Ça. İyl 23rd, 2019

Öz gündəmi olmayanların ölkəsi…

Araz Aslanlı

Bir mahnı, bir şəkil, hətta bir şayiə kifayətdir ki, müzakirə etdikləri mövzunu bir kənara atıb, çox alovlu müdafiə etdikləri mövqeləri kənara qoyub yeni mövzuya keçsinlər. Çünkü mövzunun önəmi yoxdur. Önəmli olan kimisə “yıxıb sürümək”dir. Önəmli olan kiminsə “dərsini vermək”dir.

Problemin əsas səbəblərindən biri də odur ki, bizdə əksəriyyət mütəmadi olaraq ittiham etməyə (hətta bir qismi də təhqir etməyə) adam axtarır. Bir məlumat (çox vaxt da şayiə) eşidən kimi dərhal başlayırlar adı hallanan şəxsi təhqir etməyə. Araşdırmağa, işin əslini dəqiqləşdirməyə, səbəblərini öyrənməyə və problemi təhlil etməyə xoşları gəlmir. Təbii ki, əksəriyyətin borcu deyil ki, hər eşitdiyi məsələni araşdırsın. Amma hər eşitdiyinə sərt reaksiya verib, işin əslini bilmədən başqalarını (şəxsi, rayonu, regionu və s.) təhqir etmək də mədəni davranış deyil. Diqqət etmişəm, hansı ölkədə təhsil almasından, yaşından, partiya mənsubiyyətindən, doğulduğu rayondan, hazırda yaşadığı ölkədən və maddi durumundan asılı olmayaraq çox sayıda insan rahat şəkildə qəti hökmlər verir, kimisə nədəsə ittiham və təhqir edir. Ümumi ictimai-siyasi keyfiyyət problemimiz var. Son günlərdə bir neçə fərqli mövzuda gedən müzakirələrin əsas səbəblərindən biri də məhz budur…

***

  • Problem haqqında sadəcə o problem faciəyə səbəb olanda danışmağa başlamaq
  • Problem haqqında o problemin səbəb olduğu faciə unudulana qədər danışmaq.

 

Bu, təxminən həkimə sadəcə vəziyyət ağırlaşdığı zaman getməyə və ağrılar azaldıqdan sonra müalicəni dayandırmağa bənzəyir.

Bunlar inkişaf etməmiş düşüncənin göstəriciləridir. Kimsə vaxt, enerji, maddi imkan və s. səbəblər irəli sürə bilər. Amma bu yollara müraciət edənlər daha çox vaxt, enerjini və maddi resursu daha gec və daha az effektli olacaq şəkildə istifadə etməyə məcbur qalırlar.

Normal cəmiyyətdə isə vaxtında müayinə olurlar, problemləri erkən aşkarlayırlar, vaxtında müdaxilə edirlər və beləcə daha az resursla daha sağlıqlı qalmaq mümkün olur.

Bu ümumi olaraq cəmiyyət üçün də belədir. Şəxslər kimi cəmiyyəti də mütəmadi olaraq “müayinə etmək” (müşahidələr aparmaq, problemləri aşkarlamaq, həll yollarını müzakirə etmək, həll etməyə çalışmaq və s.) lazımdır.

Faciələrdən sonra başlayan və faciə unudulana qədər davam edən müzakirələr əksər hallarda sadəcə ürəyini boşaltmaq üçündür (səmimi olan əksəriyyət üçün). Az bir qisim saxtakar üçün isə bu reaksiyalar şou göstərmək, özünü gözə soxmaq, gündəmdə qalmaq üçün vasitədir.

Bunun gələcək nəsillərə o qədər də faydası yoxdur. Bəlkə də zərərli bir vərdiş qazandırmaq kimi ziyanı var.