Ç. İyl 24th, 2019

“Gözləməliyik ki, kimsə vəzifədə 5 il yeyib-dağıtsın, sonra aşkara çıxsın?” – Deputat NARAZILIQ ETDİ

“Milli Məclis tərəfindən “Hesablama Palatası haqqında” qanun qəbul olunub. Hər kəsə məlumdur ki, Palata öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir, hətta bir çox hallarda imkanlarından da kənar böyük fəaliyyət göstərir. Amma strukturda ciddi şəkildə dəyişikliyə ehtiyac var. Yeni sistemə daxil olmalıyıq”. 

Bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib. 
Deputat bildirib ki, bu gün ölkəmizdə struktur islahatları aparılır, yeniləri yaradılır, köhnələri ləğv olunur:

“Bu baxımdan Palatanın gələcək fəaliyyətini qanuna əlavə və dəyişikliklər etməklə, Prezident tərəfindən həyata keçirilən islahatlar sürətinə gətirib çıxarmalıyıq. Biz gözləməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib-dağıtsın, sonra aşkara çıxsın ki, yeyinti var və həmin vəsait büdcəyə geri qaytarılsın? Burada itirən dövlət, insanlardır. Çünki, həmin vəsaitlər vətəndaşların sosial rifah halına müsbət təsir göstərə bilər”. 

Siyavuş Novruzovun sözlərinə görə, nöqsan, korrupsiya hallarının zamanında aşkarlanması üçün Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır.

“Aralıq dövrdə ciddi şəkildə monitorinqlər aparılmalıdır. Əgər lazımdırsa, bura kadrlar cəlb olunmalı, korrupsiyaya meylli şəxslər tapılmalıdır. Gələcəkdə bunlar nəzərə alınmalıdır, bu işləri yeni metodla həyata keçirməliyik. Palataya əlavə dəstək verməliyik ki, büdcəyə nəzarət edən orqan kimi bu məsələdə bundan sonra da ciddi addımlar atsın”.(modern.az)