Ç. İyl 17th, 2019

Manatın məzənnəsi AİB-i BU ADDIMA sövq etdi

Asiya İnkişaf Bankının manatla istiqrazların buraxılması qərarına təsir göstərən əsas faktorlardan biri 2017-ci ilin fevralından sonra manatın məzənnəsinin stabil qalmasıdır.

Bu sözlər Asiya İnkişaf Bankının manatla istiqrazlarının buraxılması qərarını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, artıq iki ildən artıqdır manat mövcud məzənnəsini qoruyub saxlayır:

“Təbii ki, burada Mərkəzi Bankın mövqeyi və proseslərə təsiri həlledicidir. Ancaq beynəlxalq maliyyə qurumları xüsusən də əvvəlki dövrlərdə milli valyutanın məzənnəsinin stabilliyini nəzərə alaraq, istiqrazların buraxılmasına dair qərar qəbul ediblər. Təbii ki, hələlik istiqrazlar bir növ pilot olaraq buraxılacaq. Daha sonra isə bu istiqrazlara marağın artması fonunda yeni emissiyaların buraxılması mümkündür. Bütün hallarda aparıcı maliyyə qurumlarından biri olan Asiya İnkişaf Bankı tərəfindən manatla istiqrazlarının buraxılması ölkədaxili qiymətli kağızlar bazarı üçün vacib şərtlərdən biridir”.

İqtisadçı bu fonda xüsusən də investorlarda manat istiqrazlarına marağın formalaşacağını deyib:

“Manatın məzənnəsinin stabilliyi davam edəcəyi halda digər ölkədaxili qurumlar tərəfindən də buraxılan istiqrazlara marağın artması mümkündür. Hələlik qiymətləndirmələr göstərir ki, vətəndaşların dollarla istiqrazlara marağı yüksəkdir. SOCAR-ın dollar istiqrazlarının alınması da bundan xəbər verir. Bu mənada ölkə daxilində manat istiqrazlarına marağın artırılması üçün Mərkəzi Bank tərəfindən mövcud məzənnənin uzunmüddətli dövrdə qorunub saxlanılması vacibdir”.

Qeyd edək ki aprelin 14-də Asiya İnkişaf Bankı xəzinədarlığının nümayəndə heyəti manat istiqrazlarının buraxılışı və yerləşdirilməsi mexanizmini müzakirə etmək üçün Azərbaycana səfər edəcək. (axar.az)