Bu uşağın fotosu ən nüfuzlu mükafatına layiq görüldü – FOTO

ABŞ-Meksika sərhədində ağlayan honduraslı uşağın fotosu İlin Dünya Mətbuat Fotosu (World Press Photo) adına layiq görülüb. Fotoda ABŞ sərhədçisi anasının üzərində axtarış apararkən ağlayan qızcığaz təsvir olunub.

Aprelin 11-də Amsterdamda keçirilən mərasimdə münsiflər bildiriblər ki, Getty-nin fotoqrafı Con Moorenun çəkdiyi bu foto “zorakılığın başqa bir – psixoloji növünü üzə çıxarır”.

Foto ötən il honduraslı ana Sandra Sançez və qızı Yanela sərhədi qanunsuz keçəndən sonra çəkilib. Bu şəkil bütün dünyaya yayılmışdı, ABŞ-ın miqrantları övladlarından ayırmağı nəzərdən tutan siyasəti sərt tənqid olunurdu.

“Time” jurnalı fotonu üz qabığında dərc etmişdi. Ancaq Yanelanın atası sonradan Britaniyanın “Daily Mail” qəzetinə dedi ki, qızı anasından ayrılmayıb, onlar bir yerdə saxlanıblar. Qaliblər içində Contrasto agentliyindən Lorenzo Tugnoli var. O, “The Washington Post” üçün Yəmən müharibəsindən çəkdiyi fotoya görə mükafata layiq görülüb.