Be. İyl 22nd, 2019

Azərbaycanda boğulan, yanan körpələr – ARAŞDIRMA

Azərbaycanda faciəli uşaq ölümlərinin ardı-arası kəsilmir. Az qala hər həftə informasiya lentlərində azyaşlının ya su quyusuna yıxılıb boğulması, ya arxa düşməsi, yaxud üzərinə qaynar su tökülüb yanması barədə xəbərlərə rast gəlirik.

Məsələn, təkcə son günlərdə bir neçə belə hadisə qeydə alınıb-təkcə mayın ilk həftəsində 4 belə faciə yaşanıb.  Mayın 6-da Samux rayonunun Əlibayramlı kəndində 3 yaşlı uşaq ehtiyatsızlıqdan quyuya düşərək ölüb. Ötən ay isə Lənkəranda azyaşlı 4 metr dərinlikdə olan su quyusuna düşərək ağır xəsarətlər almışdı.

Əvvəllər də valideyn məsuliyyətsizliyindən, səhlənkarlıqdan baş verən bu cür faciəli hadisələrdən  yazıb. Amma azyaşlıların ölümü, yaxud ağır xəsarəti ilə nəticələnən faciələrin get-gedə artan statistikası bu mövzunu yenidən gündəmə gətirməyi zəruri edir.

Baş verən faciələr…

Mətbuatda yer alan xəbərlər əsasında məlum olur ki, bu ilin əvvəlindən indiyədək 20-ə yaxın azyaşlı bədbəxt hadisələrin qurbanı olub, onların əksəriyyəti 2-3 yaşlıdır. Məsələn, Şamaxının Göylər kəndində 3 yaşlı qız həyətdə oynayarkən su quyusuna düşüb, valideynləri xəbər tutanadək uşaq boğulub. Salyanın Həsənli kəndində isə azyaşlı valideynlərinin nəzarətindən yayınaraq həyətyanı sahədəki su hovuzuna düşərək boğulub.

Lənkəranın Haftoni qəsəbəsində uşaq su quyusuna yıxılıb, xoşbəxtlikdən sağ qalsa da, aldığı xəsarətlərdən hələ uzun illər müalicə olunmalıdır.  Daha bir diqqətsizlik- Şamaxıda evdə oynayan bacı qardaşın üzərinə sobada qaynayan çaydan aşıb. Nəticədə hər iki azyaşlı ciddi yanıq xəsarətləri alıb, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Mayın 3-də isə Bakının Nərimanov rayonunda 3 yaşlı uşaq yaşayış binasının səkkizinci mərtəbəsindən yıxılaraq ölüb. Bu sadalananlar mətbuatda işıqlandılan hadisələrin yalnız bir qismidir. Siyahını valideynin bir anlıq diqqətsizliyindən əli ət maşınında qalıb doğranan, qayçı ilə özünə xəsarət yetirən, evdə tək qaldığından ağır əşyanı üzərinə aşıran, yaxud dərman, yandırıcı maye içərək zəhərlənən  uşaqlarla davam etmək olar.

“Ananın başı seriala qarışır, uşaq yanır…”

Respublika Yanıq Mərkəzinin yanıq şöbəsinin cərrahı Ülviyyə Zeynalova da valideyn məsuliyyətsizliyindən zərər çəkən uşaqların sayının artdığını təsdiqləyir. Zeynalova deyir ki, ay ərzində onlara təxminən  25-30 müraciət daxil olur, əksəriyyəti də üzərinə qaynar maye dağılan 1-3 yaşlı uşaqlardır: “Xüsusilə bölgələrdən, Bakıətrafı kənd və qəsəbələrdən müraciətlər edilir. Bəlli olur ki, valideynlər heyvandarlıqla məşğul olurlar, südü, yaxud suyu qaynadıb soyuması üçün yerə qoyurlar. Uşaq da ehtiyatsızlıqdan qazana düşür, üstünə qaynar su dağıdır. Bəzən də elektrik çaydanını masanın üstünə qoyurlar, uşaq iməkləyərək, ya da gəzəndə çaydanı üzərinə dağıdır”.  

Ü.Zeynalovanın sözlərinə görə, 2-3 dərəcəli yanıq xəsarəti alan uşaqların həyatını xilas etmək mümkün olur, amma faciə azyaşlıların gələcək  həyatında dərin iz buraxır. Həkim dünən evə yazdığı xəstəni nümunə göstərib, deyib ki, azyaşlı uşağı olan analar ikiqat diqqətli olmalıdırlar.

“Şirvandan gətirilən 10 körpənin bədəninin 62 faizi yanmışdı, yaşamasına ümid az idi, 3 dəfə əməliyyat etdik. İki ay çəkdiyimiz əziyyət nəticə verdi, nəhayət dünən evinə yola saldıq”, -Zeynalova söyləyib. O əlavə edib ki, üzərinə qaynar su aşıran uşaq hələ uzun müddət müalicəsini davam etdirəcək: “Çox təəssüf ki, əksər halda faciələrə valideyn diqqətsizliyi səbəb olur. Ana çöldə işləyir, körpəni özündən 1-2 yaş böyük bacı-qardaşına tapşırır. Yaxud da başı seriala, sosial şəbəkələrə qarışır. Bilməlidirlər ki, yeni ayaq açan uşaqların nəzarətsiz qalması faciəyə yol aça bilər. Təkcə yanıqla ayda 25-30 müraciət sizə az görünməsin, bu ciddi göstəricidir”.

Səhlənkarlıq, yoxsa cinayət?

Təbii ki, heç bir valideyn övladının zərər görməsini istəmir. Bəs nə baş verir? Valideynlər niyə bu qədər məsuliyyətsiz, uşaqlara qarşı səhlənkar olublar?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bunun arxasında ciddi səbəblərin olduğunu düşünür. Hüquq müdafiəçisi deyir ki, statistikanın əsas hissəsi problemli ailələrin üzərinə düşür.

“Faciələrə aparan səbəblər müxtəlifdir. Qadınların sosial şəbəkədə vaxt keçirmələri uşaqların arxa plana keçməsi ilə nəticələnir, amma yeganə səbəb bu deyil. Qadınlar işləyirlər, xüsusilə bölgələrdə ailədə əsas yük qadının çiynindədir. Qadın həm də həyatyanı təsərrüfatda çalışır, evi dolandırmağın qayğısını çəkir. Nəinki rayonlarda, hətta paytaxtda belə uşaq bağçaları azdır, ana işlədiyi müddətdə övladını əmanət edə biləcəyi müəssisə tapa bilmir. Özəl bağçalar isə hamı üçün əlçatan deyil. Sosial problemlər də səbəblər sırasındadır”,-təşkilat rəhbəri deyir.

Hüquq müdafiəçisinin sözlərinə görə, ikincilərdən fərqli olaraq birincilər, yəni serialla, yaxud Facebook-da gün keçirməklə səhlənkarlıqdan övladının ölümünə səbəb olanlar məsuliyyətə cəlb edilməlidirlər: “Valideyn məsuliyyətini tənzimləyən qanunla bağlı maarifləndirməyə ehtiyac var. Ailə dəyərləri təbliğ olunmalıdır. İşləyən analara kömək edəcək sosial qurumların sayı artırılmalıdır. Belə faciələr həm də problemlərin dərinləşdiyinin siqnalı hesab edilməlidir”.

Cəzalar nəyi dəyişir?

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev isə deyir ki, valideyn məsuliyyəti qanunla tənzimlənir, İnzibati Xətalar Məcəlləsində xüsusi maddələr var. Məsələn, valideyn övladının təlim-tərbiyəsi ilə məşğul olmazsa məsuliyyət daşıyır: “Məsələn, uşaq valideynlərin günahı nəticəsində təhsildən yayınırsa, dilənçiliklə məşğul olursa artıq valideyn məsuliyyət daşıyır. Amma uşağın xəsarət alması, ya ölümünə səbəb olma artıq cinayət məsuliyyəti yaradır. Bu hal araşdırılandan sonra valideynlik hüququndan mərhum edilmə məsələsinə də baxıla bilər”.

P.Əliyev deyib ki, komitə sözügedən məsələ ilə bağlı maarifləndirmə aparır, çünki bütün hallarda isə bunun qarşısının alınması təbliğatdan, maarifləndirmədən keçir. “Müşahidələr göstərir ki, uşaqlar əsasən problemli ailələrdə diqqətdən kənarda qalırlar. Bəzən ailədə zorakılıq baş verir, təbii ki, zorakılıq olduğu halda uşağa çox diqqət ayrılmır”,-komitə əməkdaşı əlavə edir.

Baş vermiş faciələr araşdırılaraq hüquqi qiymət verilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsində valideyn məsuliyyətsizliyi ilə bağlı konkret maddələr var. Məsələn, İXM-nin 189.3-cü maddəsinə görə, yetkinlik yaşına çatmayan uşaqları baxımsız vəziyyətdə qoyduqda və onlar xəsarət alarsa, cərimə tətbiq olunur. Bu cərimələr serial baxan, qruplarda yazışaraq uşağa diqqət yetirməyən valdeynlər üçün də keçərlidir. Amma və təəssüf ki, cərimə, yaxud həbs cəzası faciədən sonrakı peşimançılıq üçün təsəlli deyil. (virtualaz.org)