Be. İyl 22nd, 2019

“Fast food”ların, qazlı içkilərin yaratdığı FƏSADLAR… – Pediatrdan ÇAĞIRIŞ: “Bu yeməklərə vurulan….”

Müasir dövrdə “fast food” qidaları – tez hazırlanan ayaqüstü yeməklər, şirinləşdirilmiş qazlı içkilər uşaqların gündəlik qida rasionunda böyük yer tutur. Səhərdən axşama kimi işləməli olan bəzi valideynlər də vaxt azlığından tez-tez “Fast food”lara müraciət edirlər. Bu isə həm valideyn, həm də uşaqlar üçün istənilməz nəticələrə səbəb olur. Bu qidaların uşaq orqanizmi üçün mənfi təsirləri olduqca böyükdür. Belə məhsullarını ziyanı barədə pediatr Vaqif Qarayev deyib.

“Avropanın bir çox ölkələrində artıq “fast food” qida məhsullarının istifadə və istehsalı qadağandır. Ayaqüstü yeyilən bu cür qidaların tərkibində olan yağlar, zülallar və karbohidatlar uşaq orqanizmində çox ciddi problemlər yarada bilər. Belə ki, bu qidalar  mərkəzi sinir, mədə-bağırsaq sisteminə ziyan vurur,  piylənməyə səbəb olur. Belə bir azərbaycanlı düşüncəsi var ki, övladımız kilolu, yəni kök olsun. Lakin unutmayaq ki, kökəlməyə səbəb olan bu məhsullar  mədəaltı vəzi, qaraciyəri sıradan çıxarır və uşaqlarda yaddaş pozğunluğu, yuxusuzluq yaradır.  Bu məmulatların hazırlanmasında istifadə olunan yağ və digər vasitələr uşaq orqanizminə mənfi təsir göstərir”.

Uşaqların belə qidalar satılan yerlərdə olmağına da münasibət bildirən pediatr bildirdi ki, sosial şəbəkələrdə şəkil paylaşmaq, göstəri üçün bəzən uşaqlar belə yerlərə gedirlər:

“Marketlərdə satılan  kulinariya məhsulları, şirniyyatlar da həmçinin uşaq orqanizminə mənfi təsir göstərir. Son vaxtlar müşahidələr onu göstərir ki, uşaqlarda mədə-bağırsaq problemləri çoxalıb.  Bunun da əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Bəzən valideynlər şikayətlənir ki, uşaqlar evdə hazırlanan  yeməklərlə qidalanmaqdan imtina edir və marketlərdə satılan belə məhsullara üstünlük verir. Lakin valideyn bu qidaların ziyanını bilir və öz övladını belə yeməklərdən uzaq tutmalıdır.  
Son vaxtlar narahatlıq doğuran digər problem energetik içkilərin  uşaqlarda aslılıq yaratmasıdır.  Bəzən şahidi oluruq ki, hansısa uşaq xəstə olmadığı, daha doğrusu səhhətindən narazı olmadığı təqdirdə qəfil dünyasını dəyişir. Buna səbəb energetik içkilərin aslılıq halına gəlməsidir. Belə ki, gün ərzində 4-5 dəfə energetik içki qəbul edən uşağın ürəyi içkidə olan kofeinin çoxluğuna dözmür və bu da ölümlə nəticələnir. Sosial şəbəkələrdə, mətbuatda bu cür içkilər şişirdilmiş başlıqlarla uşaqları cəlb edir. Bu təbliğatı kökündən məhv etmək lazımdır. Yeyilən qidalarda karbohidartlatr zülallar və digər inqridentlər miqdarında olmalıdır, əks təqdirdə bu insan orqanizmi üçün ciddi problemlər yarada bilir”.
 Psixoloq  Gülər Məmmədova isə qeyd edir ki, uşaqların qidaya olan marağı ailədən irəli gəlir:

“Valideyn təbii qidalara evdə daha çox üstünlük verdikdə, uşaq  da evdən kənarda olduğu zaman qeyri-təbii qidalara tələbat hiss etməyəcək. Çünki sağlam qida ona evdə psixoloji cəhətdən düzgün təbliğ edilir. Şəhərdə müəyyən kafelərdə tez hazırlanan yeməkləri uşaq qəbul etdikdə, bu onun ağız dadına uyğun gəlirsə və həmin dadlara alışırsa burda onlara vurulan inqridentlərin birbaşa rolu var.  Belə ki, qidanın daha yumşaq və uşaq üçün dadlı olması onlarda aslılıq və alışqanlıq yaradır. Əgər ailə özü bu cür ziyanlı qida və içkilərlə qidalanırsa, uşaq da bu qidaların qəbulunu normal hesab edir. Düşünürəm ki, valideynlər arasında bu qidaların ziyanı barədə təbliğat aparılsa, uşaqların belə məhsullardan çəkinirmək daha asan olar”. (modern.az)