Azərbaycan gəncləri “Don’t be silent to violence” adlı Erasmus+beynəlxalq təlimində Azərbaycanı təqdim ediblər

Türkiyənin Ankara şəhərində həyata keçirilən “Don’t be silent to violence” adlı Erasmus+ beynəlxalq təlim kursunun ilk günündə Beynəlxalq layihədə Azərbaycan Respublikasının təqdimatı keçirilib. İlk olaraq Azərbaycan Respublikasının himni səsləndirilib.

Təqdimat zamanı beş ölkədən olan layihə iştirakçılarına (İtaliya,Rumıniya,Tunis, İsveç və Türkiyə) ecazkar bir diyar – Azərbaycan, onun təkrarsız təbiəti, çoxəsrlik mədəniyyəti, tarixi, bu diyarın qədim sakinləri və həyatı, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələri təqdim olunub.

Sonra layihə iştirakçılarına ölkəmiz ilə bağlı videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın zəngin tarixi və mədəniyyəti,son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar, ölkədəki mövcud dini dözümlülük və multikulturalizm mühiti, bütün ölkələrlə beynəlxalq əməkdaşlığa dair prinsiplərə sadiqlik, idman və mədəniyyət sahəsində keçirilən  beynəlxalq tədbirlər, ölkəmizin turizm imkanları barədə məlumatlar yer alıb.

Azərbaycana aid təşkil olunan stenddə  Azərbaycan təamları,suvenirlər və Azərbaycan haqqında çap materialları, o cümlədən ölkəmizin turizm imkanları barədə bukletlər, jurnallar, broşürlər nümayiş etdirilib.

Qeyd edək ki, layihə aprel ayının 10-una qədər davam edəcək və bu layihədə Gəncə şəhərindən ADAU-nun tələbələri Şamil Möylayev və Valeh Əsədov iştirak edirlər.

Layihədə Azərbaycan ümumilikdə 5 nəfər gənc ilə təmsil olunur.

176 Baxılıb