Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Aprel şəhidlərinin xatirəsi anılıb

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada Sumqayıt şəhər MKS-ə daxil olan kitabxanaların oxucuları arasında bədii qiraət müsabiqəsi keçirilib. Metodist Natəvan Axundzadə müsabiqənin məqsədi, əhəmiyyəti və şərtləri barədə məlumat verib, münsiflər heyətini təqdim edib. Sonra müsabiqə iştirakçılarının ifasında şairlərimizin vətənə, qəhrəmanlarımıza həsr olunmuş şeirləri dinlənilib. Münsiflərin yekdil rəyinə görə I yerə Ə.Vahid adına kitabxananın oxucusu Roza Xəlilova, II yerə S.Vurğun adına MK-nın oxucusu Mehrəngiz Qurbanova və MK-nın Uşaq şöbəsinin oxucusu Ayan Ağayeva, III yerə Uşaq şöbəsinin oxucusu Fidan Cavadlı və Mərkəzi Uşaq Kitabxanasının oxucusu Əminə Bağırova layiq görülüb. Müsabiqənin qalibləri fəxri fərmanlarla mükafatlandırılıb. Sonda Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova cıxış edərək qalibləri təbrik edib.

Mərkəzi Uşaq Kitabxanasında “Unudulmaz el yolunda canı qurban olanlar” adlı xatirə günü keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən, tarixi əhəmiyyətindən danışıb, Milli Qəhrəman Murad Mirzəyev və sumqayıtlı igidlərimiz: Raquf Orucov, Əbdülməcid Axundov, Şulan Bayramov, Murad Məmmədov, Seymur Baxışovun qısa, lakin şərəfli ömür və döyüş yolu haqqında məlumat verib. Daha sonra mövzu ilə əlaqədar çıxışlar dinlənilib, oxucuların ifasında “Şəhidlər Vətənin qələbə rəmzi” adlı kompozisiya, aprel döyüşlərinə həsr edilmiş videoslayd və videofilm nümayiş olunub, kitab  sərgisi haqqında məlumat verilib.

Bülbül adına Uşaq İncəsənət məktəbində aprel şəhidi Əbdülməcid Axundova həsr edilmiş xatirə gecəsi keçirilib. Xatirə gecəsində şəhidin qısa ömür yolu və şücaəti haqqında danışılıb, şəhidin anası Ceyran Axundova çıxış edərək  oğlu haqqında öz xatirələrini bölüşüb. Sonda şəhidə həsr edilmiş “Mən səninləyəm Ana Vətən” adlı film nümayış etdirilib, Şəhidlər xiyabanı ziyarət olunub.

C.Cabbarlı adına mədəniyyət evinin kollektivi şəhidlər xiyabanında anım tədbiri keçirib. Tədbirdə aprel döyüşləri, zabit və əsgərlərimizin qəhramanlığı, qazanılan qələbələrdən danışılıb. Sonra mədəniyyət evinin dərnək üzvlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.

Xızı rayon Giləzi qəsəbə Mikayıl Müşfiq adına orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Giləzi qəsəbəsində doğulmuş, aprel döyüşləri zamanı espor qəhrəmancasına şəhid olmuş Ravil Novruzovun məzarı önündə anım tədbiri keçirilib. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Mönsüm Bağırov çıxış edərək aprel döyüşləri və şəhid Ravil Novruzovun igidliyindən danışıb. Sonra yaxınları şəhidlə bağlı xatirələrini bölüşüb. Daha sonra Ravil Novruzovun anası Nargilə Novruzova tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Sonda şagirdlərin ifasında şəhidə həsr olunmuş şeirlərdən ibarət ədəbi-bədii kompazisiya nümayiş etdirilib.

Qeryd edək ki, anım tədbirləri hərbi hissələrdə və klub müəssisələrində davam edəcək.

Sumqayıt Regional Mədəniyyət  idarəsinin

Mətbuat xidməti