“Şeytan sənin dədəndi…” – Ramiz Novruzla SƏMİMİ SÖHBƏT

“Bizim kənddə dağ-daş, çay, bulaq olmayıb. Muğan zonasıdır, küçədə qaçanda elə toz qalxır, elə bilirsən “nemes” tankı gəlir. Amma mən həmişə Biləsuvar camaatının xarakterini, bir-birlərinə xoş münasibətlərini, mərdliyini, vətənpərvərliyini və saflığını təqdir etmişəm. Təsadüfi deyil ki, Mübariz İbrahimov kimi neçə-neçə qəhrəman oğullarımız da məhz Biləsuvarda yetişib”. 

Turkustan.info xəbər verir ki, artıq giriş sitatından aydın olduğu kimi, modern.az-ın “Mənim kəndim” rubrikasının budəfki qonağı Muğan çöllərində böyüyən, dağı-daşı, çayı-bulağı olmasa da, kənd həyatının ən saf məqamlarını yaşayan ziyalımız Ramiz Novruzdur.

“Uşaqlıq xatirələrim o qədər çoxdur ki, bilmirəm, hansını danışım, hansı qalsın…”

– Kənddən çoxdan çıxmışam. Səmədabadın səliqəli küçələri var idi, qəsəbə salmışdılar. Taxılçılığın inkişafına görə o vaxtlar Sovet hökuməti başqa rayonlardan bura insanlar köçürüb, gətirmişdi.

Səmədabad kəndində keçən uşaqlıq  illərimdən bəlkə də ən maraqlısı “Sovxoz”  təsərrüfatı, atamın orada çalışması, bununla əlaqədar yay aylarında Kəlbəcər rayonu tərəfdəki Sarıyer yaylağına getməyimiz idi. Bu xatirələr ona görə yaddaşımdan silinməzdir ki, ən gözəl təbiət mənzərələrini məhz orda görmüşəm. Göy qurşağının gölə düşüb, oradan “su dartması”nı vahimə ilə izləyirdik. 

Sarıyerdə hər yay gedəndə birlikdə oyunlar oynadığımız balaca qız var idi. Eyni yaşda idik, təxmini 5-6 yaşımız olardı. Gözləri görmürdü. Biz kiçik gölməçələrin kənarında özümüzə oyunlar qurar, uşaqları başımıza yığıb oynayardıq. Ətrafında oynadığımız gölə haradansa, almalar gətirib tökürdülər. Suyu canına çəkdiyinə görə, almaların dadı korlanırdı. Yeməsək də, gölməçələrdən almaları yığıb, onunla oynayırdıq. 

İllər keçdi, atam həmin işindən çıxdı. Biz sonralar Sarıyerə getmədik. Mən ali məktəbə qəbul olunandan sonra ilk dəfə radioda çıxış etmişdim. Kəndə qayıdanda dedilər mənim balaca dostum da kəndə gəlibmiş. Mən radioda danışanda eşidib və səsimi tanıyıb. “Mən bu adamla yaylaqda olmuşam, oyunlar oynamışıq” deyib. Eşidəndə heyrətə gəldim. 5-6 yaşımda oyun-oynadığım bir uşaq illər sonra 21-22 yaşımda məni səsimdən necə tanıya bilərdi? O qızın həssaslığı mənim üçün heyrətamiz idi. 

Bir dəfə yaylaqdan qayıdanda Ağdamda mağazanın qarşısında maşından düşdük. Həmin mağazada yadıma düşən ilk oyuncağım var idi. Piştaxtaya boyum da çatmırdı, barmaq uclarına qalxıb, mağazaya tamaşa edərdim. Gözümü zilləyib, oyuncaqlara baxırdım. Atam bir neçə dəfə səslədi  ki, bala köç gecikir, getməliyik. Məni piştaxtadan ayıra bilmirdilər. Axırda, atam gözümü dikdiyim canavar oyuncağını mənim üçün aldı. O cür həsrətlə əldə etmək istədiyim oyuncağı kəndə çatan kimi sındırdım. Çünki açıb, içində nə var deyə, baxmaq istəmişdim…

Atam həmişə bizi uşaqkən deyişdirərdi, Səməd Vurğundan, Vidadidən şeirlər deyirdik. Böyük bacım elə də həvəsli deyildi, mənimlə qardaşım daha çox deyişirdik. Bəzən həyətdə teatr qurur, özümüz üçün şeirləri oxuyub, rolları ifa edirdik.

Qardaş, bacı ilə dalaşmazdıq. Çünki bizdə böyük sözü keçirdi. Qardaşım nə dedisə, o idi. Mən də ondan çəkinərdim.


Ən pis quzu çobanı…

– Bütün kənd uşaqları kimi biz də quzu otarmağa gedirdik. Amma etiraf etməliyəm ki, mən ən pis quzu çobanı olmuşam . Çünki futbol oynamağı çox sevirdim. Quzuları otlağa ötürüb, futbol, teatr, dava oynamağa gedirdik. Səhər- axşam futbol oynasam yorulmazdım, o dərəcədə aludə idim. Axşam qayıdıb sürünün yanına gələndə görürdüm ki, heyvanların ikisi-üçü yoxdur. Həmişə qardaşımla atam deyirdi ki, üst-üstə gəlsək, Ramiz bütöv bir sürünü itirib.

Hərdən uşaqlarla birləşib, qoyun otarmağa da gedirdik. Bir dəfə qoyunlarımız, quzularımız dövlət zəmisinə girmişdi. Cərimələmişdilər bizi. Qarovulçu qoyunları aparıb, “həbs etmişdi”. Biz gecəyarıya qədər evə gedə bilmirdik, qoyunların saxlandığı yerdə gözləməli olduq. Bir yaşlı qadın var idi, o başımıza gələni bilən kimi bizə kömək etdi. Özü ilə böyük “lom” gətirmişdi. Nəhayət qapını sındırdıq, qoyunları çıxarıb, gecəyarı evə yollandıq. O qədər yorulmuşduq ki, gecə qoyunları evə aparanda yolda yatmamaq üçün  50 metr qabağa qaçırdıq, qoyunlar çatana qədər yerə uzanıb, bir az yatırdıq. Kəndə gəlib çatanda gördük ki, bütün kənd bizi axtarır. Sahələrə adamlar göndəriblər ki, uşaqlar haradadırlar. Biz gəlib çatanda artıq hamı sakitləşdi.

– Biz o vaxtlar kəndə kinolar gələndə “Uzaq sahillərdə” filminə baxmışdıq. Müxtəlif döyüş oyunları, teatrlar qururduq, “Uzaq sahillərdə”ni canlandırırdıq. Hətta o qədər sevirdik ki, bu filmə özümüzdən obrazlar, dialoqlar da əlavə edirdik. İzlədiyimiz kimi yox, düzüb-qoşub, oynayırdıq. Kəndimizdə atılmış, heç kimin istifadə etmədiyi anbarlar var idi. Gizlənməyə yerlər düzəldib, həmin anbarlarda yaxşı kəşfiyyatçılıq qururduq. Əməlli-başlı “Uzaq sahillərdə”nin səhnələrini canlandırırdıq, öz sözlərimizlə dialoqlar qururduq. Filmdəki son səhnədə belə ifadələr var: “Rəssamdır, şeytandır, bilmirəm nədir, axır ki, Mixaylodur”. Qəhrəmanımıza o qədər sevgimiz var idi ki, həmin səhnədə Mixaylo obrazını canlandıran uşaq onun şeytana bənzədilməsini həzm edə bilmirdi. Özündən sözlər əlavə etmişdi, “şeytan sənin dədəndi” deyib, rəqibinin üstünə cumurdu. Biz qurduğumuz oyunlarda qəhrəmanımız həmişə qalib gəlirdi.


“Nə qədər soyuq olsa da, biz məktəbdən qalmazdıq”

– Biz sentyabrın 1-i dərsə gedirdik. Uşaqlar bir yerə yığışanda barabanın üstündə dava olurdu. Çünki cəmi bir nəfər barabanı çala bilərdi. İlk günlərdə orta məktəbə alışa bilmirdim. Uşaqlarla qaynayıb-qarışandan sonra məktəbə də öyrəşirdim.

Kənd uşaqları hamımız bir-birimizə qoşulub, məktəbə piyada gedib-gəlirdik. Biləsuvar Muğan zonası olsa da, qış soyuq keçirdi. Kəndimizdə böyük bir kanal var idi. 20-30 metr eni, 1,5-2 metr də dərinliyi olardı. Yayda günümüz kanalda üzməklə, çimməklə keçsə də, qışda çox zaman kanalın üzəri donurdu. Suyun üzündə qalın buz qatı əmələ gəlirdi. Nə qədər soyuq olsa da, biz məktəbdən qalmazdıq. Elə gedib-gələndə də həmin donmuş kanalın üstündə oynayırdıq. Xizək sürürdük, əldə xizəklər düzəldib, kanalda oynayırdıq.

“Qız uşaqlarına da kanalda üzməyi öyrədirdilər”

– Kənddə ağsaqqalların sözü həmişə keçirdi. Yay aylarında kanaldan su götürməyə gələn qadınlar, qızlar bədbəxt hadisələrlə üzləşirdilər. Boğulma halları çox olurdu. Axı oğlan uşaqları kiçik yaşlarından kanalda çimir, üzməyi öyrənirlər. Qız uşaqları isə əksinə, oralara ancaq paltar yumağa, su götürməyə gedə bilirdilər. Artıq bir neçə dəfə belə hadisə yaşananda kəndin ağsaqqalları məsləhət gördülər ki, valideynlər uşaqlara kiçik yaşından üzməyi öyrətsinlər. Ona görə valideynlərin nəzarəti ilə qızlar da üzməyi öyrənirdilər. Bu çox kömək oldu. Yeniyetmələrin boğulma halları xeyli azaldı.


Teatrla ilk tanışlıq

– 6-7-ci sinifdə oxuyanda ilk teatr təəssüratlarım başladı. O zaman bilirsiniz, orta məktəb müəllimləri teatr tamaşaları təşkil edirdilər. Bizim kənddə ən çox oynanılan “Qacar” tamaşası idi.   

Mən həmin yaşda olanda ali məktəbi bitirmiş cavan müəllimlər məktəbimizdə tamaşanı hazırladı. Kərimxan müəllim, Dünyamalı müəllim və digərləri rollar ifa edirdilər. Allahverdi adlı bibim oğlu da həmin tamaşada oynayırdı. Mən izləyicilər sırasında idim. Amma Allahverdiyə söz deyəcəyimi bəhanə edib, səhnə arxasına, indi “kulis” dediyimiz hissəyə keçə bildim. Səhnənin lap küncündə, görünməyən hissədə dayanıb, aktyorlara baxırdım. Artıq tamaşa başlamışdı, aktyorlar səhnədə idi. Qacar rolunu bibim oğlu oynayırdı. Hər gün deyib-gülən, zarafatcıl Allahverdi rolunu elə canlandırırdı ki… Pörtüb, gözləri hədəqədən çıxıb, əlində qılınc hikkə ilə dayanıb, elə bil indicə kimisə öldürəcək. Mən ona heyrətlə baxırdım, hətta inanmırdım ki, bu mənim bibim oğludur. “Kimdi bu, nə oyun çıxardır?” – deyə öz-özümə fikirləşirdim. Bu səhnə o qədər yaddaşıma həkk olundu ki, ondan sonra evdə “Qacar” oynamağa başladıq. Birimiz Qacar, birimiz Vaqif olurduq, tamaşalar qururduq.

Sonralar mən tez-tez məktəbin bu kimi tədbirlərində iştirak etməyə başladım. Kərimxan müəllim teatr tamaşalarında mənə də rol verirdi. Bir dəfə də məktəbdəki tədbirdə şeir deməyə cəhd etdim, amma alınmadı. İlk dəfəm idi, böyük zalın qarşısında şeir deyəcəkdim. Elə ilk misralara başlayanda zalda möhtəşəm bir sakitlik yarandı. Hamı diqqətlə məni dinləyirdi. O qədər özümü itirdim ki, şeir yadımdan çıxdı. Səməd Vurğunun “26-lar”ından oxuduğum misraları unutduğuma görə, “Komsomol” poemasına bağladım. Bir-iki misra da ondan dedim, gördüm zalda pıçıldaşma başladı. Hamı başa düşmüşdü ki, qatıb-qarışdırmışam. Çünki kəndin ziyalıları ədəbiyyatdan başı çıxan adamlar idi. Hər səhvi tuturdular. Ona görə, sakitcə səhnədən siyrılıb, aradan çıxdım. Sonradan mənə dedilər ki, sən səhnədə dayananda, şeir oxuyanda qulaq asmaq istəyirlər.

“O zamanlar məşğuliyyətsiz dayanmaq olmazdı, hərə bir işin ucundan tutmalı idi”

– Kəndimizdəki məktəbimiz 8 illik idi. O zamanlar hər rayonun cəmi bir neçə kəndində 10 illik tam orta məktəb olardı. Biz isə 9-10-cu sinifləri Nərimankəndə – o vaxtlar adı “Ağ post” idi, getdik. Həmin illərdə öz kəndimizdə 7-8-ci sinif şagirdləri ilə tamaşalar hazırlamağa başladım. Orta məktəbi bitirəndən sonra bir il kəsildim, ali məktəbə daxil ola bilmədim. Sovet dövründə belə idi ki, boş dayanmaq olmazdı. Hərə bir işin ucundan yapışmalı, özünə yol tutmalı idi. Mən də məşğuliyyətsiz dayana bilmədim, klubda işləməyə başladım. 

Əkbər adlı dostumla birlikdə mədəniyyətlə əlaqədar hər şeylə məşğul olurduq. Mədəni tədbirləri artırmaq üçün əlimizdən gələni edirdik. Kəndin uşaqları bir yerə yığışıb, 30-50 qəpikdən atışdıq. Bağlanmış bir internat məktəbinin döşəklərini alıb, klubda güləş bölməsi də düzəltdik.

Həm öz kəndimizdə oxuduğum 8 ildə, həm də Nərimankənddəki digər 2 ildə çox yaxşı oxuyan şagird olmamışam. Amma lazımlı şagird olmuşam. Tədbirlərdə məni axtarırdılar. Cəfər Cabbarlının “Ana” şerini bir dəfə səsləndirdim. Nərimankənd məktəbinin direktoru Sərəstan Əliyev atamı görəndə demişdi ki, o uşaqdan muğayat olun, ruhdan salmayın, talantlı uşaqdır, kömək edin. Atamın ona qədər yaxşı oxumayan uşaq kimi məndən xoşu gəlmirdi. Direktorun tərifindən sonra bir qədər yumşaldı.

– Həqiqətən də atamın istədiyi kimi yaxşı oxuyan, bütün dərslərə hazırlaşan, həddindən artıq intizamlı şagird olmamışam. Arada dərsdən qaçırdım da… Hətta dərs adı ilə evdən çıxıb, uşaqlarla oynamağa getdiyim günlər olub. Amma buna baxmayaraq, lazımlı şagird idim.

Bizim kənddən Nərimankəndə getmək üçün avtobus istifadə edilirdi. Hər gün saat 8-in yarısı avtobus gəlib, uşaqları götürürdü. Bir ara mən dərslərdən soyudum. Ədəbiyyat və tarix dərsindən başqa heç nə mənə maraqlı olmadı. Kimya, həndəsə kimi dəqiq elmləri bilmirdim. Ona görə, həmin fənlərin keçildiyi günlər dərs buraxırdım. Çantamı, kitablarımı götürürdüm, yemək yeyirdim, evdən çıxırdım. Sonra isə avtobusa minmirdim, atılmış anbarlara tərəf gedirdim. Tək olmurdum təbii ki. Təxmini mənim yaşlarımda olan uşaqlara qoşulub, oyunlar düşünürdük, söhbətlər edirdik. Ən çox oynadığımız oyunlardan biri çilingağac olub. Dərs oxumasaq da, həmin oyunlar bizim fiziki və zehni inkişafımıza çox kömək edirdi. Qərb zonasında dirədöymə, biz tərəfdə isə qayışgötürdü, kəmərqapdı adlanan oyunu sevirdik. Amma bunu oynamaq çox çətin idi. Maraqlı və əziyyət tələb edən şərtləri var idi.

Həftədə 3 gün məktəbə gedir, 3 gün getmirdim. Əzizbəyov kanalının bir tərəfi qəsəbə idi, digər tərəfi isə boş idi, evlər yox idi. “Kanalın o tərəfi” – deyirdik həmin hissəyə. Cəngəllik kimi ot basmışdı. Yaşlı qonşumuz var idi, məni bir neçə dəfə anbarda görmüşdü. Niyə dərsdə olmadığımı soruşanda hər dəfə bir bəhanə uydurub, yola verirdim.

Bir gün evə gəldim, özümü həmişə olduğu kimi “aktyorluğa” vurdum ki, guya dərsdən gəlmişəm, çox yorulmuşam, acmışam. Anama dedim, yeməyə nə var, çox acam. O elə qayğıkeşliklə mənə yanaşdı ki, guya heç nədən xəbəri yoxdur. Sən demə, anam hər şeyi bilirmiş. Oturub, çay, çörək gözlədiyim anda kürəyimin ortasından nar çubuğu şaqqıldadı. Anam dayanmadan bir neçə dəfə məni vurdu. Demə, anama xəbər veriblər ki, Ramiz dərsdə deyil, anbara gedib, uşaqlarla oynayır. O da həmin dəqiqə nar çubuğunu hazır qoyub. Amma ondan sonra anamla şərt kəsdik ki, atamın mənim bu əməlimdən xəbəri olmayacaq. Mənə tövbə etdirdi, yenidən dərslərə getməyə başladım.

“Mən kim olmaq istəyirəm?”

– Hər il məktəblərdə belə bir inşa yazdırırdılar: “Mən kim olmaq istəyirəm?”. Biz də təbii ki, bəzəyib-düzəyib, hər dəfə müəllim, həkim olacağımızı həvəslə anladırdıq. Elə lap birinci sinifdən onuncu sinifə qədər müəllimlərimi yazdığım inşalarda yanıltmışam. Onuncu sinfin əvvəlində yenidən bu inşanı yazanda belə başladım:

“Mən bu mövzunu 10 ildir dəfələrlə yazmışam. Hər dəfə də yalan yazmışam. Mən əslində nə həkim, nə müəllim, nə mühəndis… aktyor olmaq istəyirəm”. Davamında isə bu “etiraf məktubu”mu sevdiyim aktyorların xüsusiyyətləri, peşəkarlığını anlatmaqla davam etdirdim. Yazının üstündən 3-4 gün keçdi. Bir dəfə məktəbə gələndə, içəri girdim ki, müəllimlər, hətta məndən xoşu gəlməyən riyaziyyat, kimya  müəllimləri də təqdiredici baxışlarla mənə baxırlar. Sanki kosmosdan gəlmiş adam idim. Sonra müəllim məni müəllimlər otağına çağırdı və təriflədi ki, yazından çox xoşum gəldi, müəllim yoldaşlara da oxudum. Etiraf edim ki, çox bədii yazmışdım. Sanki bir hekayə yazırdım. Orada bir epizod var idi: mən sevdiyim aktyorların səsini eşitmək üçün qulağımı radiotranzistora sıxıram. Bu vaxt qonşu qadın evimizə gəlir, mənim dinləməyimə mane olur. Aktyorlara o qədər pərəstiş edirəm ki, hava soyuq olsa belə radionu da götürüb, bayıra çıxıram. Və o soyuqda sevdiyim incəsənətdən, teatrdan, aktyorların çıxışlarını dinləməkdən həzz alıram…

Mənim o yazımı hətta “Azərbaycan gəncləri” qəzetinə, olimpiadaya göndərməyi də təklif etdilər. Artıq məktəbdə hörmətli adam olmuşdum. Yaşlı bir coğrafiya müəllimimiz var idi. Dedi ki, müəllimlərlə məsləhətləşmişik, bilirik ki, artist olacaqsan, səni çox incitməyəcəyik. Sevinirəm ki, indi də kənd müəllimləri, mənə dərs keçən ziyalılar mənimlə fəxr edirlər. Hərdən müsahibələrimdə məktəbimizin adını deməyəndə inciyirlər, mənə o dəqiqə zəng edirlər.

Mən teatrda 1982-1983-cü illərdə Qacar rolunu oynayanda məktəb direktorumuz da tamaşamı izləməyə gəlmişdi. Sən demə, müəllimlərin ixtisasartırma kursları üçün Bakıda imiş. Mənim tamaşam olduğunu eşidəndə  teatra məni izləməyə gəlmişdi. Onu zalda görəndə çox sevinmişdim.

Mən kənddə bir şeyi dərk etdim ki, insan ən ucqar dağda belə olsa, arzulamalıdır. Belə olarsa, gec-tez arzuna çatırsan.

Bizim indi ən böyük problemlərimizdən biri odur ki, uşaqların hədəfi olmur. Amma o dövrün kənd uşağının hədəfi var idi – yaxşı oxumaq. Bir ara dəb idi, hamı istəyirdi, uşağı prokuror, həkim, mühəndis olsun. Amma bizim kimi keçən əsrin uşaqları öz məqsədlərimizi qarşımıza qoyub, hədəfimizə addımlayırdıq.


Orta məktəbdən başlayan ilk məhəbbət hekayəsi

– Bir dəfə məktəbdə tamaşa hazırlayırdıq. Məşqlərin birində gördüm balaca, qəşəng, göygöz bir qız mahnı oxumağa gəldi. Qızın adını belə bilmirdim. Kəndin bir başında biz, o biri başında onlar yaşayırmış. İki sinif məndən aşağıda oxuyurdu. O zamanlar bir uşaq mahnısı var idi: “Ay gilənar, bağçamızın göyçək qızı”. Qız bu mahnını oxuyanda gördüm sanki hamı qıza vurulub. Səsi də, özü də çox gözəl idi. Elə oldu ki, sonra məşqlərə o qıza görə gəlməyə başladım. Yuxarı siniflərdə artıq başqa məktəbə oxumağa gedəndə yenə də onların məktəbinə məşqlərə gəlirdim. Qızın adı da səsinə uyğun idi – Xoşavaz. Artıq onun səsini eşitmədən mənə çətin idi, 7-ci sinifdən sanki Qeys olmuşdum. Məcnun səhraları gəzirdi, mən isə kəndin küçələrini…

Bir dəfə qıza məktub yazdım. Onların evi stadionun yaxınlığında idi. Vedrələri götürüb, kanaldan su gətirməyə gedirdi. Evləri yaxın olduğundan bayıra tək çıxırdı. Mən məktubu yazdım, onun geri qayıtdığı cığırda yerə qoydum. Üzərinə də bir daş qoydum ki, diqqətini çəksin. Ondan başqa həmin yoldan heç kim keçəsi deyildi. Məktubun üzərində böyük hərflərlə adı yazılmışdı. Uzaqda gizlənib, maraqla baxırdım ki, indi məktubu götürəcək. Gəldi, məktubun yanından düz keçdi. Hələ bu azmış kimi, həmin qapıdan gəlinləri də “başılovlu” çıxdı, əində vedrə kanala tərəf qaçdı. Sən demə, qız gedib evdə deyib ki, məktub var idi yolda, üstünə mənim adım yazılmışdı. “Vaxsey biabır olduq” deyib, təlaşa düşüblər. Gəlinləri ona görə, qaçıb gəldi, məktubu götürüb vedrəyə atdı.

Bir neçə il sonra mən artıq instituta qəbul olunub, Bakıya gəlmişdim. Təsadüfən Bakıda həmin qızla rastlaşdıq. Sən demə, o da musiqi texnikumuna qəbul olunub. Bir xarici “Mercedes” maşın dayanmışdı. Hamı başına yığışıb, baxırdı. O vaxt nadir hal idi ki, Bakıda “Mercedes” olsun. Mənim də diqqətimi çəkdi, yaxınlaşdım. Təəccüblə kiminsə “aa” dediyini eşitdim, başımı qaldıranda gördüm, həmin gömgöy gözlər mənə baxır. Yanındakı rəfiqəsini dümsüklədi ki, “qaçaq”. Onlar gedəndə gözdən itirmədim. Düşdüm dallarıyca ki, harada yaşadıqlarını öyrənim. O vaxt mən “Nizami” kinoteatrı ilə üzbəüz yaşayırdım, nənəmin evi idi. Onlar isə təsadüfən həmin yoldan keçirdilər. Hətta cəsarətləndim, evimizin yanına çatanda qızları qonaq da çağırdım. Sonradan münasibətimiz yarandı, ünvanını itirmədim. Məlum oldu ki, onun da könlü var imiş. Və evləndik. Bu günə qədər də şükür ki, xoşbəxt yaşayırıq.

“Ən çox taxıl və meyvə oğurlamışıq” 

– Kənddə kanal, stadion, ”sovxoz”, xırman və s. obyektlər var idi. Uşaq vaxtı xırmana taxıl oğurlamağa gedirdik. Xərmanın qarşısında böyük tərəzi – “qapan” olardı. Maşınlar gəlir, növbəyə dayanırdı ki, taxılı çəksinlər. Bu anda biz arxadan yaxınlaşır, vedrələrlə taxılı oğurlayırdıq. Bir də gördün, 5-6 kisə taxıl oğurlamışıq. Təbii ki, tək etmək mümkün deyildi, uşaqlarla birlikdə hərə gücü çatacaq qədər götürürdü. Arxlara kisələr yığmışdıq. Ona doldurub, gizlədirdik. Növbəti reysi gözləyirdik ki, davam edək. Bəzən tutulurduq da. Sürücülər bizi görəndə qovurdular. Amma bəziləri də göz yumurdu. Axı “Sovxoz”un malı idi, bilirdilər ki, ehtiyac üçün oğurlayırıq.

Otlaq sahələrində quzu otaranda ən maraqlı günlərimiz keçirdi. Oyunlar oynayırdıq, futboldan başımız açılmırdı. Quşüzümü yığırdıq. “Eşqin” deyilən qanqalı dərib, yeyirdik. Kənd uşağı dağda-dərədə heç vaxt ac qalmaz.

Əsgərlərlə dostluq edirdik. Kənddən 6-7 kilometr aralıda, “Şəhriyar” düzü deyilən yerdə rusların “zastava”sı, tikanlı məftillər olan ərazi var idi. Bir də görürdün, beynimizə düşürdü ki, gedək “soldat”larla futbol oynayaq. Bir vedrə üzüm, bir vedrə mer-meyvə yığırdıq, onlara sovqat aparırdıq. Əsgərlər də komandirlərindən icazə alırdılar. 7-8 nəfərlik komanda düzəldib bizimlə futbol oyanamağa gəlirdilər.

Kənddə yanğın, hər hansı bədbəxt hadisə olanda əsgərlər birinci köməyə gəlirdilər. Rayon mərkəzindən gələn yanğınsöndürənlər gec çatırdı, ya da ki, problem olurdu. Bir dəfə yanğın olmuşdu. Yanğınsöndürənlər gəldilər, çatanda məlum oldu ki, su yoxdur.

Nar bağı var idi kəndimizdə. Ay allah, narlara divan tuturduq. Payız vaxtı yağışlı, palçıqlı olduğuna görə futbol oynaya bilmirdik, rahat sərgüzəştlərimizi həyata keçirməyə imkanımız yox idi. Bekarçılıqdan bilmirdik neynəyək. Gedirdik nar bağını talayırdıq. Amma insafla deməliyəm ki, narları dərib yeyirdik, ağacları isə qırmırdıq.

Bir dəfə Dünyamalı müəllimimizin bağına meyvə oğurluğuna getmişdik. Amma gecikmişdik. Narlar dərilmişdi. Tək-tük ağacın əl çatmayan yüksəkliklərində qalmışdı, onu isə dərmək mümkün deyildi. Bağa girən kimi səs-küy, şaqqıltı eşitdik. Necə dabanımıza tüpürüb qaçmışıqsa, düz kəndin mərkəzinə gəlib çıxdıq. Səhəri gün məktəbin qarşısında başqa “kruq”la, kəndin bizə qoşulmayan uşaqları ilə görüşdük. Hərəsi bir söz atdı, kimisi dedi, Dünyamalı müəllimin bağını girib, talayıblar, kimisi deyir, orada nar dolu idi, dəriblər. Biz də səsimizi çıxara bilmirik ki, nə Allahsız adamlarsınız, axı nar yox idi?! Sən demə, əvvəlki gün bizi qorxudan onlar imiş.


“Kənd toylarına mikrofonun gəlməyi ağsaqqalları bu məclislərdən soyutdu”

– Maraqlı keçən el məclislərimiz, toylarımız olardı. Uşaqları, yeniyetmələri kənd toylarına çox da qoymurdular. Ən  maraqlı məqam toylarda aşığa qulaq asmaq idi. 5-6 yaşında olanda yadımdadır ki, toylarda ancaq aşıq musiqisi səslənirdi. Maraqlı deyişmələr təşkil edirdilər və bütün toyu həmin aşıqlar aparırdılar. Artıq 70-ci illərdən toyun birinci hissəsini xanəndə aparırdı. İkinci hissəsinə aşıqlar gəlirdi. Toybəyi var idi toyda, çubuqla uşaqların ayaqlarına vurardı. Xanəndələrin toyu bütöv aparması Sabir Mirzəyevdən sonra dəbə düşdü. Sonralar Teymur Mustafayev də toylarda oxumağa başladı. Kənd toylarının əsas marağı xüsusi adamların rəqsi idi. Camaat onların toylarda oynamağını arzu edirdi. Əli adında oğlan “Qazağı” rəqsini ifa edirdi. Bütün kənd oturub gözləyərdi ki, Əli nə vaxt oynayacaq. İndiki kimi deyildi, onda toylarda oynaya bilənlər oynayırdı. Oynaya bilməyən utanırdı, çıxmırdı ortaya. Aşıqlar bizim üçün bir növ musiqili teatr idi. O zamanlar dediyim kimi xüsusi aparıcı- toybəyi toyu idarə edirdi. Amma o ki, kasıblıq dövrü başladı, onda müəllimlər, kəndin ziyalıları idarə etməyə başladılar.

Toylara mikrofon və xanəndənin bütöv oxuması dəb düşəndən sonra ağsaqqalların toylardan ayağı çəkildi. Ondan sonra toylarda hər kəsin ortaya çıxması, oynaması, rahat hərəkət etməsi başladı. Cavanlar, uşaqlar toylara gəlməyə başladılar.

Toy demişkən, mən ilk dəfə öz müəllimimi toyda görəndə bəlkə də inandırıcı gəlməz, amma dəhşətə gəlmişdim. Ay aman, filan müəllim oturub çörək yeyir, hətta bir qədər spirtli içki qəbul edib. Toylarda o zamanlar çox az miqdarda içki olardı, o da gizli idi. Müəllimlər isə qapalı yerlərdə oturardılar, camaatın içində oturmazdılar.

Biləsuvar camaatının xarakteri 

–  Mənə elə gəlir ki, kənd insanları çox safdırlar. Onların öz problemləri, öz qayğıları, öz arzular var, elə bunlarla məşğuldurlar.

Biləsuvarda yaşayan, kənddə böyüyən insanlar yerlibazlıq bilməzdilər. Mən özüm də bunları Bakıda təhsil alanda, artıq bura yerləşəndə gördüm. Ali məktəbdə oxuduğum illərdə mənim kumirim belə qazaxlı, İsmayıl Şıxlı idi. İndi də onu yaratdığı obrazları, əsərləri, əməlləri üst-üstə düşən ziyalı kimi qəbul edirəm.

Biləsuvar camaatı belə idi. Məsələn, başqa bölgədən olan bir dostu varsa, onunla fəxr edərdi. Təbii ki, hər yerin mənfi xarakterli insanları da var. Amma onu deyim ki, Biləsuvar camaatında kövrəklik çoxdur. Dindardırlar. Bizdə Axund Molla Hüseyn var idi. O adam sürgün olunmuşdu. İndi dindar olmaq, məscid açmaq asandır, amma o zamanlar ateizm ideologiyası üzdə idi deyə, insanlar təqib olunurdular, məscidlər gizlin tikilirdi. Mənim yadıma gəlir ki, kəndimizdə məscid tikdilər, bir kor qadının evi adı ilə. Amma hamı bilirdi ki, bu, bina məscidin binasıdır.  Axund Molla Hüseyn 1950-55-ci illərdə tələbələr yetişdirirdi. Ona görə hətta sürgün olunmuşdu. Necə ağıllı, qətiyyətli adam idisə, rusların verdiyi pasportuna “Molla Hüseyn” yazdıra bilmişdi.


İndi Biləsuvara az gedirəm. Vacib işlər olanda, toy, yas düşəndə iştirak edirəm. Sonuncu dəfə Fərahim Novruzov – əmimin nəvəsi Aprel döyüşlərində şəhid olmuşdu, onun yas mərasiminə getmişdim. Son dəfə keçən ilin aprelində şəhidimizin il mərasiminə qatıldım.

“Biləsuvarda qoyub gəldiyim heç nə yerində yoxdur”

– Çox kövrək hislərdir. Gözlərim dolur. Biləsuvara daxil olanda, yolun kənarındakı lövhədə “Biləsuvar” yazısını görəndə ilk olaraq fikrimdə Niyaməddin Musayevin “Anama deyin” musiqisi səslənir. Bəzən  oxuyuram da hətta. Kəndimizə çatanda isə dayanacaqlarda yaşadığım xatirələr yadıma düşür. Burda dayanırdım, burda sevdiyim qızı ötürürdüm, burada avtobusa minib-düşürdüm və s. Bizim stadionumuz olan köhnə ərazidə artıq evlər tikilib. Həmin oyun oynadığımız yerlər, “zastava”ya getdiyimiz yol, düzlər xatirələri bir-bir yaddaşıma gətirir.

Rayonda qardaşım yaşayır. Mənim doğulduğum, böyüdüyüm ev, həyət artıq yoxdur. Yeni ev tikilib. Kənd də böyüyüb, keçmişdəkindən üç qat çox evlər var. Kanal quruyub. Kəndin tam mənzərəsi dəyişib, insanlar da dəyişiblər. Əvvəllər kənddən çıxan, şəhərdən gələn bir tələbə belə olsa, oturub, qulaq asırdılar, qeyri-adi qarşılayırdılar. Sorğu-suala tuturdular. İndi kənddə hamı “alim”dir. Bəlkə də internetin çox yayılması, gənclərin aktiv olması ilə bağlıdır. İnanın, bəzən mənə teatrdan sual verirlər, yanımda əyləşən gənc sözümü kəsib, cavab verməyə başlayır. Hamı başı çıxırmış kimi göstərir. Bütün dəyişikliklər mənə kəndin əvvəlki dadını unutdurur…