Şənbə gününün HAVASI açıqlandı

Ölkə ərazisində aprelin 27-də müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu , nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq.
Rayonlara gəlincə, sabah hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.