Britaniya niyə Marseldən sonra Bakını hədəfə alıb? – Sensasion FAKTLAR

Böyük Britaniyanın  XİN-in öz futbol komandalarının kənarda keçirilən istənilən oyunlarında çılğın ingilis azarkeşlərinin  iştirakına görə   narahatlıq ifadə edən və azarkeşlərin sakitləşdirilməsinə xidmət edən tövsiyyələri adət halını alıb.

Turkustan.info bildirir ki, beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva Redaktor.az-a açıqlamasında deyib ki, Böyük Britaniya  XİN-in bəyanatı Qərbdəki ənənəvi anti-Azərbaycan dairələrinin ölkəmizə qarşı növbəti çirkin kampaniya aparmasına rəvac verir və bu matç baş tutana qədər davam edəcək:

“2016-ci ildə Böyük Britaniya XİN-i UEFA- 2016 liqası çərçivəsində Rusiya-İngiltərə matçı öncəsi öz vətəndaşlarına etdiyi xəbərdarlıqda, onları Avropanın ən sakit  şəhərlərindən biri olan Marseldə ehtiyatlı olmağa, terror hücumlarından qorunmağa çağırdı. Marsel şəhərindəki “Velodrom” stadionunda keçirilən  İngiltərə və Rusiya komandalarının qarşılaşmasından sonra aydın oldu ki, oyunda ingilis azarkeşləri deyil, digər azarkeşlər və Marsel şəhərinin sakinləri bütövlükdə ingilis azarkeşlərinin hücumuna məruz qalıb. Oyundan sonra heç-heçə hesabından mütəəsir olan ingilis azarkeşləri rəqib komandanın azarkeşlərinə və şəhər sakinlərinə hücum etdilər. Nəticədə bir neçə saat davam edən və kütləvi iğtişaş səviyyəsinə çatan hadisələrdə asayişin təmin olunması üçün fransiz polisinin antiterror qrupları cəlb olundu. Gecənin yarısına qədər davam edən bu iğtişaşı Marsel polisi port Marsel adlanan küçədə  müqavimət göstərən sərxoş ingilis azarkeşlərini və onların təhriki ilə iştirakçı olan rus azarkeşlərini tək-tək həbs etməklə sakitləşdirdi. Nəticədə 200-ə yaxın rus, 1000-ə yaxın ingilis azarkeşi saxlanıldı”.

Y.Hacıyeva vurğulayıb ki, Azərbaycanda isə 2017-ci ildə  UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ”-“Çelsi” futbol oyununa ev sahibliyi edən Bakıda, matçı izləmək məqsədilə ölkəmizə gələn ingilis turistləri özləri və çoxsaylı digər əcnəbi ölkə vətəndaşları ictimai asayişin necə təmin olunması, sabitlik və təhlükəsizlik mühitinin yüksək səviyyəli mövcudluğuna şahid oldular:

“Belə böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnunluğunu ifadə etdilər. Odur ki, Böyük Britaniya  XİN də daxil olmaqla, digərlərinin də idmana aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq bu tip  mülahizələrini  beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmasını qeyri-ciddi qəbul etmək lazımdır”.

Xatırladaq ki, bu günlərdə, UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyi təhlükəsizlik və sabitliyin tam şəkildə təmin olunduğu ölkəmizə aid anlaşılmayan və təəccüblü səyahət tövsiyələri paylaşıb. 

83 Baxılıb