Ça. İyl 16th, 2019

Kəlbəcəri o alacaq!

Əli NƏCƏFXANLI

BİR FOTONUN DEDİRTDİKLƏRİ…

Həmkarım Namiq Dəlidağlının paylaşdığı bu fotoşəklin 24 yaşı var. Başabaş ağrıdı, acıdı şəkil. Qaçqın köçü, yük maşınları, mükəddər çöhrələr. Dağlar geridə qalır. Yox, dağlar ürəklərdə yük olub gedir. Hamı pərtdi, hamı itiklidi. Umudu itən, gümanı yanılan, qəlbi paralanan kəlbəcərlilərdi onlar. Baxın, hamısı maşınlara minib.
Stop! Öndəki maşında qabaq tərəfdəki qarını görürsünüzmü? Başını tutub, kişilərin üzünə baxmaq istəmir ki, biçarələr utanmasın. Özü də, məncə, sakitcə bayatı deyir nənəmiz:

Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim.
Dindirmə, qan ağlaram,
Yaman çağımdı mənim.

Sizi bilmirəm, amma mən deyəsən o nənənin gümültüsünü, sızıltısını eşidirəm…
Stop! Maşının banına dırmaşan o kişiyə baxın! Necə də mağmun haldadı. Yazıq ayrılıq öncəsi özünə ölməyə yer tapmır, üzünü şəkilçəkəndən gizlətməyə çalışır. Neyləsin, axı? Hökumət ov tüfəngini də əlindən alıb. Canı da sapanda sığan deyil ki, barı onunla düşmənə cavab versin. Bir yandan da arvad-uşağın həyatı…
İndi bu fotodakıların heç birini tanımaq olmaz. Gör, üstündən nə qədər keçib. Ölkənin hər yanına səpələnən kəlbəcərlilər hardadı-burdadı?! Yaşlıları nisgillə, həsrətlə dünyasını dəyişib. Cavanları qəmli-qəmli yaşlanıb, körpələri boynubükük böyüyüb. Təzədən orduya yazılıb geri dönəni, öləni-itəni də az olmaz, yəqin. Kişilər Bakıda, Şəkidə arın-arxayın gəzib dolaşa bilməzdi ki!..
Stop! Saxla! Görmürsən, kadrdan çıxmaq üzrədir? Maşınlara arxa çevirib üzü dağlara geri qayıdan o balaca oğlan uşağını deyirəm. Fikir verin, ya barxanadan nəyisə qalıb, onu götürməyə gedir, ya da ki… Aha, yadıma düşdü, düşmən əlinə keçməsinlər deyə, özlərini qayadan atan kəlbəcərli qızlar vardı ha, onların hansısa yüz faiz onun bacısı olub. Elə bacısının incik ruhudu qaqamı geri qaytaran.Bəlkə də səngərdə vuruşan atasına, əmisinə, qardaşına kömək üçün qayıdır. Bəlkə də o vurhayda bağlı qalmış sevimli itini açmağa tələsir. Ya da elə evdə unudulan qara köynəkli sazının dalınca gedir. (Sazı götürəndən sonra gəlib görəcək ki, maşınlar artıq burda yoxdu və camaatın da qalanı sonuncu vertolyota minhamindədir).Çox ola bilər ki, o uşaq ondan bir il öncə – 1992-ci il aprelin 8-də başına faciə gətirilən Ağdaban kəndindəndir, buna görə hirsi-hikkəsi soyumur. Düz 67 nəfərin öldürüldüyü, 8 nəfər 90-100 yaşlı qocanın, 2 azyaşlı uşağın, 7 qadının odda diri-diri yandırıldığı Ağdabanı deyirəm. Yadınıza gələr. Hər nədirsə, igidim yaman gedir! Kişi kimi gedir!..
Əziz oxucu! Kəlbəcərlə bağlı olan bu fotoda nəyə görəsə, məni ən çox çəkən, bax, həmin kişi qırığı oldu. Onun o qayıdışı ürəyimi elə duyğulandırdı ki! Bir xətircəmlik yarandı məndə. Yəqin indi 30-32 yaşı olar. Bəlkə də Milli Ordunun zabitidi, giziridi o qeyrət dağarcığı. Allah amanında olsun!
Kəlbəcəri o alacaq!