Ç. İyl 17th, 2019

“Bilmirəm ki, bu məlumatları kim yayır” – Rusiyalı hərbi ekspert Yerevanı təkzib edir

Ermənistan 2019-cu ilin sonu – 2020-ci ilin əvvəllərində Rusiyadan Su-30 SM qırıcı təyyarəsi almağı planlaşdırır.

Bu haqda Ermənistanın müdafiə naziri David Tonoyan bildirmişdi.

Qeyd olunur ki, ilkin razılıq üzrə birinci mərhələdə Ermənistana 4 Su-30 SM qırıcıları veriləcək, daha sonra isə onları sayı artırılacaq.

Lakin bəzi rusiyalı ekspertlər bildirirlər ki, onlarda Rusiya ilə Ermənistan arasında Su-30 qırıcılarının alqı-satqısına dair müqavilə və ya ilkin razılaşma haqda məlumat yoxdur.

Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, rusiyalı hərbi ekspert Aleksandr Perenciyev Ermənistanın 1in.am analitik portalına bildirib ki, “Erebuni” aeroportu ərazisində yerləşdirilmiş Rusiyanın aviabazasının yeni silahlarla təchiz edilməsindən söhbət gedir.  

“Bu, alqı-satqı deyil. Yalnız Ermənistandakı Rusiya təyyarə bazasının yeni silahlarla təchiz edilməsindən söhbət gedir. Hələlik qırıcıların Ermənistana satışı haqqında danışıqlar yoxdur. Mən bilmirəm ki, bu məlumatı haradan əldə edib tirajlayırlar”-deyə A.Perenciyev söyləyib.

Onun sözlərinə görə, bu cür məlumatlar Azərbaycanın əsəbi reaksiyasına səbəb olur.

 

“Amma Su-30 qırıcıları Ermənistana verilmir, sadəcə Rusiyanın aviabazasına gətirilir. Müdafiə nazirinin (David Tonoyanı nəzərdə tutur-red)  bəyanatları ilə tanışam. Bu bəyanatlar Ermənistan üçün xoş səslənir. Hamı Ermənistanın müdafiə nazirindən sitat gətirir, ona inanır.

Eyni zamanda Türkiyəyə də Su-57 qırıcılarının satışı barədə danışılır. Ancaq Rusiya nə Türkiyəyə, nə Ermənistana, nə də başqalarına qırıcı satmağa hazırlaşır”- A.Perenciyev qeyd edib.

Hərbi mütəxəssisin sözlərinə görə, Rusiya müəyyən hərbi-siyasi yanaşma nümayiş etdirir. Bu isə ondan ibarətdir ki, nə Azərbaycana, nə də Ermənistana hücum texnikaları çatdırmamağı özündə ehtiva edir.

“Mən demirəm ki, bu, qadağandır, amma hələlik məsələ dondurulub. Hərçənd ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın müttəfiqidir və bu çərçivədə Ermənistana hava hücumundan müdafiə olunmaq üçün istənilən sistemlər verə bilərik. Burada hər hansı problem yoxdur.

Ancaq Rusiya hücum xarakterli hərbi texnikalarını nə Azərbaycana, nə də Ermənistana çatdıracaq. Bəli, bu, hərbi-siyasi yanaşmadır”-Perenciyev əlavə edib.