Bakı Atatürk Liseyində 2016-cı ilin Aprel döyüşlərinin 3-cü ildönümü ilə bağlı tədbir keçirilib

Eylem Gültəkin: Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini nəinki Ermənistana, bütün dünyaya bir daha nümayiş etdirdi 
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 2016-cı ilin Aprel döyüşlərinin 3-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. 
Tədbirdə çıxış edən Bakı Atatürk Liseyinin müdiri Eylem Gültəkin 2016-cı ilin aprelində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbədən danışıb. Qeyd olunub ki, Aprel zəfəri Azərbaycan xalqının Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını, Azərbaycan Ordusunun daim döyüşə hazır olduğunu göstərdi. 2016-cı ilin Aprel döyüşləri həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun böyük qələbələr qazanmağa qadir olduğunu sübut etdi. 
Liseyin müdiri deyib ki, təkcə Azərbaycanda deyil, eyni zamanda Türkiyədə və bütün Türk dünyasında da qürur doğuran Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini nəinki Ermənistana, bütün dünyaya bir daha nümayiş etdirdi: “Dünya Azərbaycan Ordusunun bu döyüşlərdə yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinin şahidi oldu”. 
Sonra çıxış edən liseyin müəllimi Vilayət Qurbanov 2016-cı ilin Aprel döyüşlərini işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi xarakterizə edib, bu döyüşlərin gənclərdə həmrəylik, vətənpərvərlik tərbiyəsinin və milli ruhun gücləndirilməsində böyük rolundan danışıb. Bildirilib ki, ordumuz bu döyüşlərdə ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə qadir olduğunu sübut edib.
Tədbir liseyin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

122 Baxılıb