Ça. İyl 23rd, 2019

Tale Heydər istefa səbəbini AÇIQLADI

Ötən gün Tale Heydərov “Qəbələ” İdman Klubunun prezidentliyindən istefa verib. Onun 13 il bu vəzifəni icra etdikdən sonra istefa qərarı verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir.

Bu barədə klubun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Tale Heydərovun rəhbərliyi altında “Qəbələ” İK möhtəşəm nəticələr qazanıb, kiçik təməldən başlayaraq​ Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilib. Belə ki, “Qəbələ”, Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa liqası qrup mərhələlərinə yüksəlib. 

“İstefası ilə bağlı açıqlama verən Tale Heydərov klubun daha da irəli gedəcəyinə inandığını deyib. Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar.” 

Klubun son illərdəki ən böyük uğurlarından biri “Qəbələ” Futbol Akademiyasının açılışı olub. 2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın U-21 millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır. 

Klubun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun “Qəbələ” üçün böyük işlər gördüyünü vurğulayıb: “Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar “Qəbələ”nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin etmişdir. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm “Qəbələ”ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilmişdir. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanmışdır. Artıq “Qəbələ” üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik” 

Bildirilib ki, Tale Heydərovun klubdan ayrılması bu il Bakıda açılması planlaşdırılan Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcək.