Həmin Şuşa ki, onu sözlərə, sətirlərə sığdırmaq olmur…

Toğrul Xəlilov

Bu gün məhz həmin gündür ki, Azərbaycanın “Cənnət beşiyi” sayılan Şuşanın işğalından 27 il keçir…
Bəli, məhz həmin şəhər ki, içi mənim nənə-babam qarışıq neçə-neçə insan ona qovuşmadan haqqın rəhmətinə qovuşdular…
Bəli, məhz həmin insanlar ki, həyatlarının son anınadək “Ölürəm Şuşada ölməkdən ötrü” deyərək, ondan xeyli uzaqda onun həsrətini çəkdilər…
Bəli, məhz o həsrət ki, ildə bir dəfə “Şəhidlər Xiyabanı”nı ziyarət etməklə az da olsa dindirə bilinir…
Bəli, məhz o xiyaban ki, torpaqların azadlığı və müstəqilliyi uğrunda şəhid olan neçə-neçə cəngavəri öz ağuşuna alıb…

Bəli, məhz….həmin Şuşa ki, onu sözlərə, sətirlərə sığdırmaq olmur….Nə gözəl deyilib:

Şuşa bir günəşdi, Şuşa bir aydı,
Parisə bənzərdi dağılmasaydı….

Bir az Şuşa… Amid Əlioğlunun qələmilə….

Mənə görmək Şuşanı qismət olmayıb,
Amma mən…
Şuşanı yer üzünün cənnəti bildim həmişə.
Nə də sanmam ki, mənim fikrimi kimsə dəyişə.
Hər gecə ruhum adlayır döyüşə,
Cəng edir, tək savaşır,
Hissim hikkəylə daşır.

Körpüdür xəyallarım o yerlərə,
Qaldırır ruhu bütün zirvələrə.
Görürəm zərrə daşın var harayı,
Aman Allah, yox olub tarixi Qacar sarayı.

Axtarır…
Ruhum hayqırmaq üçün yer axtarır.
Amma tapmır ki, desin bircə sözü,
Nə desin?. 
Görmürmü tökür göz yaşını Cıdır düzü.
Üstündə ləkə düşmən izi.

Hər il bircəsini düşdüyüm o qırx pilləkən,
Yarıdan sonrasında sanki tikan.

Duyulur Bülbülün o həzin səsi,
Qan içrə dahi Üzeyir bəstəsi.
Çəksə Nəvvab Şuşanın bu halını,
Salar o lərzə inan bütün dünyada hər kəsi.

Amma yox…
O mənimdir, O bizimdir.
O vətən torpağıdır, əzizindir, əzizimdir.

Keçəcəkdir onun üstündəki o qarə bulud,
Şuşa düşməndə qalar fikrin unut!!!
Gördüyün təmizlik billur şüşədə,
Olacaq ər ya gec əlbət Şuşada…