Ca. İyl 18th, 2019

Şəki Dövlət Yol Polisi maarifləndirmə tədbirlərini davam etdirir

UŞAQLARA YOL HƏRƏKƏTİ QAYDALARI ÖYRƏDİLDİ.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Münasibət oğlu Niftalıyev uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə rayonun təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir isə, Azərbaycan Skautlar Assosiasiyasının dəvəti ilə 14 aprel 2019-cu il tarixdə Şəki şəhəri, Məram Gənclər Mərkəzində keçirilmişdir. Tədbir zamanı, Tural Niftalıyev çıxış edərkən bildirmişdir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də yerlərdəki müvafiq qurumlar yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində əməli, təşkilati və profilaktiki tədbirlər həyata keçirirlər. Lakin, buna baxmayaraq təhlillər göstərir ki, respublika ərazisində ötən il qeydə alınmış yol-nəqliyyat hadisələrinin 47.5%-ni piyadaların vurulması faktları təşkil etmişdir. O cümlədən, müəyyən edilmişdir ki, bəzi hadisələrdə sürücülərlə yanaşı piyadalarında təqsiri vardır. Belə qənaətə gəlmək olar ki, piyadalar yol hərəkəti qaydalarını lazımi səviyyədə bilmirlər və onlara əməl etmirlər. Bu səbəbdəndə piyadaların intizamının artırılması, küçə hərəkəti qaydalarının öyrədilməsi və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac vardır. Polis baş leytenantı Tural Niftalıyev, Azərbaycan Skautlar Assosiasiyasının uşaqların yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsi üçün bu cür tədbir təşkil edərək onu dəvət etməsindən razılığını bildirib. Tədbirdə, uşaqlara əyani vasitələrdən istifadə etməklə yol hərəkəti haqqında qanunun 40-cı maddəsi, piyadanın vəzifələri barədə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. Uşaqlara, yol hərəkəti qaydaları barədə videoçarxlar göstərilib. Tədbirin yekununda, Azərbaycan Skautlar Assosiasiyasının nümayəndəsi Aygün Məmmədova, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.