Deputat Asim Mollazadə: “Sovet məmur özbaşınalığı ənənələrinə son qoyulmalıdır” -MÜSAHİBƏ

Bu yaxınlarda ABŞ-da səfərdə olan Milli Məcisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “AzPolitika.info” saytına maraqlı müsahibə verib.

“Türkwstan.info” həmin müsahibəni oxuculara təqdim edir:

– Asim bəy, Amerika səfəriniz hansı məqsədlə həyata keçirilirdi, bu, Milli Məclis xətti ilə olan səfər idi, yoxsa sırf tədbirə dəvət olunmuşdunuz?

– Azərbaycan-Amerika Dostluq Qrupunun üzvləri olaraq ABŞ Konqresində və Senatındakı həmkarlarımızla görüşlər keçirmək, Azərbaycan-Amerika münasibətlərini müzakirə etmək və Azərbaycanın həyata keçirdiyi mühüm strateji prinsiplərlə bizim tərəfdaşlarımızı tanış etmək niyyəti ilə edilən səfər idi. Bu səfər zamanı biz Senatda, Konqresin Nümayəndələr Palatasında görüşlər keçirdik. ABŞ-Azərbaycan münasibətləri ilə bağlı vəziyyətlə, mövqelərlə bir daha tanış olduq, mövcud problemləri müzakirə etdik.

Əslində, Amerika Azərbaycanın strateji təhlükəsizlik məsələlərində əməkdaşlığını çox yüksək qiymətləndirir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində fəaliyyəti Amerikada çox önəmli məsələ kimi qəbul olunur. ABŞ-da Azərbaycanın yeni və strateji nəqliyyat dəhlizini formalaşdırmasını bilirlər və bu, ABŞ-ın maraqlarını uyğundur. Onlar bu məsələ ilə bağlı Azərbaycana öz minnətdarlıqlarını bildirirlər.

Biz, Azərbaycanın çox önəmli olan dəyərləri barədə amerikalı tərəfdaşlarımız və dostlarımızı məlumatlandırdıq. Söhbət Azərbaycanda əsrlər boyu mövcud olan fərqli dinlərin, fərqli etnik qrupların əməkdaşlıq və tərəfdaşlıq ənənələrindən gedir ki, Azərbaycan bu baxımdan bir sıra ölkələr üçün nümunə ola bilər. Və ABŞ-da bizim bu dəyərlərimiz çox yüksək qiymətləndirilir.

Biz, bunlarla yanaşı, ABŞ-ın nüfuzlu yəhudi təşkilatı olan AİPAC-ın illik konqresində də iştirak etdik. Bir sıra görüşlər zamanı Azərbaycanın min illərdir ki, yəhudilərlə qardaşlıq və əməkdaşlıq əlaqələrinin olduğu ifadə edildi. Həmçinin, bu əlaqələrin Amerika-Azərbaycan-İsrail münasibətləri üçün də önəmli olduğu vurğulandı. Hesab edirəm ki, bizim səfərimiz çox uğurlu oldu. Qarşımıza qoyulan məqsədlərə çatdıq, dostlarımızla bir daha görüşdük və gələcək əməkdaşlıq barəsində də ciddi müzakirələr apardıq.

– Həmkarınız Səməd Seyidovun “Azərbaycan islahatlar aparmaq üçün ABŞ-dan dəstək istəyir” şəklində bir ifadəsi sosial şəbəkələrdə ciddi müzakirə olundu…

– Səməd müəllim bir sıra fikirlər səsləndirib. Bildiyiniz kimi, Azərbaycanda çoxşaxəli iqtisadi və sosial sahələr üzrə islahatlar başlayıb. Bununla yanaşı, mən də müəyyən fikirlərimi ifadə etdim.

– Yəni səfərin məqsədi həm də aparılan islahatlara dəstək almaq idi?

– Yox. Məqsəd Azərbaycan-Amerika münasibətlərini genişləndirmək və Azərbaycan-Amerika parlamentlərarası əməkdaşlığı gücləndirmək idi. Səməd Seyidov isə islahatlarla bağlı dostlarımıza kifayət qədər geniş məlumat verdi, onları məlumatlandırdı ki, Azərbaycanın strateji inkişafı istiqamətləri üzrə zəruri islahatlar həyata keçirilir. Mən də bəzi məsələ ilə bağlı danışdım.

– Hansı məsələlərlə?

– Bizim dostlar hər zaman sual edirlər ki, biz sizə necə kömək edə bilərik? Mən də qeyd etdim ki, ən əsas məsələ Azərbaycanın təhsil sisteminin səviyyəsini qabaqcıl standartlara qaldırmaqdır. Çünki islahatları həyata keçirmək üçün bacarıqlı menecerlərə ehtiyac var. Söhbət biznes, ictimai, siyasi, iqtisadi sahələr üzrə savadlı menecerlərdən gedir. Bunun üçün yüksək səviyyəli təhsil, peşəkarlıq və yüksək mədəniyyətə ehtiyac var. Bu istiqamətdə Azərbaycan təhsil sisteminin inkişafı vacibdir. Çünki biz bu mütəxəssisləri Azərbaycanda yetişdirməliyik. Deməli, Azərbaycan universitetləri ilə Amerika universitetləri arasında əməkdaşlıq genişləndirilməlidir. Eləcə də, mədəni sahədə əlaqələr inkişaf etməlidir. İslahatların təməli bu sistem üzərində qurulur. Bu səbəbdən də, qeyd etdim ki, Azərbaycanın islahatları gücləndirməsi, həyata keçirməsi üçün ABŞ bizim təhsil sisteminin inkişafına öz dəstəyini verə bilər.

– Sizin başqa bir açıqlamanız daha ciddi müzakirə olundu. Mən məmurlar haqqında dediyiniz ifadələri nəzərdə tuturam…

– Əslində burada yeni bir şey yoxdur. Mən bu fikirlərimi Bakıda da deyirəm. Bildirirəm ki, biz sovet idarəetmə təfəkküründən və sovet idarəçilərindən xilas olmalıyıq. Məmurların xalqın qarşısında ciddi öhdəlikləri olmalıdır və onlar bilməlidirlər ki, məhz xalqa xidmət edirlər. Və sovet məmur özbaşınalığı ənənələrinə son qoyulmalıdır. Mənim bu sözlərimdə yenilik yoxdur və siz dəfələrlə bu sözləri məndən eşitmişiniz.

– Ancaq bu sözlərin Amerikada dilə gətirilməsi xüsusi maraqla qarşılandı. Sizcə, niyə?

– Mən bu fikirlərimi həm Amerikada, həm Avropada, həm də dünyanın hər yerində deyirəm. Bildirirəm ki, keçmiş sovet ölkələrinin inkişafı və güclənməsi üçün sovet təfəkkürünə son qoyulmalıdır. Və müstəqil dövlətlər öz müasir idarəetmə sistemini formalaşdırmalıdırlar. Məmur özbaşınalığı hər bir dövləti zəiflədən amildir, onlar peşəkarlarla əvəzlənməlidir. Mən bu fikirlərimi hər yerdə deyirəm. Çünki məhz müasir təhsil sistemi dünya mədəniyyətini Azərbaycan milli mədəniyyəti ilə qovuşduraraq yeni bir sistem yarada bilər. Və biz sovet ənənələrindən xilas olmalıyıq. Çünki bu, Azərbaycanın müstəqilliyinə olan ən böyük təhlükədir.

– Bu fikirlərinizə görə sizə etiraz edən olubmu?

– Xeyr. Mən tənqidlər eşitməmişəm. Əksinə, gənclərdən dəstək görmüşəm. Mən düşünürəm ki, ölkəmizin gücü məhz gənclərin inkişaf perspektivi ilə bağlıdır, onların idarəetmədə, ölkəmizin hər bir sahəsində güclü mövqelər tutmasına ehtiyac var. Ölkəmizin müasir, müstəqil və demokratik dövlət kimi inkişafı üçün islahatlara ciddi zərurət var.

– Azərbaycan prezidentinin məhkəmə hakimiyyətində islahatların aparılmasına dair qərarı olub. Buna münasibətiniz necədir?

– Mən bu addımları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bunların hamısı zəruri addımlardır. Mən sosial sahədə atılan addımları da əhəmiyyətli sayıram. Düşünürəm ki, şəhid ailələri, müharibə əlilləri, müharibə veteranlarına olan münasibət hər bir dövlətin silahlı qüvvələrinə olan töhfəsidir. Azərbaycan çox ciddi təhlükələrlə üzləşib və Azərbaycan dövlətini gücləndirmək üçün məhz bu təbəqəyə sosial dəstəyin ifadə edilməsi, habelə digər sosial layihələrin həyata keçirilməsi müsbət addımlardır. Bunu əhəmiyyətli sayır və müsbət hesab edirəm. Ümid edirəm ki, bu proses davam edəcək.

– Amerika-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Həqiqətənmi bu əlaqələr yüksək səviyyədədir?

– Bəli. Lakin onu da qeyd edim ki, bunu istəməyən qüvvələr də çoxdur. ABŞ-da çox peşəkar, güclü və zəngin erməni diasporu bu münasibətləri pozmaq üçün əlindən gələni edir. Hər şeydən istifadə edirlər. Erməninin arxasında duran digər qüvvələrə bağlı olan şəxslər Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Baxın, erməni diasporunun ən güclü olduğu ölkələr ABŞ, Fransa və Rusiyadır. Bu ölkələr həm də Minsk Qrupunun həmsədrləridir. Bəlkə bu diasporun fəaliyyəti nəticəsində indiyə qədər həmsədrlər institutu real nəticələr əldə edə bilməyib. Azərbaycanın dünya, nüfuzlu ölkələrlə münasibətlərini pozmaq istəyən əsas bu qüvvədir. Mən bu müharibəni qarşımızda mühüm hədəf kimi görürəm. Müharibə təkcə səngərdə getmir, bütün cəbhədə gedir. Azərbaycanı zəiflətmək, problemlər yaratmaq istəyən qüvvələr kifayət qədər güclüdürsə, deməli, biz də səfərbər olmalıyıq. Həm rəsmi diplomatik, həm parlament diplomatiyası sahəsində. Mən istərdim ki, dünyada Azərbaycanın dostlarının şəbəkəsi güclənsin ki, bizə qarşı olan yalan kampaniyasında özümüzü müdafiə edə bilək.

– Bəs Azərbaycan-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz?

– Azərbaycanın bütün qonşuları, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq, münasibətləri inkişaf etdirmək istəyi var. Azərbaycan bu istiqamətdə bütün zəruri addımları atıb. Təbii olaraq problemlər hər zaman mövcuddur. Rusiyada da Sovet İttifaqı xülyası ilə yaşayan qüvvələr var ki, onlar keçmiş sovet dövlətlərinin müstəqilliyini istəmirlər. Problemlər oradan gəlir. Bir daha təkrar edirəm ki, Rusiya erməni diasporunun ən güclü olduğu məkanlardan biridir. Onların da Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün fəaliyyəti göz önündədir.

226 Baxılıb