Be. İyn 17th, 2019

Millət vəkili gənc rəssama nə arzuladı? – FOTOLAR

Bu gün gənc rəssam öz əsərinin (rəsm) qəhrəmanı ilə görüşüb.

Turkustan.info xəbər verir ki, Azərbaycan Mədəniyyət və İncəsənət  Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin birinci kurs tələbəsi Məlyekəxanım Kamilqızı (Həmidova) millət vəkili Aydın Mirzəzadə ilə görüşüb.

Görüş Milli Məclisdə (MM) baş tutub.

Millət vəkili gənc rəssama rəssamlıq fəaliyyətində, gələcək işlərində, təhsilində uğurlar arzulayıb:

“Sizin fəaliyyətinizi bir neçə ildir ki, sosial şəbəkələrdən izləyirəm. Rəsmlərinizi bəyənirəm, təqdir edirəm. Mənim özümün də uşaqlıqdan rəsmə, rəssamlığa böyük həvəsim olub. Rəhmətlik atamın da gözəl rəssamlıq, əl qabiliyyəti olub. Ümumiyyətlə, ailəmizdə, yaxınlarımızda rəssamlığa böyük həvəs, maraq olub, var. Bəlkə də atam, valideynlərim üstündə bərk dayansaydılar, təkid etsəydilər mən rəssam olardım. Amma başqa sənəti seçməli oldum. Bununla belə, hər zaman rəssamlıqla, rəsm əsərləri ilə, bu yöndə işıq üzü görən kitablarla maraqlanıram, onları izləyirəm, mütaliə edirəm.

Bu gün valideynlər bəzən övladlarının sənətə, rəssamlığa gəlməsində maraqlı olmurlar, istəyirlər ki, övladları başqa sənət, peşə sahibi olsunlar. Ancaq çox yaxşı haldır ki, valideynləriniz,  xüsusilə, atanız sizin bu istəyinizə qarşı çıxmayıb, əksinə, sizi bu sənəti davam etdirməyə həvəsləndirib. Odur ki, sizə rəssamlıq fəaliyyətinizdə, təhsilinizdə uğurlar, gələcəyin gözəl rəssamlarından biri olmağınızı arzu edirəm”.

AYDIN-XANIM-1

Gənc rəssam da xoş və səmimi sözləri, həm də onunla görüşə vaxt ayırdığı üçün  A. Mirzəzadəyə dərin minnətdarlığını bildirib, millət vəkilinin fikir və tövsiyələrini  gələcək fəaliyyətində, təhsilində nəzərə alacağını söyləyib.

Sonra  gənc rəssam millət vəkilinə həsr etdiyi əsərini- portreti A. Mirzəzadəyə təqdim edib.

Millət vəkili də öz növbəsində bir daha gənc rəssama təşəkkürünü ifadə edib.

AYDIN-XANİM

AYDIN-XANİM-2

Görüşlə bağlı A. Mirzəzadə isə  öz İnstagram hesabında bunları yazıb:

“Bu gün Milli Məclisdə Azərbaycan İncəsənət və Mədəniyyət Universitetinin  birinci kurs tələbəsi Məleykəxanım Həmidovanı qəbul etdim. O, özünün çəkdiyi mənim portretimi mənə bağışladı. Ona çox çox istedadlı olduğunu bildirdim, ancaq zəhmətini daha vacib mövzulara həsr etməsini məsləhət bildim. Məleykəxanım tanınmış jurnalist Kamil Həmzəoğlunun qızıdır”.

Paylaşılıb
CrestaProject