ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı iş adamı

Ömür elə də uzun deyil. Əvvəlindən baxanda sonsuz olacağı təəssüratını yaratsa da, sonundan geriyə boylananda çox qısa görünür. Ömrün rəngarəng olması üçün yollardan biri də müxtəlif ölkələrə səyahət etmək, həmin ölkələrin insanlarının yaşayış tərzini, mədəniyyətini öyrənməkdən keçir. Harada doğulub böyüməsindən asılı olmayaraq, əgər insan vətənindən uzaqda xeyli müddət yaşadısa həmin cəmiyyətin bir parçasına çevrilir. Düşüncələri, həyat tərzi büsbütün dəyişir. Doğrusu, haqqında söhbət açmaq istədiyim Elşən Nur cəmi iki ildir ki, Amerikada yaşayır, amma artıq bu cəmiyyətə qaynayıb qarışa bilib. Bəlkə də bu səbəbdəndir ki, bir sıra uğurlara imza atmağa müvəffəq olub…

O, 1984-cü ildə Bakı şəhərində dünyaya gəlsə də orta məktəbi dədə-baba yurdu Gəncədə bitirb. 2000-2004-cü illərdə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin ekologiya və təbii sərvətlərdən istifadə fakultəsində ekoloq ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr pilləsinə yüksəlib. 2006-2007-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra Bakıya üz tutub. Altı il Azərbaycan Turizm və Menecment Universitetinin tədqiqat və inkişaf şöbəsində layihələr üzrə mütəxəsis işləyib. Eyni zamanda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktoranturasında, eləcə də Almaniyanın Drezden Texniki Universitetində elmi tədqiqatla məşğul olaraq biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Həmçinin 2008-ci ildə Azərbaycanda velosipedi və ekoturizmi təbliğ edən “Təbiət Dostları” adlı ilk təşkilatın yaradıcılarından biri olub. 
2013-2015-ci illərdə Ümumdünya Təbiəti Mühafizə Fondunda layihə üzrə əlaqələndirici vəzifəsində çalışıb. Sonra bir ilə yaxın yenidən Almaniyada elmi araşdırmalarla məşğul olub. 2016-cı ildə vətənə dönərək bir il də təhsil nazirliyinin idarələrindən birində işləyib. 2017-ci ildən Amerika Birləşmiş Ştatlarında yaşayır. Əvvəlcə Çikaqoda məskunlaşsa da, 2018-ci ilin iyul ayında Kaliforniya ştatının Mountin Vyu şəhərinə köçüb…

…Atası Rəşad Nuriyev Gəncə Dövlət Universitetinin professorudur. Anası Həvayyət Məmmədova uzun illər orta məktəblərdən birində coğrafiya müəllimi işləsə də hazırda təqaüddədir…

Elşənin ABŞ-da nail olduğu ilk uğur da Kaliforniya ştatı ilə bağlıdır. Evlərin günəş enerjisi ilə işıqlandırılması, xarici görkəminin təmiri, eləcə də isitmə və soyutma sistemlərinin quraşdırılması ilə məşğul olan şirkət təsis edib. Şirkət qısa zamanda amerikalıların rəğbətini qazana da bilib…

Deyir ki,- “ABŞ-da yaşamaq istəyən insan risk etməkdən çəkinməməlidir. Əzmlə çətinliklərə sinə gərməli, məşğul olduğu sahədə öz işgüzarlığı ilə etibar və inam qazanmalıdır. Nəticədə uğur özü səni gəlib tapacaq. Mən hələ buraya gələn azərbaycanlıların peşiman olduğunu görməmişəm”…

…Ömür-gün yoldaşı Sevinc xanım ixtisasca fransız dili müəllimidir. Yaşadıqları Mountin Vyu şəhərinin məktəblərindən birində öz ixtisası üzrə çalışır. Bir qızı vardır, adı Amiradır. Amira xanım 6 yaşındadır…

Səyahət etməyi xoşlayır. İndiyədək 40-dan çox Avropa, Asiya ölkələrində olub. Velosiped sürmək, at çapmaq ona görə ən gözəl idman növləridir. Boş vaxtlarında alpinistlik edib qayalara da dırmanır. Psixologiya və parapsixologiya üzrə kitabları mütaliə etməkdən yorulmur. Azərbaycan musiqisini isə sevə-sevə dinləyir. 
Nə isə, bu cavan alimin dünyaya baxışı, özünə inamı insanda xoş təəssürat yaradır. Bəli, illər ötəcək, bir gün Azərbaycan mətbuatı Amerikada yaşayan Elşən Nur adlı azərbaycanlı milyonerdən söhbət açanda heç də təəccüblənməyin. Axı zirvələri yalnız özünə güvənənlər, məqsədə doğru əzmlə irəliləməyi bacaranlar fəth edə bilirlər…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Görüntünün olası içeriği: 1 kişi, ayakta, ağaç ve açık hava

Görüntünün olası içeriği: 1 kişi, dağ, gökyüzü, açık hava ve doğa