Bakıda sifarişli QƏTL: qadını öldürüb yandırdılar – FOTO

Bakının Nizami rayonu ərazisində törədilmiş ağır cinayətin üstü açılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, aprelin 17-də səhər saatlarında rayonunun Azər Manafov küçəsi ev 15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.

DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar.

Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarını bildiriblər.

Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər. Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Polislər tərəfindən keçirilmiş əlavə əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin sifarişçisi Z.Dadaşov və A.Piriyevin  “Leyla” kimi tanıdıqları paytaxt sakini əvvəllər məhkum olunmuş Həmidə Nəsibova da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.