Koçaryan mayın 9-da Şuşaya gətiriləcək? – Separatçı liderlər prokurorluğa müraciət edib

Qarabağ separatçılarının keçmiş və hazırkı liderləri Arkadi Qukasyan və Bako Saakyan Ermənistan baş prokuroruna müraciət edərək, Ermənistanın eks-prezidenti Robert Köçəryan barəsində verilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər.

Bu məlumatı Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryan yayıb.

Müraciətin müəllifləri vurğulayırlar ki, mayın 9-da Qarabağ separatçıları öz silahlı qüvvələrinin yaranması gününü və Azərbaycan Şuşa şəhərinin işğalını qeyd edirlər.

Ənənəyə görə, bayram tədbirlərində Dağlıq Qarabağın bütün keçmiş rəhbərləri, o cümlədən Köçəryan iştirak edir. Lakin Qarabağ separatçılarının ilk lideri Robert Köçəryanın həbs olduğunu nəzərə alaraq, Qukasyan və Saakyan baş prokurordan qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər.

“Onun təcridxanadan çıxması və azadlıqda olması üçün biz istənilən zəmanəti verməyə hazırıq. Ümid edirik ki, qərarınız Qarabağın hər üç liderinə mayın 9-da Şuşada bayram tədbirlərində iştirak etməyə imkan yaradacaq. Bu, birlik və həmrəyliyin nişanəsi olacaq”, – müraciətdə deyilir.

Xatırladaq ki, ötən ilin iyul ayının sonlarında Köçəryan 2008-ci ilin mart ayında Ermənistanda konstitusiya quruluşunun devrilməsi ittihamı ilə həbs edilib. Lakin avqustun 13-də Yerevan Apellyasiya Məhkəməsi həbs qərarını dəyişərək, Köçəryanı azad edib. Baş Prokurorluq bu qərarı dəyişdirmək üçün Kassasiya məhkəməsinə müraciət ünvanlayıb.

156 Baxılıb