Ağ Evin qərar anı: İran vurulacaq, yoxsa?

ABŞ-ın İranda məqsədi müharibə etmək yox, hər şeydən əvvəl İran rəhbərliyinin davranışlarını dəyişməkdir.

Bunu Amerikanın dövlət katibi Mayk Pompeo deyib. “Biz hesablamalarımızda yanılmırıq: məqsədimiz müharibə yox, İran rəhbərliyinin davranışlarını dəyişməkdir. Ümid edirik ki, İran xalqı istədiyini və layiq olduğunu alacaq”, – deyə o, bildirib. Dövlət katibi qeyd edib ki, Vaşinqtonun bölgədə istifadə etdiyi qüvvələr “nəsə olacağı” təqdirdə uyğun şəkildə cavab verməyə hazır olmaq üçün lazımdır.

Maraqlıdır, ABŞ İranla münasibətdə geriyə addım atır?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə bildirib ki, dövlət katibi Mayk Pompeo ABŞ-ın İrana münasibətini və strategiyasını öz açıqlaması ilə doğru ifadə edib: “Həqiqətən də ABŞ məqsədi heç də İranı parçalamaq və bir dövlət kimi onu yer üzündən silmək deyil. Çünki İranı parçalamaq ABŞ-a sərf etmir. ABŞ İranı xarici siyasətdə özünə tabe edib, xüsusən də ABŞ-ın və İsrailin Yaxın Şərq planlarına mane olan İranın məqsədini zəiflətməkdir. İranı Yaxın Şərq strategiyasından imtina etməyə məcbur etmək istəyirlər. İranı parçalanması Yaxın Şərqdə böyük bir xaosa və anarxiyaya səbəb ola bilər. ABŞ İraqa, Əfqanıstana daxil oldu və indi də bu dövlətlərin ərazilərdə bataqlıq kimi qalıb. Amerika görür ki, bu kiçik dövlətlərin ərazisinə girməsinə baxmayaraq, indiyə qədər də qalib ola bilməyib. Bu uğursuzluğa düçar olduğu üçün İranla müharibəyə başlamaq Amerikaya qətiyyən sərf etmir. Hələ ki, ABŞ-ın yaxın hədəfləri İranın parçalanmaması yönündədir. İrandakı rejimin və Yaxın Şərq üzrə xarici siyasət prioritetlərinin dəyişməsi ABŞ-ın əsas strategiyasıdır. Çünki Amerika ilə İranın ən çox üz-üzə gəldiyi bölgə Yaxın Şərqdir. Bu Amerikanı ona görə narahat edir ki, İran Çin, Rusiya, Türkiyə və Avropa Birliyi ilə birlikdə ABŞ-a qarşı bir güc formalaşdırır. Eyni zamanda İranın Yaxın Şərq strategiyası İsrailin milli maraqlarına cavab vermədiyi üçün Amerika İranı öz yolundan çəkindirmək istəyir. Digər tərəfdən, İran dünya bazarına neft ixrac edən ölkədir və onun neft strategiyası da Səudiyyə Ərəbistanına mane olur. Səudiyyə isə Amerikanın, İsrailin müttəfiqidir. Bu baxımdan İran dünya enerji bazarlarında söz sahibidir və qlobal bazarlardakı qiymətlərə təsir etmək iqtidarındadır. Bu da Amerikanı narahat edir, bir oyunçu kimi İranı neft bazarında sıxışdırmaq istəyir”.

Politoloqun sözlərinə görə, İran Avropa Birliyini enerji ilə təchiz etmək istəyir: “İranın Ermənistandan keçməklə Qara dəniz vasitəsilə Avropa Birliyinə enerji xətləri çəkmək planı vardı. Avropa Birliyi ilə İranın çox yaxın münasibətləri var və bir-birini dəstəkləyir. Amma hazırda Avropa Birliyi ilə ABŞ-ın münasibətləri pisdir. Şah rejimi dövründə Amerika ilə İsrail İranla yaxın idi. Avropa Birliyinin 1979-cu ilin fevralın 10-da İranda qaldırdığı inqilabın məqsədi, ABŞ-la İsraili oradan çıxarmaq idi. Hazırda İran AB-nin təsiri altındadır və bu birliyin geosiyasi nüfuz dairəsinə daxil olan bir ölkədir. ABŞ İranı sıxışdırmaqla həm də Avropa Birliyinə həddini bildirmək istəyir. Yəni, burada iqtisadi, siyasi, geosiyasi – çoxməqsədli planlar var. Ona görə də Pompeonun qeyd etdiyi kimi, məqsəd İranı ABŞ-a qarşı siyasətindən əl çəkməyə məcbur etməkdir. Əgər bu gün İran öz sərhədləri daxilinə çəkilsə, aktiv siyasətdən əl çəksə, Amerikanın da, İsrailin də İranla bir işi olmayacaq”.

“Amerika molla rejimini dəyişməkdə uğur qazana bilər”

ABŞ-ın İran rəhbərliyinin davranışlarını dəyişməsinə nə dərəcədə nail olmasına gəlincə, Nəzakət Məmmədova bunu söyləməyin çətin olduğunu deyib: “İran güclü diplomatiyası və təşkilatı olan bir ölkədir. Ümumiyyətlə, İran, İraq, Əfqanıstan zəif fiqurlar deyil. İnanmıram ki, Amerika burada istədiyini dərhal əldə edə bilsin. ABŞ ən yaxşı halda İranda əhalini sosial zəmində inqilaba qaldıra bilər necə ki, buna dəfələrlə cəhd edib. Əslində, sanksiyaların məqsədi İranı iqtisadi cəhətdən zəiflətmək, əhalinin güzəranı pisləşdirmək və son nəticədə sosial inqilab qaldırmaqdır. Bundan sonra rejimin istefasını tələb etməklə, Amerika İranda istədiyi adamı hakimiyyətə gətirəcək. Hesab edirəm ki, hakimiyyət dəyişikliyi baş tuta,  Amerikanın siyasətinə loyal siyasət yeridən hökumət iş başına gələ bilər. Amerika molla rejimini dəyişməkdə uğur qazana bilər.
ABŞ-ın birbaşa İrana daxil olmasını demək sadəlövhlük olardı. Çünki Amerika bu addımı atacaq qədər ağılsız deyil. Amma Amerikada İrana atom bombası atmaq istəyən qüvvələr var. Bəzi qüvvələr də var ki, İranla ticarət əlaqələrinin qurulmasında maraqlıdırlar. Onu da qeyd etmək lazımdır ki, İranın əlində “Hizbullah”, “Mehdi Ordusu”, “Həmas”, “HəşdiŞabi”, “İran İnqilabı Keşikçiləri Korpusu” kimi böyük qüvvələr var. Amerika və İsrail İranla bacara bilməyəcək. İran Yaxın Şərqdə böyük hərbi, iqtisadi dayaqları var, onu məhv etmək asan deyil”. 
/Cebhe.info/

353 Baxılıb