“Aytmatov – imperiyanın son yazıçısı” kitabı Azərbaycan dilinə tərcümə edilib

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə “Aytmatov – İmperiyanın son yazıçısı” kitabı Azərbaycan dilinə tərcümə edilmişdir. Əsərin müəllifi Osmonakun İbraimovdur.
Osmonakun İbraimov 5 yanvar 1954 – cü ildə Oş vilayətinin Kara- Kulca rayonunun Alayku kəndində anadan olmuşdur. İxtisasca filoloqdur (rus dili və ədəbiyyatı), elmi maraqları çərçivəsində sovet dövrünün qırğız ədəbiyyatı tarixi, nəzəriyyəsi və tənqidi ilə məşğuldur. Elmlər doktoru (1992), professordur(1994). Şanxayın beynəlxalq münasibətlər universitetinin fəxri doktorudur. (2008) Esseist, publisist və görkəmli qırğız təndiqçilərinindən biri kimi tanınır. “Ədəbi klassikanın müasir həyatı”, “Baxış”, həmçinin “Tarix və Poeziya” monoqrafiyası kimi ədəbi tənqid kitabları nəşr edilib. O.İ.İbrahimov “XX əsrin qırğız ədəbiyyatı tarixi” (2 cilddə), “Qırğız poeziyasının tarixi”, “Çingiz Aytmatov” (Görkəmli şəxsiyyətlərin həyatı seriyasından), “Aytmatov – İmperiyanın son yazıçısı” və s. kitablarının da müəllifidir. O, tarixi mütəfəkkir və siyasi analitik kimi fəal çıxışlar edir, qırğız siyasi tarixi haqqında olan “Tarixin sınağı” (Moskvada dərc edilmiş), “Qırğız Odisseyası: imperiyadan əvvəl və sonra” kitabları bunun sübutudur. Müəllifin bir sıra yazıları ingils, çin, türk dillərinə tərcümə edilib. QR-nın Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcəsi var. “Manas” ordeni ilə mükafatlandırılıb. O. İbrahimov – görkəmli dövlət xadimi, müstəqil Qırğızıstanın ilkin nəsil siyasətçilərindəndir. Baş nazirin müavini (1993-1996), QR-nın Hindistanda, Banqladeşdə, Şri-lankada və Nepalda (1996-1999) səfiri olub. Qırğızıstan Respublikasının dövlət katibi vəzifəsində çalışıb (2000-2005). Əsərlərini qırğız və rus dillərində yazır.
Əsəri rus dilindən Azərbaycan dilinə Azərbaycan Respublikası yazıçılar Birliyinin üzvü  Günel Xəzəl tərcümə etmişdir.
Türkdilli dövlətlərin siyasətinə dəstək fondu hesab edir ki kitabın Azərbaycan dilinə tərcüməsi Qırğızıstan Azərbaycan mədəni əlaqələrinin inkişafında böyük rol oynayacaqdır. Qeyd edək ki bu, fondun tərcümə etdirib, nəşr etdirdiyi 113 cü kitabıdır. Xatırladaq ki fond öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yaymağı planlaşdırır