Asəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)

Kəmalə Səlim Müslümqızı

Araşdırmaçı publisist

Hər zaman məni düşündürən bir suala cavab tapmaq istəyirəm. Biz nədən bu qədər biganəyik? Səməd Behrəngini dəfələrlə hədələyirlər, işdən çıxarırlar, maaşını kəsirlər, ucqar kəndə sürgün edirlər, nəhayət “Balaca qara balıq” yazılıb məşhur olan kimi çayda boğurlar, ölüm aktını dəyişdirirlər. Biz bunu hələ də ehtimal kimi qəbul edirik. Şıxəli Qurbanovu nəzarətə götürür, izləyir, xəbərdarlıq edirlər. Müalicə üçün getdiyi stomatoloq dişinə iynə vuran kimi elə oradaca dünyasını dəyişir. Sonradan zəhərlənməsi məlum olsa da açıb-ağartmırıq. Asəf Zeynallı da erməninin əliylə ölümə göndərilib, amma hələ də bunu nə yazır, nə də işıqlandırırıq. Bəstəkarın qardaşı qızıyla söhbətləşəndə düzü məəttəl qaldım. Axı indi ki sovet hakimiyyəti yoxdur. O dəmir qanunlar çoxdan yıxılıb, bəs niyə həqiqətlər gün işığına çıxarılmır? Niyə bu dəyərli şəxsiyyət haqda həmişə eyni yeknəsəq məlumatlar təkrarlanır? Həqiqət bu qədər əlçatan olduğu halda 87 il niyə susmuşuq? Beləliklə, Ariadna yumağımı götürüb labirintə daxil oluram.

Azərbaycan bəstəkarlıq məktəbinin ilk təməlçilərindən və görkəmli simalarından biri, adı  Azərbaycan Dövlət Konservatoriyasının ilk professional ali musiqi təhsili almış bəstəkarı kimi tarixə yazılan Asəf Zeynallının anadan olmasının 110 illiyidir. O, 1909-cu il aprelin 5-də Dəmirqapı Dərbənddə, ailəsini ağır zəhmətlə dolandıran bağban Zeynalabdin Zeynallının ailəsində dünyaya göz açıb. Anası Əsbənd xanım şəhərdəki fabriklərin birində toxucu işləyir, ailəin dolanışığına kömək göstərirdi. Asəf üçüncü-sonbeşik oğul idi. Əhəd və Cəfər adlı böyük qardaşları var idi. 1910-cu ildə, Asəf bir yaşında olarkən ailəyə bədbəxtlik üz verir, atası dünyasını dəyişir. İki nəfərin güclə dolandırdığı ailənin qayğıları indi Əsbənd xanımın çiyinlərinə düşür. Belə bir vəziyyətdə Asəfin uşaqlıq illəri çox ağır keçir.

Əsbənd xanım xalq musiqimizin mahir bilicisi idi. O, qarmonda çox gözəl ifa edər, ailənin sıxıntısını, məhrumiyyətlərini unutdurmağa çalışardı. Asəfin anasının qarmon çalmasından çox xoşu gələrdi. Körpəykən eşitdiyi musiqinin cazibəsi onda musiqiyə bağlılıq və həvəs yaradırdı. Beləcə, Əsbənd xanımın ifa etdiyi xalq mahnı və rəqsləri balaca Asəfin musiqi tərbiyəsinin, duyumunun və musiqi sevgisinin ilk təməlinə çevrilirdilər. Xatirələrdən məlum olur ki, bu hal Asəfin ömrünün sonuna kimi dəyişmədi: Sonbeşiyinin qanı qaraldığında anası məhz bu yolla onun könlünü alar, dərd-qəmini dağıdardı.

Maddi sıxıntı içində olmalaraına rəğmən Əsbənd xanım övladlarının təhsilini axsatmır və Asəfi 7 yaşında Dərbənd Realnı məktəbinə qoyur. O dövrün qabaqcıl təhsil ocaqlarından sayılan “Realnı məktəblər” mükəmməl ümumi təhsil verirdi. Asəf ilk günlərdən təhsilə bağlanır, hər zaman müvəffəq qiymətlər almasıyla bərabər ictimai işlərdə də fəallıq göstərir. Musiqiyə olan sonsuz həvəsi onu Realnı məktəbdəki nəfəs alətləri dərnəyinə və orkestrə gətiriır. Orkestrdə kornetdə çalmağa başlayır və tezliklə bu alətdə ifa texnikasını təkmilləşdirir. Onun musiqi-ifaçılıq qabiliyyəti, musiqiyə ciddi marağı və istedadı ilk dəfə məhz burada özünün büruzə verir.

1920-ci illərin əvvəllərində Dərbənddəki dözülməz vəziyyət Asəfin də ailəsindən yan keçmir. Daha da yoxsullaşan, işsiz qalan Zeynallılar ailəsi, daha doğrusu, ailənin başçısı Əsbənd xanım övladlarını götürüb Bakı şəhərinə köçməyi qərara alır. Sosialist inqilabı bir imperiyanı yıxıb yerində başqasını yaratsa da, pulsuz təhsilə yaranmış şərait kasıb ailələrin övladlarının üzünü güldürdü. Asəf Bakıda 9 illik məktəbə daxil olur. Musiqiyə olan böyük maraq onu hərbi məktəbin nəzdindəki orkestrə gətirir. Orkestrin rəhbərliyi onun qabiliyyətini yüksək qiymətləndirir və o, tez bir zamanda kornet və truba ifaçısı kimi nəfəs alətlərində çıxış etməyə başlayır. Sonra böyük qardaşı Cəfər onu Üzeyir bəyin rəhbərlik etdiyi musiqi məktəbinə gətirir. Onun ifasını dinləyən Üzeyir bəy  “Bu əsl talantdır ki”,- deyə heyrətini bildirir. Sonra əlavə edir: “ İstedadlı oğlandır, o burada oxumalıdır”. Cəfər Zeynallı deyirdi ki, Asəfin xoşbəxtliyi onda idi ki, o, Üzeyir bəyə rast gəlmişdi. Böyük bəstəkarımızın adı onun dilinin əzbəri idi. Asəf həmişə deyərdi: “ Üzeyir bəy bizim mənəvi atamızdır”.

Asəf Zeynallı Üzeyir Hacıbəyovun sevimli tələbəsi olmuş və peşəkar karyerasının formalaşmasında ən mühüm addımlarını bu dahi bəstəkarın atalıq qayğısı sayəsində atmışdır. Üzeyir bəy hər zaman onun istedadını yüksək qiymətləndirmiş və onun simasında Azərbaycanın parlaq gələcəyə malik bir bəstəkar və musiqiçisi yetişdiyini qeyd etmişdir. 23 illik qısa ömründə bir sıra ilklərə imza atan bəstəkarın yaradıcılığı çoxşaxəli və çox zəngin olmuşdur. Asəf  Zeynallı simfonik orkestr üçün yazdığı “Fraqmentlər” əsəri ilə Azərbaycanda ilk dəfə simfonik janrın əsasını qoymuşdur. Onun fortepiano  pyesləri isə Azərbaycan fortepiano musiqisinin və uşaqlar üçün yazılmış musiqi əsərlərinin ilk nümunələri hesab oluna bilər.

Asəf Zeynallının yaradıcılığı uşaq musiqi məktəblərindən tutmuş ali musiqi məktəblərinəcən tədris olunsa da, Əməkdar İncəsənət Xadimi, pedaqoji elmlər namizədi, professor Nazim Kazımovun bəstəkarın yüz illik yubileyi ərəfəsində, 2009-cu ildə çap etdirdiyi monoqrafiyaya qədər haqqında sanballı heç bir əsər yazılmayıb.

İlk professional musiqi təhsilli görkəmli Azərbaycan bəstəkarı, təcrübəli pedaqoq və musiqi xadimi, musiqi folklorumuzun toplayıcısı  və tədqiqatçısı, bir çox musiqi alətlərinin mahir ifaçısı, musiqimizin alovlu təbliğatçısı, yaranışından ölməzlik qazanmış məşhur “Ölkəm” romansının müəllifi Asəf  Zeynallı Azərbaycan professional bəstəkar musiqisinin təşəkkülü və tərəqqisində xüsusi zəhməti və xidmətləri olan sənətkarlarımızdandır. (Nazim Kazımıov)

23 illik qısa həyat və 7 illik yaradıcılığı ərzində parlaq və tükənməz istedadı, musiqi sənətinə sonsuz məhəbbəti, güclü həyat və yaradıcılıq enerjisi sayəsində yazdığı dəyərli əsərlərilə ilə öz adını əbədi olaraq Azərbaycanın mədəniyyət tarixinə həkk edib. O, başqalarının on illər ərzində görə bilmədiyi işləri qısa zaman kəsiyində reallaşdırmış, xalqının sevgisi qazanmaqla bərabər eyni zamanda hamının heyrətinə də səbəb olmuşdur. “Ölkəm” romansı haqda layiq olduğu təriflər çox söylənilmişdir. Əfsuslar olsun ki, bu uğur onun digər əsərlərini kölgədə qoymağa xidmət etmişdir. Və bunun bilərəkdən olmasına heç bir şübhəm yoxdur. Çünki onun digər əsərləri də sənətkarlıq baxımından “Ölkəm” romansından geri qalmır.

Asəf Zeynallının musiqi yaradıcılığının fərdi üslüb xüsusiyyətini xəlqilik və millilik təşkil edir. Azərbaycan xalq musiqisini böyük məhəbbətlə sevən və ona dərindən bələd olan istedadlı bəstəkarın bütün əsərlərində xalq musiqisinin milli ruhu duyulur. 

Asəf Zeynallı öz yaradıcılığında Qərb musiqisinin formalarını və janrlarını Azərbaycan xalq musiqisinin ifadə vasitələri ilə əlaqələndirmiş, onların uğurlu sintezinə nail olmuş və beləliklə, Üzeyir Hacıbəyov  və Müslüm Maqomayev ilə birlikdə Azərbaycan milli bəstəkarlıq üslubunun təməlçilərindən biri olmuşdur.

Mənə türk qadınlarının kişilərlə birlikdə təhsil alması məsələsini bütün məktəblər içərisində birinci olaraq həll edən Türk Musiqi Məktəbini idarə etmək şərəfi nail olmuşdur. Məktəbin ilk şagirdlərindən biri mərhum Azəf Zeynallı idi. O, dərs ilinin ilk günlərindən özünü fəal şagird, musiqi təhsili almağa böyük həvəs göstərən bir gənc olduğunu göstərir. Bir il sonra məktəbdə təşkil olunan konsertlərdə truba ilə çıxış edir. İstedadlı şagirdlərə xüsusi fikir verən müdiriyyət Asəfə violençel sinfinə keçməyi məsləhət görür. (!) Bu sinifdə Asəfin rəhbəri məşhur violençel müəllimi, professor Oborokov idi. Asəf violençel çalmaqda böyük müvəffəqiyyət qazanır, şagird orkestrində iştirak edir, konsertlərdə solo ilə çıxış edir. O, violençel sinfində oxumaqla bərabər, fortepiano çalmağı da öyrənir və çox qabiliyyətli bir şagird kimi xüsusi fortepiano sinfinə keçirilir, burada türk Musiqi texnikumunun ən yaxşı müəllimlərindən biri olan N.V. Jenetskayanın rəhbərliyi ilə ikinci bir ixtisas öyrənir. Asəfin nəzəri məşğələlərinə (elementar nəzəriyyə və 1-2- ci harmoniya) mən rəhbərlik edirdim. Eyni zamanda öz şagirdimin diqqətini türk xalq musiqisi ladlarının əmələ gəlməsinə və iki musiqi sistemi (ərəb-fars və Avropa) arasındakı fərqlərə yönəldirdim. (Üzeyir Hacıbəyov)

 Üzeyir bəy Asəfin bir neçə musiqi alətində ifa etmək bacarığını aşkarlayan kimi onun potensialını operativ surətdə üzə çıxarmaq üçün dərhal violençel sinfinə keçirilməsini təmin edir. Ancaq təvazökarlıq edərək, mən etdim yox, rəhbərlik etdi yazır. Azəfin bütün yaradıcılıq yolu Üzeyir Hacıbəyovun yanında keçir. Necə deyərlər o, bəstəkarın  gözləri qarşısında böyüyür. Çox maraqlıdır, dahi bəstəkarın  sevimli şagirdinin parlaq istedadını aşkarlamaq üçün atdığı addımı sonradan niyə dəyişdirərək yazıblar?! Bunu kim və hansı məqsədlə edib?! Niyə Asəf Zeynallı haqqında yazılan bütün mənbələrdə hamı bir-birini təkrarlayaraq eyni  şeyi- Asəfin ciyərlərində yaranan problem ucbatından truba alətində ifa edə bilmədiyini yazıblar? Yoxsa bu, sonralar onun Qarabağda tif xəstəliyinə yoluxduğunu “asanlaşdırmaq” üçün bir vasitə idi?!

1925-ci ildə Türk Musiqi Məktəbi öz şagirdlərinin qüvvəsi ilə “Arşın mal alan” musiqili komediyasını hazırlayır və Dövlət Opera teatrında tamaşaya qoyur. Tamaşada iştirak edən 40 nəfərlik orkestr və bütün vokalçılar məktəbin tələbələri idi. Orkestrin violençel qrupunun konsertmeystri  Asəf Zeynallı idi. “Professor Fuad Əfəndiyev, bəstəkar Əfrasiyab Bədəlbəyli, dirijor Əşrəf Həsənov, tərcüməçi Mircabbar Miryəhyayev skripkada, Asəf violençeldə, mən isə tarda çalırdım. O vaxt tar necə deyərlər, orkestrdə özünə yenicə vətəndaşlıq hüququ qazanırdı”. (Səid Rüstəmov)

 Bu müvəffəqiyyətli çıxışdan sonra məktəb Türk Musiqi Texnikumuna çevrilir. 1926-cı ildə isə Musiqi Texnikumu Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarına əsasən Konservatoriya ilə birləşir. A.Zeynallı, F.Əfəndiyev,Ə.Həsənov və S.Rüstəmov Üzeyir bəyin sinfində oxumağa başlayırlar. Səid Rüstəmovun musiqi nəzəriyyəsi haqda tərcümə etmək istəyini bilən Üzeyir bəy bu fikri bəyənir, amma tərcümə yox, orijinal kitab yazmaq lazımdır deyir. Dörd yoldaş həmin kitabı yazmaq üçün səylərini birləşdirir. Dörd fəsildən ibarət olan kitabın hər fəslini biri yazır. Həmin kitab “İbtidai not savadı” adı ilə 1931-ci ildə Azərnəşr tərəfindən çap olunur.  

Konservatoriyanın professorlarından ibarət komissiya qarşısında iki harmoniya üzrə imtahan verən Azəf Zeynallı əla alaraq, professor Karaqiçevin kohtrapunkt sinfinə qəbul edilir. Kompozisiya nəzəriyyəsi ixtisası Asəfin daha çox ürəyinə yatır, o, musiqi sənətinin bu sahəsinə həmişəlik bağlanır. Asəf Zeynallı kompozisiyaya aid bütün fənləri öyrənməklə yanaşı, Üzeyir bəyin tədris etdiyi Azərbaycan xalq musiqisi əsaslarının öyrənilməsi sinfinə böyük həvəslə gedir, lad musiqisi bəstələmək tapşırıqlarının hamısını səylə yerinə yetirir. Üzeyir Hacıbəyovdan oxuyuruq: “ Mərhum Asəf, ümumiyyətlə, bütün məşğələlərə çox ciddi yanaşar, hərtərəfli musiqi biliyinə malik olmağa, bəstəkarlıq sənətinə dərindən yiyələnməyə çalışardı. O, diletantizm xarakteri daşıyan hər cür çıxışa nifrət edir, istər konservatoriyada, istərsə də başqa yerlərdə lazımı musiqi hazırlığına ciddi yanaşılmamasına barışmaz münasibət bəsləyirdi; yoldaşlarına nümunə olan Asəf onları məşğələlərə ciddi yanaşmağa həvəsləndirir, ictimai musiqi fəaliyyətinə cəlb edirdi”.

Azəf Zeynallı haqda maraqlı məqamlardan biri də onun ali təhsilini başa vurmadan məsul vəzifədə işləməsidir. 1929-30-cu dərs ilində kadr hazırlığı ilə bağlı qaldırılan məsələ o vaxtki sovet Azərbaycanını sirkələyir. Və tədris-metodika həyatını istehsalat prinsipi üzrə yenidən qurmağı tələb edir. Bu zaman hələ tam tədris kursunu bitirməmiş tələbələr istehsalata göndərilir. Onların arasında Asəf Zeynallı da var idi. Beləliklə gənc tələbə Qırmızıbayraqlı Türk Fəhlə teatrında (Tənqid-təbliğ teatrı) musiqi hissəsinin rəhbəri kimi məsul bir işdə çalışmağa başlayır. Həm oxuyan, həm də işləyən gənc bütün enerjisini məqsədinə doğru yönləndirir. O, müstəqil bəstəkarlıq fəaliyyətinə başlayır. Və xeyli əsərə imza atır. 1931-ci ildə Azərbaycan Dövlət konservatoriyasını kompozisiya nəzəriyyəsi sinfi üzrə bitir. Artıq yaradıcı iş üçün daha çox vaxta sahib olur. O, özünün və başqalarının əsərləri barəsində yoldaşları və keçmiş müəllimləri ilə fikir mübadiləsi edir, Qərbdəki musiqi cərəyanlarının istiqaməti ilə maraqlanırdı. Bakı mühitində görüb-eşitdikləri ona azlıq edir, daha böyük musiqi arenasına çıxmaq istəyirdi. Bu məqsədlə o, Moskva və Leninqrada ( Sankt-Peterburq) səfərə çıxır. Orada professor Ştrasserin idarəsilə “Fraqmentlər” əsəri ifa olunur. Musiqişünasların ilgisini qazanan əsərə görə bəstəkar coşqunluqla qarşılanır. O, Leninqradın musiqi həvəskarlarını Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış etmək məqsədilə ikinci dəfə bu şəhərə səfər edir. Gənc Asəf o zaman Leninqradda təhsil alan gənc bəstəkar Niyazinin yaxından köməyi ilə Leninqrad filarmoniyasında aşağıdakı proqram üzrə konsert təşkil edir: Ü.Hacıbəyov – “Himn”( xor və orkestr üçün), Refatov – “Gavə” pyesindən bir parça”, Karaqiçev – “Marş”, Aysberq – “Türk rapsodiyası”, Asəf Zeynallı – “Fraqmentlər”, ”O qara qaşlar”, “Dağlar”, M.Maqomayev –  “ Azərbaycan çöllərində”, Ab – “Azərbaycan mövzusunda suita”. Konsertdən əvvəl A.Zeynallı türk xalq musiqisinin əsasları haqqında giriş sözü söyləyir. Konserti instrumentovka və partituraların oxunması sinfi üzrə Asəfin keçmiş müəllimi Lev Yefimoviç Ab idarə edir. Ali təhsilini başa vuran kimi öz müəllilmləri ilə çiyin-çiyinə fəaliyyət göstərərək Azərbaycanı təmsil edən Asəf böyük uğur qazanır. Azərbaycan musiqisinə, xüsusən də Asəfin öz əsərlərinə böyük maraq oyanır. Artıq Leninqrad bu gənc bəstəkarla maraqlanmağa başlayır.

Bir müddətdən sonra onun vəfatından xəbərsiz olan Leninqrad musiqişünasları, ictimai mühit onun özü və sonrakı musiqi fəaliyyəti haqda yazaraq Bakıdan məlumat almaq istəyirlər…

Asəfin musiqisinin sədaları SSRİ sərhədlərini də aşmağı bacarıb. Bir gün müharibədən sonra (1941-45) Əhməd Bakıxanov diqqətlə Tehran radiosunu dinləyib və oğluna deyib: Dünya xalqlarının musiqiləri əsasında keçirilən müsabiqədə Asəfin “Səndən mənə yar olmaz” romansı birinci yerə layiq görülüb. Təəssüf ki, o vaxt bu xəbəri bütün Azərbaycan eşidə bilmədi. Asəf Zeynallının mahnıları bəşəri səciyyə daşıyır. Təbii ki, bu onun dünya musiqisini tam əxz etməsindən xəbər verir.

Asəf musiqiyə bütün varlığıyla bağlı idi. Həmişə mübahisə düşəndə qızğınlıqla danışır, Azərbaycan musiqisinin mütləq ümumdünya şöhrəti qazanacağını deyirdi. Yadımdadır, bir dəfə Moskvadan musiqişünas gəlmişdi. O, iddia edirdi ki, şərq musiqisi royalda yaxşı səslənmir, ona görə də yeni musiqi aləti ixtira etmək lazımdır. İyirmi bir yaşlı Asəf elə qızğınlıqla çıxışa başladı ki, onu fikrindən çəkindirmək, susdurmaq istəyənlər də oldu. Lakin Asəf fikrindən dönmədi. Dedi ki, əvvəla, şərq musiqisinin müxtəlif qolları var. Onları bir ad altında birləşdirmək doğru deyil. İkincisi, Azərbaycan xalq musiqisi əsasında yeni musiqimizi yaradacağıq. Bizim yeni musiqi alətinə deyil, yeni inkişafa, yeni zirvələrə yüksəlməyə ehtiyacımız var. (Səid Rüstəmov “Ədəbiyyat və incəsənət” qəzeti, 19 aprel 1969-cu il.)

Asəf Zeynallı müxtəlif tipli ladlarımızın əhəmiyyətini düzgün və lazımincə qiymətləndirməyə başlayır. Digər tərəfdən, o, yeni səs ahəngi axtararkən bizim xalq çalğı alətlərinin səslənmə xüsusiyyətlərinə müraciət etməyə başlayır. Tarın, kamançanın ölçüləri və s. ilə ilə maraqlanır. Xəstəlikdən əvvəl ustadı Üzeyir Hacıbəyovla söhbət edəndə deyir: “Beynim xalq musiqisinin müxtəlif sahələrində apardığım müşahidələrdən doğan ən qəribə səslərlə doludur. Bütün bunları bədii cəhətdən bitkin bir hala salmağa və yeni bir simfoniya yaratmağa hazırlaşıram”.  Asəfin planları və nəzərdə tutduğu simfoniyanın konturları haqqında söhbətlərindən belə nəticə çıxarmaq olar ki, bu əsərlə onun yaradıcılıq fəaliyyətinin ikinci mərhələsi başlanacaq və sənətkarın bütün potensial  yaradıcılıq gücü geniş vüsət alacaq, onda Asəfə daha yüksək bədii tələbkarlıqla yanaşmaq mümkün olacaqdır…  Asəfin əsərlərinə nəzər saldıqda aydın olur ki, gələcəkdə o, olduqca böyük orijinal və dərin düşüncəli bir bəsətəkar ola bilərdi”. (Üzeyir Hacıbəyov)

Onun yazmaq istədiyi “Bakı” simfoniyası idi. “Həmin simfoniya üçün məşhur aktyor Hüseynqulu Sarabskinin ifa etdiyi bir çox xalq mahnısından istifdə edir”. ( Süleyman Ələsgərov) Amansız əcəl bu arzunu yarıda qoyur. Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən elmi kabinə xalq mahnılarını toplamaq üçün ekspedisiya təşkil edir. Bülbülün rəhbərlik etdiyi bu komissiya Asəf Zeynallını da götürərək Qarabağa və Gürcüstana gedir, qayıdarkən o, tif xəstəliyinə yoluxur və 1932-ci il oktyabrın 27-də, 23 yaşında gözlərini əbədi olaraq yumur. Asəfin ölümü Üzeyir bəyi çox sarsıtmışdı. Məhz dahi bəstəkarımızın təşəbbüsü ilə sevimli tələbəsinin adı  Konservatoriyaya verilir. Üzeyir bəy dünyadan köçəndən sonra Asəfin ailəsinin razılığı ilə Konservatoriyaya Üzeyir Hacıbəyovun adı verilir. Asəf Zeynallının adı isə Musiqi texnikumuna verilir.  

Aəsf Zeynallı bəstəkar yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bəstəkar, ifaçı, musiqişünas və müəllim kadrlarının hazırlanmasında müstəsna xidmət göstərmişdir. Pedaqoji fəaliyyəti az davam etsə də, onun müəllimliyi musiqi incəsənətimiz üçün faydalı və səmərəli olmuşdur. Azərbaycan mədəniyyətinin görkəmli simaları Qara Qarayev, Cövdət Hacıyev, Səid Rüstəmov, Zakir Bağırov, Tofiq Quliyev, Əminə Dilbazi və neçə-neçə adı mədəniyyətimizə qızıl hərflərlə yazılan şəxslərin müəllimi olub. Bu görkəmli simalar həyatları boyu müəllimləri Asəf zeynallını dərin hörmət və ehtiramla xatırlamış, bir müəllim, şəxsiyyət və bəstəkar kimi onun barəsində həmişə yüksək fikir söyləmişlər. Beləliklə, demək olar ki, A.Zeynallı konservatoriyada dərs deyən ilk türk bəstəkar kadrlardan biri olmuşdur.

Bəstəkar kimi yetişməyində “Məhz ona borcluyam” deyən T.Quliyev ilk müəllimini belə xatırlayır: “ Çox heyranedici adam idi: ucaboy və gözəl, xeyirxah və qayğıkeş, dərrakəli və şagirdlərinin hər birinə qarşı ayrı-ayrılıqda həddən ziyadə diqqətli idi. Öz dərslərini olduqca maraqlı və cəlbedici aparırdı.

Mən, məsələn, təəssüf ki, məşğələlərə müntəzəm gəlməkdə seçilmirdim, lakin Asəf Zeynallının bir dərsini belə buraxmırdım. Onun bir insan, bir müəllim kimi cazibə qüvvəsi olduqca güclü idi”.

Bizim Asəfin xoşbəxtliyi onda idi ki, o, Üzeyir bəyə rast gəlmişdi. Böyük bəstəkarımızın adı onun dilinin əzbəri idi. Asəf həmişə deyərdi: “Üzeyir bəy bizim mənəvi atamızdır… Asəf qəribə adam idi… Bir dəfə onunla gəzməyə çıxmışdım. Təzəpir məscidinin yanından keçirdik. Azan verirdilər. O ayaq saxladı. Xeyli fikrə getdi. Sonra cibindən dəftərini çıxardıb nə isə qeyd elədi. Soruşdum ki, ay Asəf, o nədir yazdın? Dedi, “Qardaş, bir vaxt lazım olar”. Hər ikimz gülüşdük, yolumuza davam etdik. ” (Cəfər Zeynallı)

Bir gün güclü külək əsir, pəncərə açılır və şüşəsi gurultu ilə sınıb yerə tökülür. Asəf tez bu səsi nota alır və simfoniyamda mənə lazım olacaq deyir. Bəstəkarın qardaşı qızı Elmira Zeynallının dediklərindən: 1969-cu ildə Asəf Zeynallının 60 illiyi keçiriləndə maestro Niyazi bu münasibətlə filarmoniyada Asəfin əsərlərindən ibarət çox gözəl bir konsert təşkil etmişdi. Həmin konsertdə simfonik orkestrin ifasında Asəfin “Fraqmentlər”i də sələndirildi, onun bir yerində sanki şüşə qırılıb yerə tökülürdü… 

Asəf Zeynallı böyük qardaşı Əhədin qızlarını çox sevir, dostu Ələkbər Daşdəmirova yazdığı məktubunda onlar haqqında da söz açır: Ələkbər, bağdayam, uşaqlara baxıram – Saraya, Tamaraya, Atiqəyə. Ürəyim fərəhlənir. Necə də öz-özləri ilə oynayırlar. Bundan az sonra bütün musiqi məktəblərinin tədris proqramına salınan məşhur uşaq süitasını bəstələyir. Amma əcəl özünün ailə qurmasına imkan vermir. İllərlə birgə təhsil aldığı, dostu, həmfikiri, münasibətlərini artıq yaxınlarının da sezdiyi Kövkəb xanım Səfərəliyevaya olan sevgisini digər müəmmalar kimi qəlbində məzara aparır. Görkəmli musiqişünas, pedaqoq, professor Kövkəb Səfərəliyeva həyatının sonuna kimi ailə həyatı qurmur. Əsl türk xanımına xas sadiqliyilə ülvi məhəbbətlərinin dastanlaşmış zərif qəhrəmanına çevrilir. Çox təəssüflər olsun ki, belə pak sevgi dastanını da bir çox dəyərlərimiz kimi bu günkü gəncliyə çatdıra bilməmişik.

“Azərbaycanda proletar musiqisinin inkişaf yolları” adlı məruzəsində A.Zeynallı yazırdı: “Aşıqlardan bir çox şey öyrənə bilərik. Bu hər şeydən əvvəl kütlələri həyəcanlandlran və onları öz ardınca aparmaq bacarığıdır”.

Asəf Zeynallı xalq musiqisi nümunələrinin toplanılması və notlaşdırılması ilə məşğul olan ilk bəstəkarlarımızdandır. O, qısa zaman ərzində çoxlu sayda xalq mahnılarını, rəqslərini və digər janr nümunələrini toplayaraq nota yazmış, müəllimi Ü.Hacıbəyovun tövsiyələrinə əməl edərək, onları unudulmaqdan qorumuşdur. Bu məqsədlə gənc bəstəkar zəngin folklor irsimizə biganə qalmayaraq, həmkarları ilə birlikdə onun toplanılmasında və notlaşdırılmasında yaxından iştirak etmişdir. (Elmira Zeynallı Asəf Zeynallının qardaşı qızı)

Məşhur tarzən Əhməd Bakıxanovun xatirələrindən: Üzeyir bəy onu bir tələbəsi kimi deyil, öz yaxın adamı kimi sevib. Elə Müslüm Maqomayev də ona o cür münasibət göstərib. Dövrümüzün ən tanınmış musiqiçiləri ona müraciət edir, onun köməkliyindən yararlanırdılar. Üzeyir bəyin imtahanından kəsilən Bülbül də kömək məqsədilə Asəfə müraciət edir. Onun gərgin əməyi sayəsində nəhayət ki, Bülbül çox əziyyət çəkdiyi musiqi nəzəriyyəsi fənnini mənimsəyir və Üzeyir bəydən qiymət ala bilir. Bülbül özü də bunu etiraf edib və xatirəsində yazıb. Asəf Qarabağa göndərilən ekspedisiyadan vaxt istəmişdi; “Bakı” simfoniyasını tamamlamaq üçün. Amma onu eşidən olmadı… Asəfin ölümündən sonra arxivi tar-mar oldu… Asəf 5 il də yaşasaydı, Azərbaycan musiqisinə daha çox incilər bəxş edəcəkdi, kim bilir, bəlkə də yaşasaydı o da repressiyanın qurbanı olacaqdı. Axı o, tarın lüzumsuzluğu barədə iddia edənlərə qarşı sərt çıxışlar etmişdi.

Əhməd Bakıxanovun oğlu Musiqi Kollecinin baş müəllimi Məmmədrza Bakıxanov Asəf Zeynallının violençelini kolleqası Hüseyn Fərəcüllayevlə birlikdə Tarix muzeyinə aparır. İstəyir ki, atasının çox sevdiyi A.Zeynallının da burada bir yadigarı olsun. Ələkbər Daşdəmirov alətin bəstəkara məxsusluğunu təsdiqlədikdən sonra onu muzeyə qəbul edirlər. 1990-cı ildə həmin violençeli pis vəziyyətdə görən M.Bakıxanov ürək ağrısı keçirir. Musiqi Akademiyasının professoru Eldar İsgəndərovla birgə onu təmir edib yenidən muzeyə təhvil verir. Asəfin atasına bağışladığı “Musiqi qrammatikası” kitabını isə Rostropoviçin ev-muzeyinə hədiyyə edir. A. Zeynallı Rostropoviçin ən sevimli tələbələrindən biri olduğu üçün.

Repressiya üçün zəmin hazırlanırdı. Türk dilinə, əlifbasına, adət-ənənəsinə, tarixinə, ədəbiyyatına, musiqi alətlərinə düşmən mövqe xərçəng kimi xalqımızı hər tərəfdən sarırdı. Milli musiqimiz hər tərəfdən sıxışdırılır, gözdən salınır, gerilik əlaməti olaraq tarixin arxivinə ötürülürdü. Muğamlarımız, musiqi alətlərimiz, ələlxüsus da tar amansız hücumlara məruz qalırdı. Belə bir vaxtda Asəf Zeynallı tarın müdafiəsinə  qalxan ilklərdən biri olur və “Tarın müdafiəsinə” adlı kəskin məqalə ilə çıxış edir. Bu qədər gənc birinin hər şeyi gözə alaraq Xalq Maarif Komissarına qarşı çıxması çoxlarını heyrətləndirir. O, çıxışında Xalq Komissarını səriştəsiz adlandırır, onun muğamata olan münasibətinə “xüsusi məhəbbət” deyə rişxənd edir.

“Tar özlüyündə və öz konstruksiyası baxımından yeganə alətdir ki, xalq yaradıcılığını və muğamatın mahiyyətini düzgün və dəqiq çatdıra bilir… Xalqın özünün muğamatı var. O bununla yaşayır. Xalqın tarı var ki, onun mənəvi dilini əvəz edir. Biz bunları inkar edə bilmədiyimiz kimi təbiətən xalqın özünə məxsus olanı ləğv etməyə də bizim heç bir haqqımız yoxdur…

Xalq komissarı özü şahiddir ki, konservatoriyanın not tarı sinfinin tələbələri öz uğurlarını necə nümayiş etdirdilər: klassik menueti, arristaları və digər Avropa janrlarını tarda heç də skripkadan pis çalmadılar… Orkestrin iştirakçısı kimi tarı biz hələ keçmiş türk Musiqi texnikumunun tərəfindən tamaşaya qoyulan “Arşın mal alan” dan bilirik… Axı tar haqqında təkcə bir sazəndənin timsalında mühakimə yürütmək olmaz. Axı belələri həm də skripkaçılar arasında var ki, restoranları doldururlar… Beləliklə, Xalq Maarif Komissarının türk mühitində Avropa musiqisinin populyarlaşdırılma haqqındakı xoş məramına tarın mövcudluğu heç bir tərəfdən mane olmur, əksinə, yuxarıda dediyimiz kimi, hətta bəzi kömək də göstərə bilər. Əgər bundan sonra da Xalq Maarif Komissarı tara münasibətdə öz baxışlarını təkidlə həyata keçirsə, onda arzuolunmaz nəticələr ala bilər.

Biz Avropa musiqisinin Azərbaycanı “işğalının” əleyhinəyik. Əgər hətta biz Avropanın təsiri altına düşsək də, buradan belə çıxmır ki, biz avropalı oluruq. Biz türk olaraq qalırıq, lakin Avropa frakı geyirik. Tarın rolu və əhəmiyyətinə daha ağılla baxmaq lazımdır. Əgər biz köhnələri etinasız sındırsaq, onda yeninin qurulması çox çətin əmək bahasına başa gələr”.

Xalq düşməni kimi həbslərin başlanılmasına  hələ var idi. Asəf kimi sağlam (!), enerjili, xalqın və ictimaiyyətin dərin sevgisini qazanmış birini haqq sözü dediyinə görə həbs etmək rejimə sərf etmirdi. Buna görə də bütün enerjisiylə üzərində çalışdığı simfoniyasını bitirməyə aman vermədən, folklor nümunələrinin toplanılması və nota köçürülməsi üçün Qarabağa ezam olunan ekspedisiyanın tərkibinə qoşulmasını partiya adından tapşırırlar. Asəf Zeynallı bu səfərə yollanmağı çox istəyirdi. Məhz bu sevginin nəticəsidir ki, bu gün sevə-sevə dinlədiyimiz xeyli xalq mahnı və rəqslərini tez bir zamanda nota köçürür. O, sadəcə son əsərini bitirib getmək istəyirdi. Bu gün musiqi xəzinəmizin nadir inciləri hesab olunan mahnı, rəqs, el havalarını fitri istedadı hesabına Qarabağdan toplayaraq gətirir. Səfərdən döndükdən sonra səhhəti pisləşir, xəstəxanaya yerləşdirilir. Və həkimlər onun yatalaq xəstəliyinə tutuldulduğu diaqnozunu təsdiqləyirlər. Təmizliyi sevən, səliqə-sahmanlı Asəfin bu xəstəliyə necə yoluxması sirr olaraq qalır. Onunla ezamiyyətdə olanların hamısının sağlam qayıtması və o zaman Qarabağda yatalaq əlamətlərinin olmaması bu sirri daha da qatılaşdırır. Deyilənə görə ömrünün son günlərində xəstəxananın divarına sonuncu əsərini ( müəyyən parçasını )  yazıbmış və bunu köçürməyi qardaşından xahiş edib, amma bu arzusu ürəyində qalıb.

Asəf Zeynallının qardaşları musiqidən uzaq adamlar olub və heç birinin not savadı olmayıb. Əziz sonbeşiklərinin gözləri önündə şam kimi əriməsi, dərdinə əlac tapılmaması onları ağır vəziyyətə salıb. O, uzun müddət xəstəxanada müalicə alıb. Dost və yoldaşlarının isə hamısı ali musiqi təhsilli şəxslər olub. Yəni bəstəkar bunu etməyi heç kimdən xahiş etməyib? Xəstəliyin ağır, yoluxucu olma səbəbindən yoldaşları ya risk etməyiblər, ya da kimsə köçürərək mənimsəyib. Cəmi 23 il yaşayan nadir istedadlı insanın həyat və yaradıcılıq yoluyla bağlı bu günə qədər mətbuata sızan bütün informasiyalarda ya uyğunsuzluq var, ya da yalan. Sanki hansısa gizlin bir əl ona aid olan hər şeyi silməyə, aradan çıxartmağa çalışıb. Üzeyir Hacıbəyovun sevimli tələbəsinə bağışladığı fortepiano, onun şəxsi violençeli, büstü və digər əşyaları ya yararsız hala salınıb, ya da oğurlanıb. Musiqi kollecinin direktoru Nazim Kazımov bəstəkara aid əşyaları kollecin zirzəmisindən tapdığını, bərpa etdikdən sonra qorumaya aldığını söylədi. Elmira Zeynallı da Məmmədrza Bakıxanov kimi əmisinin arxivinin oğrlandığını dilə gətirdi. Asəf Zeynallının anası Əsbənd xanım özünü dövrün tanınmış musiqiçisinin aspirantı kimi təqdim edən şəxsi evə buraxdığını, Asəf Zeynallının arxivinə baxmağa icazə verdiyini danışırmış. Gedəndə isə onun bəzi yazılarını aparıb, tədqiq edib qaytaracağını deyib. Xeyli zamandan sonra oğlunun yazılarını geri istəyən anaya həmin musiqiçi “ Mənim aspirantım belə bir şey etməz” cavabını verib. İllər öncə məzarındakı şəkli də oğurlandı. Ailə üzvləri “Yəqin ki, kimsə bürüncünə tamah salıb oğurlayıb”- deyə fikirləşiblər. Yenisini, bu dəfə ağ mərmərdən hazırlatdırıblar.

Asəf Zeynallıya münasibətin bir göstəricisi də onun məzarıdır. Əvvəlcə Çəmbərəkənddə dəfn olunan bəstəkarı sonra orda park salındığı üçün çıxarıb beynəlmiləl qəbristanlığa – “Qurd qapısı” adlanan yerə gətiriblər. Qapıda gül satan “şirin dil” kişi ilə bəstəkarın məzarının arası lap az idi, necə deyərlər əlini uzatsan çatardı. Ondan “Asəf Zeynallının məzarı hansıdır?”- soruşduq, bilmədi. Azərbaycanın tanınmış bəstəkarıdır dedim, çox gənc yaşda dünyasını dəyişib, fəxrimizdir dedim, xeyri olmadı. İllərdir burada alver etsə də otuz addımlığındakı şəxsin adını eşitməyibmiş. Bir cüt qərənfil aldıq, pisini verdi. “Ay dayı, çəkiliş edəcəyik, nə olar yaxşısını ver”- xahişimizə qarşılıq gülü əlimizdən dartıb aldı, pulu ovcumuza tulladı. Operator digər qapıdakı gülsatandan gedib almalı oldu. Dəyərli şairəmiz Arzu Nehrəmli gəldi gözlərimin önünə. “Arzu, bu dayının içindəki kişilik haqqı lap buz bağlayıb” –fikirləşdim.  Deyir “İmam üçün ağlayanda, Yezidi də yada sal”. Hər şeyin günahını düşməndə axtarmağımızın nəticəsi bizi bu həddə çatdırdı.  Mən inana bilmirəm ki, gürcü qəbristanlığında belə hal yaşansın. Belə dahi şəxsi tanımasınlar…

Asəfin məzarına aparan cığır olduqca dar, gördüyüm mənzərə isə ürək dağlayan idi… Qəbristanlığın sağ tərəfində müsəlmanlar, sol tərəfində isə xristianlar dəfn olunub. Nə sirdirsə, Asəf bir neçə ailə üzvüylə birgə əks tərəfdə-xristianlar tərəfdə qalıb. Görəsən bəstəkarı niyə Fəxri Xiyabanda dəfn etməyiblər?.. Və ən heyrətlisi isə odur ki, 87 il bundan əvvəl dünyasını dəyişən, ilklərə imza atan, qürur mənbəyimiz olan Asəfin məzarının şəkli heç bir zaman KİV-də görüntülənməyib. İnterneti ələk-vələk etsəniz də bu barədə heç nə tapa bilməzsiniz. Nəinki məzarının şəkli, hətta hansı qəbristanlıqda dəfn olunduğu belə həmişə mətbuatdan gizli tutulub. Bunu da mı etməyə erməni mane olur?..

SSRİ xalq artisti, bəstəkar, professor Arif Məlikovun Musiqi Kollecinin direktoru, professor Nazim Kazımovun monoqrafiyası haqqında yazdığı məqalədən: “Asəf Zeynallının yaratdığı bütün əsərlər Azərbaycan klassik musiqi irsimizin ən dəyərli bədii inciləridir”.

İnanmaq istəyirəm ki, bizə dəyərli incilər bəxş edən, fəxrlə bütün dünyaya göstərib qürurlana biləcəyimiz bəstəkarın adı, yaradıcılığı, həyatının qaranlıq məqamları musiqi xadimləri tərəfindən işıqlandırılacaq, onsuz da xalq arasında Asəf Zeynallı kimi adlanan Musiqi Kolleci yenidən dəyərli bəstəkarın adıyla adlandırılacaq, məzarının abadlaşdırılması dövlət səviyyəsində həyata keçiriləcək. Asəf Zeynallının təbliğatının gücləndirilməsi hər birimizin borcudur.