Ca. İyl 18th, 2019

Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planı hazırlanacaq

İyunun 1-dən etibarən Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni  Açıq Hökumətin Təşviqinə dair  Milli Fəaliyyət Planının hazırlanmasına başlayacaq.

Turkustan.info-nun xəbərinə görə, Açıq Hökumətin Təşviqinə dair  Milli  Fəaliyyət Planının hazırlanması prosesi Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar ən geniş ictimai və vətəndaş iştirakçılığı təmin ediləcək, bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, KİV, vətəndaşların  müzakirələrə cəlb edilməsi üçün ictimai müzakirə və dinləmələr, dəyirmi masa müzakirələri keçiriləcək.  

Azərbaycan Açıq Hökumət Platforması digər tərəfdaşlarla birlikdə bu prosesə bütün maraqlı tərəfləri fəal cəlb etmək, onların bilgiləndirilməsi üçün məlumatların yayılması, dialoqun təşkili,  təklif və rəylərin  toplanması, bunların bütün tərəflərlə paylaşılmasını, səmərəli və peşəkar konsultasiyaların keçirilməsini təmin edəcək. Azərbaycan Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri, vətəndaş cəmiyyəti təşkilatlarını, KİV-i, vətəndaşları bu prosesdə fəal iştirak edib, töhfələrini verməyə dəvət edir.  

Bu məsələlərlə bağlı əlavə məlumat veriləcək. Yenilikləri Platformanın, https://www.facebook.com/opengovplatformaz/ “Facebook” hesabından və www.ogp.org.az saytı vasitəsilə izləyə bilərsiniz.

Xatırladaq ki, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP)  Azərbaycana hökumət və vətəndaş cəmiyyətinin birgə Açıq Hökumət Milli Fəaliyyət Planın işlənməsi ilə əlaqədar “Yol Xərtiəsi” hazırlanmasını tövsiyə edib. Azərbaycan Açıq Hökumət Platformasının  təşəbbüsü ilə QHT-lərdən ibarət İşçi Qrup yaradılıb və “Yol Xərtiəsi” hazırlanaraq,  Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına təqdim olunub. Komissiya öz növbəsində “Yol xəritəsi”ni Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə (OGP) təqdim edib.