Azərbaycanda baş verən dələduzluq olayında Trampın adı çəkilir – Məhkəmə

«Özüm 55 min manat pul yatırmışdım. Qardaşıma dedim, o da 33 min dollar pul qoydu. Üstəlik, Londona gedəcək əməkdaşın bileti üçün 1100 manat da vermişdim. İki aya 1 milyon qazanc götürəcəyimizi demişdi. Amma axırda bildik ki, yalanmış…», – Bakı sakini Cəmil Seyidov hakim qarşısında necə aldanmasından danışır.

O da, qardaşı Şamil Seyidov da hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluq işində zərərçəkənlərdir. Onları aldatmaqda suçlanıb həbs olunan isə Şahin Abdullayevdir. Ona Seyidov qardaşlarıyla yanaşı, Əli Əhmədovu da qayınatasını həbsdən buraxdırmaq adıyla 10 min manat alıb aldatmağa görə ittiham verilib. Amma Ş.Abdullayev qardaşları aldadıb, onlara qarşı dələduzluq etməsi barədə ittihamı qəbul etmir, birjada uduş məsələsinin ondan asılı olmayan səbəblər üzündən alınmadığını bildirir.

«Dedi ki, Trampın embarqosuna görə pul axını dayanıb»

Ş.Abdullayev özünü təqsirli bilmədiyinə görə məhkəmə də öncə zərərçəkən qardaşları dinləyib. C.Seyidov başına gələnləri danışır: «Mənə özünü neftayırma zavodları tikən, qaz kəmərləri çəkən İtaliya şirkətinin rəhbər şəxslərindən biri kimi təqdim eləmişdi. Görüşlərimizin birində məni inandırdı ki, London birjası vasitəsilə böyük pul qazana bilərəm. Mən pulu şirkətin hesabına köçürməliydim. Mən və qardaşım pulu verəndən sonra bir gün dedi ki, əməkdaşın Londona getməsi üçün 1100 manat bilet pulu verilməlidir. Onu da verdim. Vaxt keçirdi, hər dəfə bir bəhanə gətirirdi. Deyirdi ki, Tramp ABŞ prezidenti seçiləndən sonra embarqo qoyub, pul axınının qarşısı kəsilib».

Qardaşlar aldandıqlarını başa düşəndən sonra polisə şikayət ediblər, Ş.Abdullayev həbs olunub. O, həbsdə olanda bacıları anasının evini Seyidov qardaşlarının adına keçiriblər. Bununla da ziyan ödənilmiş sayılıb və qardaşlar artıq ondan şikayətçi deyil.

6 min də tələb edir

Bu cinayət işində aldanan daha bir adam var – Əli Əhmədov. Onun qayınatası həbsdə olub və istintaq getdiyi müddətdə haqqındakı həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün pul verilib: «10 min manat pul istəmişdi, mən də valyutadəyişmə məntəqəsində işləyən dostumdan götürüb verdim. Demişdi ki, həftənin birinci günü azadlıqda olacaq. Olmadı. Sonralar telefonu da götürmədi».

Ə.Əhmədovdan alınan 10 min manat geri qaytarılıb. Ancaq o, daha 6 min manat tələb edir: «Ona görə qayınatam bir ay da artıq həbsdə qaldı. Görəndə ki, bu, bizi aldadıb, onda (öz işindəki) zərərçəkənə dəymiş ziyanı ödədi, buraxdılar. Valyutadəyişmə məntəqəsindən pulu sələmlə götürmüşdüm. 2 min manat ora vermişəm, bir aya 4 min manat da qayınatamın yanına gedib-gəlməyə xərc çıxıb».

Hakim ona deyib ki, Ali Məhkəmənin Plenumunun qərarına görə, o, heç zərərçəkən kimi tanınmamalıydı. Çünki pulu işin qanunsuz yolla həlli üçün, rüşvət kimi verib. Qanun isə rüşvət verməyə görə də cinayət məsuliyyəti nəzərdə tutub.

Məhkəmə araşdırmaları davam edir.

320 Baxılıb