Ç. İyl 17th, 2019

Bu il Azərbaycanda rus dilində tədris üçün 100 milyon manat xərclənəcək

Bu il rus bölmələrində təhsil alanlar üçün büdcədən 100 milyon manata qədər vəsait xərclənəcək.

Turkustan.info xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, bildirib ki, Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə 4,5 min ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. 

Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilindədir, onlardan 16-da dərslər yalnız rus dilində keçir. “Müqayisə üçün qeyd edim ki, son 3 idə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb. Belə ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə qeydə alınıb. Onlardan 9 faizi və ya 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Hazırda ibtidai məktəblərin rus bölməsinin 1 sinfində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir. 

2019-cu ildə təhsil xərcləri üçün 2 milyard 285 milyon 9 min manat vəsait ayrılıb. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,1 faiz təşkil edir.

Bu il ərzində ümumi təhsilə 1 milyard 289 milyon 100 min manat xərclənəcək”. 

Q. İbadoğlu deyir ki, bu məlumatlardan belə qənaətə gəlmək olar ki, rus bölmələrində təhsil alan şagirdlərin cəmi şagirdlərdə payı 7,5 faiz təşkil edir. Bu isə o deməkdir ki, ümumi təhsilə ayrılan 1 milyard 289 milyon 100 min manatlıq büdcə vəsaitinin 7,5 faizi və ya 96,7 milyon manatı rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir.

“Müstəqil ölkənin başqa bir dövlətin dilinin inkişafı üçün cari ilin büdcəsindən 100 milyon manata qədər vəsait ayırması hər bir şəxsi narahat etməlidir. Burda millətçilik və ya anti-rus elementləri axtarmağa dəymir. Mən Azərbaycanda rus dilinin öyrənilməsinin əleyhinə deyiləm. Sadəcə bunun üçün dövlət büdcəsindən vəsait ayrılmasını yalnış hesab edir və növbəti ilin büdcəsində bunun nəzərə alınmasını təklif edirəm. Çünki, təhlillər göstərir ki, bu məqsədlə xərclənən büdcə vəsaitlərinin həcmi sürətlə artır. Heç şübhəsiz ki, növbəti il üçün bu məqsədlə büdcədən ən azı 100 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulur. 

Hesab edirəm ki, ümumi dövlət məktəblərində tətbiq olunan 1-ci sinifdən birinci, 5-ci sinifdən ikinci xarici dil öyrədilməsi davam etdirilməlidir. Bu zaman rus dili də seçimlərdən biri ola bilər. Eyni zamanda tədrisi rus və digər dillərdə olan özəl məktəblərin də fəaliyyətinə şərait yaradılmalıdır. Hazırda Bakı şəhərində tədrisi ingilis, türk dilində olan çoxlu özəl məktəblər fəaliyyət göstərir. Belə olan halda tədrisi rus dilində aparan özəl məktəblər niyə olmasın?”.