“İslahatlar həmişə müqavimətlə qarşılanır” – Səməd Seyidovdan maraqlı açıqlamalar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası zəngin olacaq. Müxtəlif məsələlərin müzakirəsi gözlənilir. Avropa Şurasının gündəliyində birbaşa Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məsələ yoxdur. Amma AŞPA-nın iki komitəsinin – İnsan hüquqları və Monitorinq komitələrinin Azərbaycanla bağlı birgə dinləmələri olmalıdır. O dinləmələrdə həm Azərbaycandan gələn ekspertlər, həm Avropa Şurasının dəvət etdiyi şəxslər, həm də nümayəndə heyətinin üzvləri iştirak edəcək. Müzakirələr açıq keçiriləcək”.

Türküstan.info xəbər verir ki, bu barədə Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov azadliq.org-a müsahibəsində bildirib.  

O qeyd edib ki, Azərbaycanda son illər insan hüquqları sahəsində xeyli işlər görülüb:

“2017-ci ildən başlayaraq Azərbaycanın prezidenti tərəfindən Cinayət Məcəlləsi humanistləşdirilib, əfv sərəncamları verilib. Sonuncu əfv sərəncamı isə əhatəli bir sənəddir. Bundan sonra da bir neçə addım atıldı. Məsələn, deyirdilər İlqar Məmmədovla bağlı məsələlər başa çatdırılmayıb. İndi isə şərti azadlıqdan məhrumetmə, başqa məhdudiyyətlər aradan götürüldü. Nəhayət, cənab prezidentin məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı imzaladığı sənəd çox vacibdir, məhkəmə sisteminin içərisində hüquq və insan haqlarının inkişaf etdirilməsinə birbaşa xidmət edən fərmandır. Bunu heç kim inkar edə bilməz, islahatlar yüksək səviyyədə gedir. Bu yaxınlarda mən ABŞ-dan qayıtmışam, orda da dedim ki, islahatlar daha geniş və dərin şəkildə gedəcək. Biz bunun əyani şahidlərinə çevrilirik”.

Nümayəndə heyətinin rəhbəri daha sonar bildirib:

“Mən isə siyasətlə məşğul olan, parlamenti təmsil edən şəxs kimi, nümayəndə heyətinin rəhbəri kimi ümumi şəkildə qeyd edə bilərəm ki, islahatlar hər zaman müqavimətlə qarşılanır. Məni millət vəkili, Azərbaycanı təmsil edən şəxs kimi narahat edən odur ki, bəzən bu yüksəksəviyyəli fərmanlara, atılan addımlara, islahatlara kölgə salmaq üçün onları imitasiya kimi təqdim edirlər. Guya bu islahatların arxasında ciddi niyyət yoxdur və s. Bu dövrdə xeyli insan aktivləşir, bunların əlindən bəzi məsələlər çıxdığından xırdaçılığa getməyə, nələri isə qabartmağa çalışırlar. Bir daha deyirəm ki, Azərbaycanda siyasi iradə ən yüksək səviyyədə ortaya qoyularaq həm məhkəmə, həm hüququn tətbiqi, həm də başqa istiqamətlərdə islahat aparılır. Bunu heç kim inkar edə bilməz. Bu prosesə don geyindirmək doğru olmazdı. Bu proses, islahatlar həm Azərbaycana, həm də beynəlxalq təşkilatlara vacibdir. Əminəm ki, beynəlxalq təşkilatlar nə qədər tənqidi çıxış etsələr də, onlar da islahatların öz bəhrəsini verməyə başladığını başa düşürlər. Ancaq hər şeyi birdən etmək mümkün deyil. Bu istiqamətdə daha əhatəli addımlar da atılacaq”.

ABŞ-a səfəri barədə danışan S.Seyidov Azərbaycan-ABŞ dostluq qrupunun rəhbəri olduğunu xatırladıb:

“Bizim konqresmenlərlə, Dövlət Departamentində açıq söhbətimiz oldu. Bu məsələlər yüksək səviyyədə qarşılandı, yəni həm islahatlar, həm də Azərbaycanın Qərb istiqamətində apardığı addımlar dəstəkləndi. Bir müddət əvvəl NATO-da, Vaşinqtonda Azərbaycanla bağlı səslənən fikrilər bunun birbaşa sübutudur”.

 

166 Baxılıb