Ankara təəssüratları: Erasmus ,Gənclər və İdman Nazirliyinə və Ankara Universitetinə səfər

İlk dəfə ölkədən kənarda keçirilən beynəlxalq layihədə iştirak etdim

Çoxdan arzusunda olduğum arzum gerçəkləşdi. Ölkə xaricində ilk beynəlxalq layihədə iştirak haqqı əldə etdim. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin tərəfdaşı olduğu Ankara Gənc Liderlər Topluluğunun təşkilatçılığı, Avropa İttifaqı tərəfindən Erasmus + proqramı çərçivəsində keçirilən “Don’t be silent to violence” təlim kursunda iştirak etmək üçün keçirilən seçim mərhələsində uğurla müsahibədən keçdim. Açığı, ölkə daxilində keçirilən bir çox beynəlxalq layihələrdə (“Gəncə 2016 Avropa Gənclər Paytaxtı”,”ADAU 1-ci Beynəlxalq Yay Məktəbi”, “Diaspor Gənclərinin 1-ci Yay Düşərgəsi” və s.) iştirakım seçim mərhələsində uğur qazanmağıma şərait yaratdı. Daha sonra rektorumuzun böyük dəstəyi, xeyir-duası ilə Ankara şəhərinə yollandıq. Bu mənim qardaş Türkiyə Cümhuriyyətinə etdiyim ilk səfər idi.

  Ankarada ilk gün.

Ankara Hava Limanına endiyimiz andan etibarən yeni həyəcan, yeni dostluqlar və yeni imkanlar yaranacağını sanki hiss edirdim. “Hotel Abro”ya yerləşdikdən sonra isə iştirak edəcəyimiz layihənin digər iştirakçılarını gözləməli olduq. Axşamçağı artıq bütün layihə iştirakçıları mehmanxanaya gəldilər. Tunis,İtaliya,Rumıniya və Türkiyədən olan layihə iştirakçıları ilə tanış olduq. Onların içərisində ən təsəvvürümün olmadığı ölkə və ölkə vətəndaşları Tunisdən olan iştirakçılar idi. Və layihə öz işinə başladı..

 Azərbaycan Respublikasının təqdimatı

Layihənin ikinci günü təlimlər başa çatdıqdan sonra bildirildi ki, layihədə iştirak edən bütün ölkə nümayəndələri öz ölkəsini təqdim etməlidir. Ardıcıl olaraq Azərbaycan, İtaliya, Tunis, Rumıniya və Türkiyə öz təqdimatlarını etməli idilər. Axşam saatlarına qədər Azərbaycan Respublikasının təqdimatı və masamız hazır olmalı idi. Ölkədən kənarda olan hər bir vətənpərvər gəncin arzusu düşünürəm ki, öz ölkəsini yüksək səviyyədə təmsil etmək olmalıdır. Biz də böyük həvəslə hazırlıqlara başladıq. Digər komanda üzvlərimiz ilə razılaşdıq ki, təqdimatı mən edəcəm. Beləliklə, vaxt yetişdi. Ölkəmizin himni ilə təqdimata start verdik.. Daha sonra Azərbaycanımızın-onun təkrarsız təbiəti, çoxəsrlik mədəniyyəti, tarixi, bu diyarın qədim sakinləri və həyatı, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələrini təqdim etdik. Masamızda milli simvollarımızdan paxlava, şəkərbura, Azərbaycan istehsalı olan şərablar, meyvə şirələri və s. layihə iştirakçılarına təqdim etdik. Sonda isə Vətənimiz haqqında videoçarx nümayiş olundu. Qürur duyurdum. Çünki, hiss edirdim ki, xüsusilə İtaliyadan olan layihə iştirakçıları Azərbaycanı indiyədək tanımamaqları üçün özlərini peşman hiss edirdilər. Digər Tunis və Rumıniyadan olan layihə iştirakçıları da, milli musiqilərimizin sədaları altında rəqs etməkdən doymurdular. Bununla fəxr edirəm, onsuzda inanırdım ki, hamı heyran qalacaq. Vətənimizin gözəlliklərinin tayı-bərabəri və bənzəri yoxdur. Türk qardaşlarımızın isə, qanı-qanımızdan, canı-canımızdan olduğu üçün onları xüsusi vurğulamağı özümə borc bilirəm. Hər şey əla yekunlaşdı!

 Ankaranı yaxından tanımağın vaxtı  çatdı.

Layihənin 3-cü günü. Tanışlığa türk dünyasının atası hesab edilən, Mustafa Kemal Atatürkün məzarının yerləşdiyi “Anıtkabir”dən başladıq. Bura möhtəşəm idi. Həqiqətən də, xarizmatik lider olan Atatürkün məzarını, dünyanın hər tərəfindən gələn insanlar ziyarət edir, türk qardaşlarımız isə qürur və fərəhlərini gizlədə bilmirdilər. Heyranlıq hissi ilə, “Anıtkabir”də yerləşən bütün məkanları diqqətlə, sevgi və dərin hörmətlə izləyirdik. Möhtəşəm idi, fəxr duyulası şanlı Türkiyə tarixi. Çanaqqala zəfərini əks etdirən muzeydaxili hissələri isə heç vaxt unutmayacağım dəqiqdir. Daha sonra Qızılay Meydanı, Ankara Qalası, Qocatəpə məscidi, Gənclik Parkını yaxından tanıdıq, gözəl fotolar çəkdirdik. Ankaranı belə əsrarəngiz təsəvvür etmirdim.

 Ankara gecələri möhtəşəm idi.

Dördüncü günümüzün yekununu mehmanxanadan kənarda keçirməyi bütün layihə iştirakçıları ilə razılaşdırdıq. Hər fürsətdə ölkəmizi, təmsil etdiyim şəhəri, layihədə iştirakımda köməklik göstərən Gələcəyə Körpünü, təmsil etdiyim universiteti təbliğ etməyə çalışırdım. Hər dəqiqə, hər an. Deməli, sakit Ankara gecəsi zamanı məsləhət görülən restorana getdik. Hər şey yaxşı idi… Ta ki, bədxah qonşularımızı görənə qədər.. İçəridə 3 nəfər erməni gördüm.. Telefonlarının arxasında gördüyüm bayraq məni hiddətləndirdi.. Nə edəcəyimi düşünürdüm, hamı isə artıq sifarişini vermiş və musiqinin ahənginə qapılaraq əylənməyə çalışırdı. Birdən ağlıma bir fikir gəldi.. Restoran rəhbərliyinə yaxınlaşdım və 3 Azərbaycan musiqisi sifariş verdim.. Doğrudur bu çətin oldu, çünki istək qəbul olunmurdu. Müəyyən qədər “bəxşiş”dən sonra musiqiçiləri razı sala bildim. Beləliklə, “Azəri torpağı”,”Azərbaycan oğluyam” və “Qaragöz” musiqiləri ard-arda səsləndirildi.. Əfsuslar olsun ki, onları çəkə bilmədim, musiqilər səsləndikcə, sağ və sol tərəflərinə baxır, sifarişçini axtarırdılar. Üçüncü musiqi bitməmiş, məkanı tərk etdilər. Qələbə qazandığımı düşünürdüm, çünki onlarla bir məkanda qalmaq məni sıxırdı. Gözümün önünə başımıza gətirdikləri müsibətləri gətirirdim. Ancaq uğur qazandıq deyə düşünürəm, çünki onların bizdən çəkinməyi, qorxmağı, bəli bu bir həqiqətdir. Bizim qələbəmiz sayılmalıdır. Əyləncəli gecə bitdi və mehmanxanaya qayıtdıq..

 ADAU-nun-Universitetimin təbliği ilə bağlı fürsət!

Bəli, artıq beş gün arxada qalırdı. Layihənin mövzusu şiddətlə bağlı olduğu üçün dərhal ağlıma heyvanlara qarşı tətbiq olunan şiddət və nümunələri gəldi. Açığı hazırlıqsız deyildim, öncədən də bildirdiyim kimi mənim üçün harda şans yaranarsa, dərhal təbliğata keçməli olduğumu yaxşı dərk edirdim. Bu məqsədlə də, universitetimizin Baytarlıq klinikasının təqdimatını etdim. Bəyənildi, xidmətləri sadaladıqca layihə iştirakçıları hazırladığım slaydı və klinikanın fotolarını maraq və diqqətlə izləyirdilər. Ölkəmizdə şiddətlə bağlı qanunları, ölkə rəhbərimizin sərəncamlarını layihə zamanı tez-tez bildirirdim.

 Ankara Universitetinə səfər və sosial medianın gücü

Hələ layihədə iştirakımın dəqiqləşdiyini bildiyim gün, dərhal universitetimizlə bağlı suvenir hazırlatmışdım. Çünki, məqsədim var idi, fürsət yaranan kimi, şəhərimizlə, universitetimizlə bağlı qardaş ölkədə fikir yaratmaq, Ankara Universiteti ilə tanış olmaq və ADAU ilə qurulan əlaqələri xatırlatmaq. Belə ki, Gənclər və İdman Nazirliyində görüşümüz zamanı, aparat rəhbəri İnanç Özçakmaka şəhərimizlə, universitetimizlə bağlı xatirə hədiyyələri təqdim etdim. Çox şad olduğunu, ölkəmizə səfəri zamanı mütləq universitetimizə qonaq gələcəyini bildirdi. Orada zaldan çıxarkən, bir cavan oğlan məni səslədi və “Azerbaycanlımısın qardaş?”- dedi. Əlbəttə dedim və söhbətə başladıq. Sən demə bu cavan oğlan Nazirin müşaviri imiş. Yanvar ayında ölkəmizdə olduğunu, Naxçıvanda və Bakıda olmağını bildirdi. Azərbaycandan dörd ortaq dostumuz çıxdı. Daha sonra Ankara Universiteti ilə əlaqə qurmaq istədiyimi, ora getməli olduğumu bildirdim. Günlərdir axtardığım, öğrenci konseyinin başkanı Onur bəyi axır ki, sosial mediadan tapdıq. Onunla danışmışdım sadəcə işlərin çox olduğunu bildirmiş və mənə yenidən yazmağı unutmuşdu. Uzun sözün qısası Abdullah qardaşımın köməkliyi ilə mehmanxanaya, ordan da hədiyyələri götürüb birbaşa Ankara Universitetinin rektorluğuna yollandıq. Sosial medianın sayəsində böyük Ankara şəhərində Onurla tanış oldum. Köməkçisi saat 17:00-da Rektorun bizi qəbul edəcəyini bildirdi. Sevincimin həddi-hüdudu yox idi. Zaman yetişdi, rektor Erkan İbişin otağına daxil olduq. Çox sadə, səmimi və mehriban şəkildə bizi qarşıladı. Açığı gözləmirdim. Çünki 70.000 tələbə kontingenti olan bir universitetin rektorunu bu qədər səmimi təsəvvür etmək sadəlövhlük olardı.

 ADAU və AÜ..

Hədiyyələri təqdim etdikdən sonra, çay süfrəsi arxasında səmimi söhbəti davam etdirdik.  Rektorumuz İbrahim Cəfərovun salamlarını çatdıraraq söhbətə başladım. Azərbaycan Dövlət Aqrar Universiteti haqqında məlumatlı olduğunu, xüsusilə Ziraat fakültəsinin əməkdaşlığını xatırladığını qeyd etdi. Ankara Universitetinin Türkiyə Cümhuriyyətinin ilk universiteti olduğunu bildirdi və bütün təkliflərimizi gözlədiklərini, hədiyyələr üçün və universitetlərinə gəldiyim üçün təşəkkürlərini çatdırdı. Böyük sürpriz isə hələ qarşıdaki dəqiqələrdə idi. Daha sonra mənə brendinq məhsulları olan qalstuk, fincan, çanta və universitetə aid xatirə kitablarını hədiyyə etdi. Təşəkkürümü bildirdim. Facebook-da profilimə baxaraq, alicənab, siyasətcil, diqqətli olduğumu qeyd etdi və sənin kimi vətənpərvər gəncləri burda görməkdən məmnun olacaqlarını qeyd edən rektor Erkan bəy, mənə magistratura təhsilimi onların universitetində imtahansız şəkildə davam etdirməyimi təklif etdi. Açığı bu qədəri inanılmaz oldu. Gözləmirdim. Gəncəyə qayıdan kimi təəssüratlarımı rektorumuza çatdıracağımı bildirdim. Çox vətənpərvər, millətini sevən insan idi. Bu görüş mənim üçün  tarixi və unudulmaz oldu. Sağollaşdıq və səmimi görüş üçün təşəkkürlərimi çatdırdım. Bizi yenidən gözlədiklərini bildirdi. Mehmanxanaya yollandım.

Sonuncu gün və unudulmaz Ankara xatirəsi..

Missiyamı tamamlanmışdım.  Ölkəmizi, şəhərimizi, universitetimizi çox yüksək səviyyədə təmsil etdiyimi düşünürəm. Ankara şəhərində bu bir həftə ərzində yaşadıqlarımın bir hissəsi idi. İnşallah bu şəhərə bir daha geri qayıtmaq ümidi ilə.

Minnətdarlıq

Layihədə ölkəmizi təmsil etmək imkanı yaratdığına görə, Gələcəyə Körpü Gənclər İctimai Birliyinə, Hüseynxan bəyə, Seymur bəyə, Nərmin xanıma və hər zaman dəstəyini arxamızda hiss etdiyimiz rektorumuz, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova, layihədə iştirakımda əməyi olan bütün şəxslərə dərin təşəkkürümü bildirirəm.

Valeh Əsədov, ADAU-nun tələbəsi.

94 Baxılıb