Çin İpək Yolu layihəsinə 1 trilyon dollar yatırmağa hazırlaşır – Prezident tənqidlərə cavab verdi

Çin Prezidenti Xi Jinping deyir ki, köhnə İpək Yolunu bərpa etmək planı beynəlxalq ticarət əməkdaşlığını gücləndirməyi və genişləndirməyi hədəfləyir. O, 1 trilyon dollarlıq infrastruktur layihəsinin tənqidçilərinə bu cür cavab verib.

Türküstan.info xəbər verir ki, aprelin 26-da Pekində Kəmər və Yol Forumunda çıxış edən Xi onu da deyib ki, ölkəsi Çin firmaları üçün antirəqabət subsidiyalarını, yəni ədalətli rəqabəti əngəlləyən hökumət subsidiyalarını ləğv edəcək. Bu subsidiyalar Birləşmiş Ştatlar və Avropa İttifaqı daxil olmaqla bir çox xarici ticarət tərəfdaşları qəzəbinə səbəb olurdu.

“Biz əsaslandırılmamış qaydaları, subsidiyaları, ədalətli rəqabəti əngəlləyən və bazarı korlayan təcrübələri nəzərdən keçirib ləğv edəcəyik”, – Xi söyləyib.

“Bütün şirkətlərə, müəssisə və biznes qurumlarına bərabər münasibət bəsləyəcək, bazar əməliyyatına söykənən, qanunla idarə olunan biznes mühiti yaradacağıq”, – o vurğulayıb.

Kəmər və Yol Təşəbbüsünün (KYT) məqsədi Çini Avropa, Afrika və Asiyanın bəzi yerləri ilə birləşdirən yeni dəmiryolu, yol, liman və enerji infrastrukturu yaratmaqdır.

Sammitə Rusiya Prezidenti Vladimir Putin, Pakistanın Baş naziri Imran Xan, İtaliyanın Baş naziri Güzeppe Konte qatılıblar. 37 ölkə başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Özbəkistan Prezidenti Şövkət Mirziyayev də tədbirdə iştirak edir.

“Eksklüziv klub” deyil

Aİ üzvü olan Almaniya və Fransa tədbirə nazirlərini göndərib. Birləşmiş Ştatlar isə təmsilçi göndərməyib.

Birləşmiş Ştatlar və Avropa İttifaqının bir çox ölkələri Çinin bu təşəbbüsünü, regional infrastruktur layihələrə kreditlər ayırmasını tənqid edirlər. Onlar xəbərdarlıq edirlər ki, bəzi inkişaf etməkdə olan ölkələr borclarla yüklənib və onları ödəmək iqtidarında deyillər.

Kəmər və Yol Təşəbbüsü
Kəmər və Yol Təşəbbüsü

Xi isə bu narahatlıqlara cavab olaraq bildirib ki, borc risklərini önləməyə çalışacaqlar və bu nəhəng infrastruktur layihəsi “eksklüziv klub” deyil.

O, Çin şirkətləri ilə bəzi yerli hökumətlər arasında sövdələşmələrlə bağlı şəffaflığın olmadığını deyən tənqidçilərə də cavab verib. “Hər şey şəffaf aparılmalıdır, biz korrupsiyaya sıfır dözümlülük göstərməliyik”, – Xi bildirib.

Xi layihənin ekoloji tərəflərinə də diqqət ayrılacağını söyləyib. İnfrastruktur layihələrin regionda ətraf mühitə uzunmüddətli ziyan vuracağı sarıdan narahatlıqlar.

Tənqidçilər digər mənfi məqamlardan da narahatdırlar. Məsələn, Şri Lanka hökuməti krediti ödəyə bilmədiyindən bir limanını Çinə verməyə məcbur qalıb.

Xi bir daha təkrarlayıb ki, Çin milli valyutası olan yuanın rəqabətli devalvasiyasını aparmayacaq. Vaşinqton və Qərb bu məsələylə bağlı xəbərdarlıq ediblər.

Çin Prezidenti təşəbbüsü 2013-cü ildə işə salıb. O vaxtdan Çin uyğun layihələrə 90 milyard dollar yatırım qoyub. Çin bankları isə xarici hökumətlərə azı 200 milyard dollarlıq kredit ayırıb.