Fazil Mustafa Fəzail Ağamalını populizmdə suçladı

Millət vəkili Fazil Mustafanın Milli Məclisin son iclasında təbii qaza qoyulan limitin artırılması barədə səsləndirdiyi fikirləri oxucularımıza təqdim etmişdik. Bundan sonra isə ekspertlər və digər deputatlar Faizil Mustafanın təklifinə münasibət bildiriblər. Deputat Fəzail Ağamalı isə Fazil Mustafanın fikrinə bu cür münasibət bildirib.

 “Etiraf edim ki, müzakirələrdə iştirak edən peşəkar iqtisadçılarımızın və millət vəkillərinin mütləq əksəriyyəti haqlı olaraq limitin ləğv olunmasının tərafdarıdı. Deputat Fazil Mustafa və Vahid Əhmədov istisna olunmaqla. Onların Milli Məclisin plenar yığıncağında və mətbuatda doğal qaz və elektrik enerjisinin qiymətilə bağlı söylədiyi dozalı fikirlər əsassız və ölkə prezidentinin həyata keçirdiyi islahatların mahiyyətilə zidiyyət təşkil edən konyuktur mövqedir. Yetərincə savadlı və məlumatı olan hörmətli həmkarlarım ən azı “Kombi” sistemini işlədən şəhərlərimizdən, Abşeron, Quba və ölkəmizin digər rayon və kəndlərində “Ceyran peçi”lə qızdırılan evlərin 6-7 ayda qaz və elektrik enerjisinə sərf olunan maliyyə tutumunu deputat seçildikləri rayonun əhalisindən öyrənə, daha ədalətli və obyektiv mövqeyini ortaya qoya bilərdilər.”

Millət vəkili Fazil Mustafa isə həmkarının fikirlərinə öz feysbuk hesabında rəy bildirib. 

“Görünür son vaxtlar ölkədə geniş yayılmış populizmdən qazanc götürmək kursundan Fəzail müəllim də yararlanmaq fikrindədir. Mən əlbəttə, onun hər hansı fikrinə hörmətlə yanaşıram və burada hansısa neqativ məna axtarmaq niyyətindən uzağam. Hətta Fəzail müəllim öz populist izahında daha da irəli gedərək qazın və işığın bütün vətəndaşları üçün ödənişsiz olmasını təklif etsəydi belə, yenə də buna bir təklif kimi normal yanaşardım. Çünki təklif irəli sürmək bir hüquqdur və bizlər də bir millət vəkili olaraq öz hüquqlarımızdan istifadə edirik. Həm də öz təklifimdə daha realist və həlli mümkün olan varianta üstünlük vermişəm ki, müvafiq qurumlar öz qərarlarında düzəliş edərkən bir neçə alternativi gözdən keçirmək imkanı əldə etsinlər. Allah etsin ki, qaz və işığı ümumiyyətlə pulsuz etsinlər, yaxud da Fəzail müəllimin arzuladığı kimi ümumiyyətlə, limiti qaldırsınlar, burada hay-küy qoparmaq üçün hansısa bir əsas yoxdur axı… İşdir birdən bizim söylədiyimiz realist varianta üstünlük verilərsə, (sözsüz ki, limitin tətbiq olunması barədə qərarda olduğu kimi, bu qərar da ənənəvi olaraq ölkə prezidenti ilə razılaşdırılaraq verilə bilər) o halda hörmətli Fəzail müəllim qeyd edəcəkmi ki, ölkə prezidenti öz keçirdiyi islahatların mahiyyətinə zidd qərar qəbul edilməsinə göz yumub? Əslində ölkə prezidenti bütün məsələlərə praqmatik yanaşması ilə tanınan siyasətçi olduğundan cəmiyyətdən gələn mesajları bizsiz də, Fəzail müəllimsiz də dəqiq oxuya bilir və ümid edirəm ki, vətəndaşların marağına uyğun ən doğru qərarı da verəcəkdir.
Sonda vurğulamaq istərdim ki, qeyri- peşəkar iradlara rağmən bundan sonra da səsləndirəcəyim təkliflərin populizmdən uzaq, reallığa uyğun və vətəndaşların maraqlarına cavab verən formada olmasına həmişə səy göstərəcəyəm”.

150 Baxılıb