Polşa və Belarus Rusiya neftinin nəqlini dayandırdı – Şok qərar

Polşa və Belarus Rusiya neftinin sovet dövründən qalma Drujba kəməriylə qəbulunu dayandırıb. Onlar deyirlər ki, Polşa və Almaniyadakı qərb alıcıları Rusiyanın xam neftini ala bilməzlər, çünki o çirklənib və keyfiyyəti aşağıdır.

Belarus hələ aprelin 19-da Drujba kəməri ilə Rusiyadan gələn neftin keyfiyyətinin kəskin pisləşdiyini elan etmişdi. Çirklənmənin mənbəyinin Rusiya daxilində, kəmərin Samara- Uneça hissəsində baş verdiyi bildirilirdi.

Kəmərin Belarusdakı operatoru – Gomeltransneft Druzhba göndərişlərin “qeyri-müəyyən” müddətə kəsildiyini bildirib. Gomeltransneft Druzhba aprelin 25-də deyib ki, Rusiya neftini Çexiya Respublikası, Slovakiya və Macarıstana kəmərin Ukraynadan keçən hissəsi ilə göndərməkdədir.

Ancaq Polşa ərazisindən göndərişlərin dayandırılması o deməkdir ki, Polşa və Almaniyadakı böyük emal zavodları Drujba kəmərilə Rusiya neftini daha ala bilmirlər. Bu sırada Polşanın PKN Orlen emal zavodları və Almaniyada Total, Shell, BP və Rosneft-ə məxsus zavodlar var.

Qərbdəki neft alıcıları aprelin 25-də “Reuters”ə deyiblər ki, neft axınının kəsilməsi rusiyalı təchizatçılara qarşı hüquqi iddialara yol açar, onlar da öz növbəsində kompensasiya üçün ölkənin Transneft neft monopolistinə üz tuta bilərlər.

Drujba kəməri dünyanın ən uzun neft kəməri, dünyanın ən böyük neft kəməri şəbəkələrindən biridir. İlkin olaraq keçmiş Sovet İttifaqının qərb hissəsinə və Şərqi Avropadakı keçmiş sovet ölkələrinə neft təchizatı üçün tikilib. Hazırda isə Rusiya və Qazaxıstan neftinin Avropaya nəqlində əsas ixrac marşrutudur.