Ç. İyl 17th, 2019

Sumqayıtlıların Prezidentə inamı və sevgisi sonsuzdur

Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin ölkəmizi durmadan irəli aparmaq və xalqımızı daha xoşbəxt sabahlara çatdırmaq məqsədilə yeritdiyi müdrik daxili və xarici siyasət xəttini bu gün dövlətimizin başçısı İlham Əliyev yüksək ləyaqətlə davam etdirir. Möhtərəm Prezidentimiz titanik fəaliyyəti ilə həyatımızın bütün sahələrində misilsiz tərəqqiyə nail olmaqla bərabər, Azərbaycan mədəniyyətini də uca zirvələrə qaldırır. Bu gün müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir. Nüfuzlu tədbirlərə evsahibliyi etməyimiz qürurverici faktdır. 

İftixarla xatırlayırıq ki, ötən ilin 11 apreli bizim Sumqayıt şəhərində də demokratik dəyərlərin, xalqın iradəsinin və dövlətçilik maraqlarımızın qələbəsi günü oldu. Həmin gün sevimli Prezidentimizə səs verərək növbəti dəfə taleyimizi onun müdrikcəsinə rəhbərlik etdiyi mövcud hakimiyyətə etibar elədik. 
Prezident İlham Əliyev son 15 ildə 23 dəfə Sumqayıta səfər edib. Bu səfərlərin hər biri şəhərimiz üçün, sözün əsl mənasında, tərəqqi, inkişaf, xeyir-bərəkət və mədəni yeniliklərlə müşayiət olunub. Ölkə rəhbərinin təşəbbüsləri ilə şəhərimizin inkişafı ilə bağlı çox müasir layihələr həyata keçirilir. Təkcə mədəniyyət sahəsinə nəzər salsaq, ötən dövrlərdə Sumqayıtda möhtəşəm park-bulvar kompleksi yaradılıb, Dövlət Dram Teatrının, Kimyaçılar sarayının binaları əsaslı şəkildə təmir edilib, mədəniyyət ocaqları yenilənib, yaraşıqlı Bayraq muzeyi tikilib və sair. Oktyabr ayında cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Sumqayıt teatrının 50 illik yubileyi təntənə ilə qeyd edilib. 
Bu ilin noyabrında isə Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi sayılan Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi tamam olur. Dövlətimizin başçısı fevralın 14-də yubileyin geniş qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bundan dörd gün sonra Sumqayıta səfər edən Prezident İlham Əliyev özünün xeyir-duası ilə tikilib istifadəyə verilmiş park-bulvar kompleksində şəhər sakinləri ilə görüşü zamanı onlara deyib ki, böyük bayram kimi keçiriləcək yubileydə şəxsən iştirak edəcək. Ümumiyyətlə, həmin görüş “xalq – iqtidar” birliyinin, xalqın öz rəhbərinə güclü dəstəyinin, böyük sevgisinin əsl nümayişinə çevrilib. Görüşdə yaşanan iftixar dolu anların təəssüratları sumqayıtlıların qəlbində silinməz izlər buraxıb. Elə həmin gün cənab İlham Əliyev şəhərimizin inkişafı ilə bağlı daha bir sərəncam imzalayıb. 
Məhz ölkə rəhbərinin tapşırığına əsasən, hazırda Sumqayıtda turizm zonası infrastrukturları yaradılmaqdadır. Prezidentin qayğısı, diqqəti sayəsində şəhərin siması dəyişir, yeni, parlaq naxışlarla zənginləşir. 
Biz xoşbəxt xalqıq ki, cənab İlham Əliyev kimi müdrik rəhbərimiz, dayağımız və qayğıçəkənimiz var. 

Mehman ŞÜKÜROV,
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi

undefined