Ca. İyl 18th, 2019

Təzə kartof, soğan bazara çıxdı, amma…

Ölkə bazarlarında kartof, soğan və kələmin satış qiymətlərində, hələlik, elə bir ciddi ucuzlaşmanın baş vermədiyi bildirilir. Amma bu, təzə məhsula aid edilmir. Bunu adıçəkilən məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan şəxslər deyirlər. Onların söyləməsinə görə, hazırda «Yaşıl bazar»da kələmin topdansatışda kiloqramı 1 manat 30 qəpikdir. Pərakəndə satışda isə kələmin 1 kiloqramının 1 manat 50 qəpik-1 manat 60 qəpik arasında dəyişdiyi vurğulanır.

Satıcılar deyirlər ki, hazırda bazarda təzə soğanın topdansatış üzrə kiloqramı köhnə soğanla müqayisədə ucuz – 70-80 qəpik arasındadır. Amma onların bildirməsinə görə, təzə soğanın indi alıcısı çox deyil. «Təzə soğan indi yeməyə işlətmək üçün o qədər də yaramır, çətin qovurulur», – bir satıcı bildirib.

Köhnə soğanın isə topdansatışda kiloqramının 1 manat 30 – 1 manat 50 qəpikarasında dəyişdiyi bildirilir. Təzə kartof da çıxıb. Amma təzə kartofun qiymətində, hələlik, ciddi ucuzlaşma olmadığı qeyd olunur.

Aprelin 16-da İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri kartofun, soğanın, kələmin qiymətləri ilə bağlı yeni açıqlama yayıb. Açıqlamada xatırladılıb ki, martın sonunda və aprelin əvvəlində sözügedən məhsulların qiymətində ciddi artım müşahidə olunurdu.

Nazirliklər bildirir ki, daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartofun, soğanın, kələmin ixracına müddətli rüsum tətbiq edilib. Habelə, soğan idxalına spesifik rüsumun mayın 31-dək ləğv edildiyi (1 kiloqrama 20 sent-red.), faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifinin artdığı vurğulanır.

Rəsmi qurumlara görə, nəticədə aprelin ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir:

«Artıq kartofun 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 0.79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 1.09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1 manatdan, marketlərdə isə 1.29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır».

Nazirliklər vurğulayır ki, mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənir.

Xatrıaldaq ki, Son bir ayda kartofun, soğanın və kələmin qiymətində kəskin bahalaşma baş vermişdi. Hətta soğanın iki dəfədən çox bahalaşdığı bildirilirdi. Bunun ardınca Nazirlər Kabineti «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri» adlı sənədə dəyişiklik edib.

Qərarla bu il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları gömrük rusumu tətbiq edildi. Həmin qərarın 2-ci bəndində də qeyd edilirdi ki, mayın 31-dək 1 kq şalot soğanın, ağbaş və qırmızıbaş kələmin ixracına 2 ABŞ dolları gömrük rusumu qoyulur.