Böyrək alveri ilə bağlı cinayət işində 27 zərərçəkən var – Donor məhkəmədə elə sözlər dedi ki…

«Kirayə pulunu ödəyə bilmirdim, 3 min manata qalxmışdı. İşlədiyim maşınyuma yerində bir maşınla hadisə baş vermişdi. Müdiriyyət ona görə tələb olunan 5 min 500 manatı da mənim üstümə qoymuşdu. Özümü də işdən çıxarıb, sənədlərimi almışdı. Pulu ödəyəndə qaytaracaqdı. Heç gündəlik xərclərimə də pul tapa bilmirdim. Həyat yoldaşımla məsləhətləşdim ki, elan verib böyrəyimi satım. Həyat yoldaşım buna razı olmadı…», – böyrəyini satmış Elvin Məmmədovun sözləridir.

E.Məmmədov aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, böyrək alverində suçlanaraq həbs olunan Vahib Xudadatovun işində zərərçəkəndir. İddia olunur ki, V.Xudadatov bir sıra şəxsləri, o cümlədən Elvini də böyrəyini satmağa məcbur edib. Amma E.Məmmədov deyir ki, yox, onu heç kim heç nəyə məcbur etməyib: «Əksinə, bu adam mənə kömək edib. Mən pula ehtiyacım olduğundan könüllü şəkildə satmışam. Bu adam da donor tapmaqda vasitəçilik edib».

‘Evdə yeməyimiz yox idi, ona görə böyrəyimi satdım…’

V.Xudadatovla necə tanış olmasına gəlincə, E.Məmmədov danışır ki, problemlərin həlli üçün başqa heç yerdən pul tapa bilməyəndə böyrəyin qiymətini öyrənməkdən ötrü internetdəki elanlara baxıb. Bir elandakı telefon nömrəsinə zəng edib, cavab verən V.Xudadatov olub. O, bir tanışına böyrək lazım olduğunu deyib: «10 min manata razılaşdıq. Sonra gedib Bakıda klinikada qan analizi verdim. Məlum oldu ki, köçürmənin mümkün olub-olmadığının müəyyənləşdirilməsi üçün İrana getməliyəm. Dedim ki, mənim sənədlərimi müdir alıb».

Deyir, V.Xudadatov 500 manat verərək sənədləri alıb, vəd edib ki, bir müddət sonra gətirib 5 min manatı da ödəyəcək. Bu işdə olan digərləri kimi, E.Məmmədov və böyrəyini verəcəyi şəxs İrana gedib. Orada «Xomeyni xəstəxanası»nda həkim Mohsen Tahiri transplantasiyanın mümkün olub-olmamasını yoxlayıb. Rəy müsbət olandan sonra Tbilisidə elə həmin həkim gedib, böyrək köçürməsi əməliyyatını edib. Əməliyyatdan dərhal sonra o, hələ Gürcüstanda olduğu vaxt V.Xudadatov aparıb Bakıda 9 min 200 manatı onun həyat yoldaşına çatdırıb: «Razılaşdığımız 10 min manatdan əvvəl mənə verdiyi pulları çıxıb, qalan məbləği çatdırmışdı».

«Ümumilikdə 30 min dollar vermişəm»

Resipiyentlər (böyrək köçürülmüş şəxslər) də bu iş araşdırılarkən dindirilib. Şahmar Əsədov deyir ki, o, ara-sıra Bakıya gəlib, burada müayinə və müalicələr edən iranlı həkim M.Tahirini tanıyıb. Donorun tapılmasından tutmuş, əməliyyatın həyata keçirildiyi Düşənbə şəhərinə təyyarə biletləri, orada otel xərclərinə qədər bütün işləri də o, öz boynuna götürüb. Bundan ötrü ona 30 min dollar pul verdiyini bildirir. Təqsirləndirilən V.Xudadatovu İrana gedəndə sərhədi keçəndən sonra onu qarşılayan iki taksi sürücüsündən biri kimi tanıyıb: «O biri taksi sürücüsü Əkbəri idi. Bir günün içində səhər getdim, analizləri verdim, axşam qayıtdım. Mənə böyrəyini vermiş şəxsin adını da xatırlamıram».

‘Devalvasiyadan sonra kredit borclarına görə böyrəyimi satdım’

İş materiallarından görünür ki, ona Samux rayon sakini Sərvan Məmmədovun böyrəyi köçürülüb. V.Xudadatov məhkəmədə deyib ki, bu donora əməliyyatdan sonra 7 min dollar pul verilib. Amma sonradan S.Məmmədov yenə də pul tələb edib və bir neçə dəfə ondan əlavə 500-1000 dollar alıb.

Başqa bir şahid Nazim Axundovun həyat yoldaşına Günay Məhərrəmovanın böyrəyi köçürülüb. Gürcüstanda əməliyyat başa çatandan sonra Bakıda G.Məhərrəmovanın valideynlərinə 8 min manat pul çatdırılıb: «Zəng elədim Bakıya, oğluma. O da pulu aparıb çatdırıb».

Böyrək alveri ilə bağlı məhkəmə araşdırmaları mayın 6-da davam edəcək.

Xatırladaq ki, V.Xudadatov 2018-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var.

Bütün orqan köçürmələrində donorun pulu, İrana və daha sonra Gürcüstana (yaxud da Düşənbəyə) yol, otel xərclərinin hamısını resipiyent qarşılayıb. Hər iki tərəf – həm böyrəyini satan, həm də alan vasitəçiliyə görə V.Xudadatova da ayrıca pul verib.

Hər əməliyyata görə M.Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar «Lancet»in azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb. F.Ceyranlı hazırda Gürcüstanda həbsdədir. Dekabrın 20-də onun 6 illik həbs cəzası 2 il 3 ayadək azaldılıb. Məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrlə dəyişib. 

121 Baxılıb