Ca. İyn 27th, 2019

Səfəvi dövlətində idarəçilik və hərbi təşkilat

Elşən Mirişli, tarixçi

Azərbaycan türkləri tərəfindən yaradılmış Səfəvi dövləti  yazılı mənbələrdə  Dövləti Qızılbaş, yaxud Səfəvilər Dövləti adı ilə tanınırdı. 1501-1736-cı illərdə mövcud olan Dövləti Qızılbaş öz adını tarixə bir Azərbaycan türklərinin imperatorluğu kimi əbədi yazdırmışdı.

Əmir əl-üməra

Əmirlərin əmiri deməkdir. Şahdan  sonra dövlətin idarə işlərində ən yüksək vəzifə idi.Əmir əl –üməra bütün silahlı qüvvələrə  başçılıq edirdi. I Şah İsmayıl(1501-1524) 1501-ci ildə Hüseyn bəy Lələ Şamlını  əmir əl-üməra təyin etdi.1530-cu ildə I Şah Təhmasib(1524-1576)  öz iki  bacısı oğlunu  Hüseyn xanı və Abdulla xanı  əmir əl –üməra təyin etmişdi.Əmir əl –üməralar tez-tez dəyişdirilirdi.

Lələ

Səfəvilər dövlətində mövcud olan vəzifələrdən biri də  lələdir. Lələ şah və yaxud  xanın oğlan uşaqlarının tərbiyəçisi idi.

Bəylərbəyi

Səfəvilər dövründə müəyyən  vilayətlərin hakimi hesab olunurdu.O,inzibati vəzifə daşımaqla yanaşı,yerli  qoşun hərbi hissələrinə  də başçılıq edirdi. Bəylərbəyi  şah tərəfindən təyin olunurdu və xüsusi hallarda bu vəzifə irsi olaraq nəsildən-nəsilə keçirdi.Səfəvi  dövlətinin  ərazisində 13  bəylərbəyi var idi, onlardan 4-ü Azərbaycan ərazisində idi:  Azərbaycan,Qarabağ (Gəncə), Şirvan və Çuxur-Səd bəylərbəylikləri.

Xan rütbəsi: Səfəvi Dövlətində ordu komandanları bu rütbəni ( Səfəvi Dövlətində general rütbəsi idi) daşıyırdı.”Xülasət ət-tavarix”də göstərilir ki,I Şah İsmayıl 1515-ci ildə Əmir  Sultan Mosulluya xanlıq rütbəsi bəxş edib, onu bir yaşlı  oğlu  Təhmasibə lələ təyin etmişdir.

Qorçibaşı və Qorçilər

Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin (Səfəvi daimi  və seçmə  xüsusi təyinatlı ordusu) qorçuların başçısı olub dövlətin  sütunu hesab olunurdu. Qorçibaşı etimad əl-dövlədən sonra Səfəvi dövlətinin ən böyük  əmirlərindən  hesab olunurdu.Bütün  qorçilərin işini qorçibaşı idarə edirdi. Qorçilərin  maaşları  və tiyulları qorçibaşının icazəsi və təsdiqi ilə verilirdi.

XVI əsrin birinci yarısında bəzən(xüsusən müharibə  vaxtı) qorçibaşı vəzifəsi əmir vəzifəsindən yüksək olmuşdur. Qorçibaşı müharibə günü əmirlərin əksəriyyətindən yüksək mövqe tuturdu. Qorçibaşıların  böyük imtiyazları var idi: hətta onlar valilərin təyin olunmasında  da mühüm rol oynayırdılar. Mənbələrdən aydın olur ki,qorçibaşı vəzifəsi XVIII əsrədək ən yüksək  vəzifə olaraq qalmaqda idi.Ümumi dövlət qorçibaşılarından  başqa ayrı –ayrı  əyalətlərin (bəylərbəyliklərin) və qızılbaş tayfalarının öz qorçibaşısı var idi.Qorçilər Səfəvi  şahlarının qızılbaş tayfalarından ibarət seçmə daimi ordu döyüşçüləri  idilər.Qorçi  sözü Azərbaycan türkcəsində “qoruyucu” mənasındadı.

Yazılı mənbələrdə qorçilərin geyimləri, silahları və sairə haqqında da məlumat verilir.Əsasən Azərbaycan türklərindən  ibarət olan bu qorçilərin  papaqları qırmızı rəngdə olurdu. Belə bir  baş geyimini  I Şah İsmayılın atası Şeyx Heydər  öz müridləri və əsgərləri  üçün  müəyyən etmişdi. Məhz buna görə də onlara qızılbaş deyilirdi. Başlarına qırmızı papaq qoyan qorçilər müharibəyə  yola düşən zaman başlarına zəncirli, zirehli dəbilqələr qoyurdular.Qorçilərin  xüsusi fərqləndirən əlamətləri-uzun bığları olurdu.Qorçilər  hərbi təşkilatlarının yarandığı ilk dövrlər adətən ox,qılınc,balta,xəncər və qalxanla silahlanırdı.

İlk dəfə olaraq “Xülasət ət- təvarix”in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir.Əlyazmada qorçilərdən  Sultan Ustaclunun, Əhməd bəy Əfşarın  və başqalarının adları  çəkilir.Qorçilər elit xüsusi təyinatlı seçmə  daimi ordu hərbi hissələri kimi döyüşlərdə,  hərbi əməliyyatlarda fəal iştirak edirdilər.”Xülasət ət –təvarix”də göstərilir ki,Bakı qalasının ətrafındakı döyüş zamanı  I Şah İsmayıl əmir  verdi ki,qorçilər xəndəkləri daşla doldursunlar.Şah İsmayıl  qoşuna xəbər göndərmək üçün də qorçilərdən istifadə edirdi.1528-ci ildə Qızılbaşlarla Şeybani xanlarından I Übeydulla xanın(1533-1539)qoşunları arasında baş verən döyüş zamanı Səfəvi şahlarının qorçilərindən biri  Übeydulla  xanı təqib  edir və onu qılıncla  yaralayır.

“Xülasət ət-təvarix”də göstərilir ki,ən etibarlı hərbi qüvvə hesab edilən qorçilərin eyni zamanda ən təhlükəli və xüsusi şəxslərin mühafizəsi zamanı istifadə olunurdu.Belə ki,Osmanlı sultanı  I Süleymanın oğlu oğlu Bayəzid 1559-cu ildə I ŞahTəhmasib tərəfindən həbs edilib dövlətxanasının bir hücrəsində saxlanırdı. Bu vaxt onun mühafizəsi bir dəstə qorçiyə  tapşırılmışdı.Şahın hüsn-rəğbətini qazanan qorçilərə daha yüksək vəzifələr həvalə olunurdu.II Şah İsmayıl 1557-ci ildə Qorçi  İmamqulu bəy  Qacarı bəylərbəyi vəzifəsinə təyin edərək Gəncə və Qarabağa  göndərdi.

“Xülasət ət-təvarix”də qorçiyane-hərəm, qorçiyane xasseyi-şərif, qorçiyane xasse,qorçiyane şəmşir,qorçiyane keşik və sairə qeyd olunur.Hərəm qorçiləri şahın hərəmxanasının keşiyini çəkirdilər.”Təzkirət əl-müluk” də göstərilir ki,qorçibaşılar qorçiləri müxtəlif işlərə göndərirdilər.Şahın silahdarlarına yaraq qorçiləri deyilirdi.Bu qorçilər saray məclislərində,qonaqlıqlarda şahın ətrafında dururdular.Gördükləri işlərdən asılı olaraq yaraq qorçiləri aşağıdakı kimi adlanırdılar: qılınc qorçisi, xəncər qorçisi, nizə qorçisi, kaman qorçisi, geyim (zireh) qorçisi,başmaq qorçisi,məndil qorçisi və sairə.Əncərlu qorçiləri 100 nəfərdən ibarət olub jandarm vəzifəsini ifadə edirdilər.Şah  tərəfindən qorçilərə torpaq paylandığı məlumdur. Xass  torpaqları olan Qəzvin və Savucbulaq bir dəstə qorçiyə verilmişdir.Lakin  I Şah Abbasın  hakimiyyəti dövründə (1588-1629) qorçilərin sayını 30000 nəfərə çatdırdı.

Təvaçibaşı

Səfəvi Dövlətində təsadüf edilən vəzifələrdən  biri təvaçibaşıdır.Təvaçi müharibə gözlənilən təqdirdə dövlətin tabeliyində  olan əyalətlərə gedərək  hərbi qüvvə tolayan  əmirlər olmuşlar.Onlar döyüşçüləri səfərbər edir, ordunun hara toplaşacağını bildirirdilər.1584-cü ildə İsmayılqulu xan Şamlı təvaçibaşı vəzifəsini icra edirdi və Qəzvin şəhərinin də tiyula  verildiyi məlum olur.

Yüzbaşı

Yüzbaşı  vəzifəsi əsasən  Səfəvilər  dövründə meydana gəlmiş və sonra da müəyyən  müddət mövcud olmuşdu.Yüzbaşı yüz nəfər  hərbçi və ya mülki şəxsin  başçısı idi.”Xülasət ət –təvarix”də bir sıra  yüzbaşıların  adları  çəkilərək  daşıdıqları vəzifələr  göstərilir.

I Şah İsmayıl 1502-ci  ildə  Məhəmməd Yüzbaşıya  Şirvanşahlar əleyhinə  xüsusi  hərbi tapşırıq  vermişdi.I Şah Təhmasibin də yüzbaşılar içərisində yaxın adamları var idi.”Xülasət ət –təvarix”də belə yüzbaşılardan  Həsən bəy Yüzbaşı Ustaclunun adı qeyd olunur.Həmin əlyazmada yüzbaşıların elçi sifətiilə xarici  ölkələrə  göndərildiyi məlum olur.I Şah Təhmasib 1558-ci ildə Həsən Bəy Yüzbaşı Ustaclunu çoxlu ənamlarla (silah,paltar,qızıl,sikkə,at və sairə) Bayəzidi qarşılamağa göndərmişdi. I Şah Təhmasibin, həmçinin yüzbaşı Əliağa Ağca Saqqala xüsusi etimad bəsləyərək onu  Türkiyə hökmdarı Sultan Süleyman Qanuninin (1520-1566) yanına elçi göndərdiyi məlumdur. Məxəzlərdə yüzbaşigəriye, hərəm, yüzbaşıy-e hərəm  vəzifələrinin də mövcud olduğu aydınlaşır.

Mülazim: Səfəvilərin hakimiyyəti  dövründə şaha,əmirə və müxtəlif  dövlət  qulluqçularına  xidmət edən  adamlara,o cümlədən vergi  toplayan məmurlara mülazim deyilirdi. Şahların  və yerli hakimlərin mülazimlərdən ibarət süvari  qoşun  dəstələri olurdu. 1499-cu ildə I Şah İsmayıl öz yaxın  mülazimləri ilə birlikdə Şirvanşah Fərruxu məğlub etmək məqsədi  ilə  Şirvana gəlmişdi. Səfəvi sarayında xüsusi xidmət sahibi olan Buluqlu bəy Zülqədrə 500 nəfər mülazim verilmişdi.

Rəise-həsar

Rəise –həsar burada həsar şəhər qalası mənasında işlədilir. Rəise-həsar kutvaldan fərqli olaraq şəhər qalasının rəisi hesab olunur.

Çərxçilər

XVI əsrin bir sıra yazılı mənbələrində olduğu kimi “Xülasət ət –təvarix”də də çərxçilər haqqında məlumat verilir.Çərxçi qoşunun önündə gedən,döyüş zamanında meydana öncə çıxarılan dəstə olmuşdur.Çərxçi  qoşunu əsasən,Səfəvilər dövründə mövcud olmuşdur.1507-ci ildə I Şah İsmayılın əmirlərindən  Xan Məhəmməd Ustaclu  öz qardaşı Qara bəyi 600 nəfər süvarinin çərxçisi  vəzifəsinə təyin etmişdir.Çərxçi vəzifəsi  qoruqçu vəzifəsindən daha yüksək hesab edilərək qorçubaşı ilə eyni səviyyədə idi.Çərxçilərə rəhbərlik edən şəxs çərxçibaşı adlanırdı.I Şah İsmayıl 1514-cü ildə  Osmanlı Sultanı  I Səlimlə müharibə zamanı qorçu vəzifəsində olan  Sarı Pir Ustaclunu çərxçi  təyin edir.Sonra çərxçi vəzifəsində  olan Sarı Pir Ustaclu bir dəstə çərxçi ilə birlikdə cəsarətlə Osmanlı ordusu  üzərinə hücum etmşdir.I Şah İsmayıl  bir dəstə  bahadırı çərxçi təyin etmişdi. Tarixi mənbələrdən məlum olur ki,Osmanlı ordusunda da çərxçi hərbi hissəsi mövcud idi. Səfəvi Dövlətində Muçi,Qaziye-muəsgər (Əsgər qazisi), ləşgərnevis   hərbi rütbələri  də mövcud olmuşdu.Muçi  qoşunda  böyük əhəmiyyətə malik hərbi rütbə idi. Qaziye-muəsgər orduda  şəriət qanunları əsasında hüquqi işlər aparırdı.”Xülasət ət-təvarix”də göstərilir ki,Müzəfərəddin Əli  Encu qoşunda  qaziye-muəsgər vəzifəsi ilə yanaşı sədr vəzifəsini də aparırdı.

1563-cü ildə isə dövrünün tanınmış alimlərindən hesab  olunan Mirəla əl-Mülki Məreşi əsgər qazisi vəzifəsinə təyin  edilmişdi.Ləşgərnevislər qoşuna aid məsələlərlə məşğul olub və xüsusi dəftərində lazımı qeydlər aparırdılar. Ləşgərnevevislər-Ləşgərnevisi-vəziri-sərkar, mülazim ağa və qulluqçulardan ibarət idi. Ləşgərnevislərin hesabına görə Səfəvi şahının ordusunda ustaclu tayfaından 16 min nəfər iştirak edirdi. I Şah  Abbasın  hakimiyyəti dövründə Ağa  Şahəli  Dövlətbəyi  ləşgərnevis vəzifəsinə təyin edilmişdi.

Ələmdar

Ələmdar isə təntənəli bayram  günlərində ələm gəzdirirdi.1555-ci ildə şahzadə Sultan İbrahim Mirzəni seyidlər,xadimlər,əmirlər və vəzirlər tam hörmətlə qarşıladılar.Ələmdarlar  bu vaxt ələmləri qaldırdılar.

Carçı-şah, vali hakim tərəfindən bir xəbəri, yaxud mətləbi küçədə, bazarda, şəhər meydanında və ya xalq arasında uca səslə elan edirdi. Əlyazmalarda hətta  I Şah  Təhmasibin oğlanlarından Musa Mirzənin carçı olduğu  göstərilir. Mənbələrdə adı çəkilən  monhinin də vəzifəsi  carçıya bənzəyirdi.1531-ci ildə monhilər (hərbi xəbərləri verən carçılar) və təvaçilər şahzadə  Əlqas Mirzənin  4000 nəfərlik qoşunla köməyə gəldiyini  I Şah Təhmasibə  xəbər  verdilər.

Səfəvilər Dövləti  idarəçilik və hərbi təşkilatı ilə həmişə diqqətləri özünə çəkə bilir.Azərbaycan türklərinin qurduğu bu dövlət təkcə hərb tariximizdə deyil, eləcə də dövlət quruculuğu tariximizdə mühüm yer tutur.