mişik” sözünü təsadüfən işlət­mədim – inanıram ki, “Payız yağmurları”nın gəlişi var, gedişi yox. İna­nıram ki, bu kitab oxucuların masaüstü kitablarından olacaq, kitabxanalarımızda tez-tez müraciət edilən nəşrlərdən biri olacaq və öz gəlişi ilə yeni körpülərin qurulmasına, yeni könüllərin fəthinə xidmət edəcək.

“Payız yağmurları”nı bir neçə baxımdan fərq­lən­dirə bilərik:

-Bu, Razil Vəliyevin Azərbaycanda çıxan ilk ki­ta­bı­dır;    

-“Payız yağmurları” öz adı, içərisi etibarı ilə il­hamverici, inamverici və zövqaşılaycıdır;

-Kitab məhz şeirlər kitabıdır – buradakı şeirlər həm söz sənətinin əzəli-əbədi mövzularına üz tutmasına görə, həm sənətkarlığına görə, əlbəttə, həm də, bi­zim türkcəmizə yaxşı uyğunlaşdırıldığına görə məmnun­luq verir;

-Xalq şairinin bu kitabı qardaş tatar xalqının etno­qrafik yaddaşından süzülüb gələnləri, Avrasiyanın mərkəzində yerləşən Kazandan dünyaya, hadi­sə­lə­rə, insanlığa baxışı sərgiləyir;

-Razil Vəliyevin şeirlər kitabı Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və xətti ilə gün üzü görüb – bu da, yalnız Azərbaycan oxucusunu deyil, gələcəkdə başqa qardaş ölkə və topluluqlara da (və daha çox gənc nəsil ünvanlı!) şeir, kitab, könül səfərləri vəd edir; 

– Əlbəttə, başqa fərqli məqamlardan da danışa bi­lərik, qoy, oxucuların yerinə qərarı biz verməyək: nə necədirsə, ən yaxşısını şairin (şeirin!) özü de­yir..!

Şair deyir:

“…Fırçamı rəngə boyayım,

Göy, gömgöy rəngə…” (“Rəsm”)

-məncə, dünyagörmüş bir Xalq şairinin rəng seçimi heç təsadüfi deyil. Gəlin inanaq ki, diləklərimiz çin olacaq, göyərib, boy atacaq, böyüyəcək.

  Şeirimizin Qoca Çinarları, Ədəbiyyatımızın Dədə Palıdları var olsun!

  Kazana – Avrasiyanın mərkəzinə Bakıdan – dünya­nın mərkəzindən salam-sayğılarla!