Tramp Putinlə görüşəcəyini açıqladı – Kremlin sözçüsü isə “xəbərimiz yoxdur” deyir

ABŞ prezidenti Donald Tramp deyib ki, o Rusiya lideri Vladimir Putinlə iyun ayında Yaponiyada keçiriləcək G20 sammiti zamanı görüşəcək. Tramp bu barədə bəyanatı mayın 13-də Ağ Evdə Macarıstanın baş naziri Viktor Orbanı qəbul etməzdən əvvəl verib.

Lakin Rusiyanın Interfax agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadən bildirib ki, Vaşinqton Tramp və Putin arasında hər hansı bir görüş üçün müraciət etməyib: “Heç bir müraciət olmayıb. Bu barədə heç razılaşma da olmayıb”.

Bundan əvvəl Rusiyanın Kommersant qəzeti ABŞ Dövlət Departamentinin adı çəkilməyən rəsmisinə istinadən yazmışdı ki, Ağ Ev Tramp və Putin arasında görüş üçün Kremlə müraciət edib.

Trampın bu bəyanatından əvvəl xəbər verilmişdi ki, dövlət katibi Mayk Pompeo mayın 14-də Soçi şəhərində Putin və xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

Ötən həftə jurnalistlərə brifinqində Dövlət Departamentinin rəsmisi Pompeonun Tramp-Putin görüşünə hazırlıq işi aparıb-aparmayacağına dair suala cavab verməkdən boyun qaçırmışdı.

Bu ayın əvvəllərində Putin və Tramp telefonla danışmış və onların Venesuela, Ukrayna, İran və Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran Robert Mullerin hesabatı məsələlərini müzakirə etdikləri xəbər verilmişdi.

Trump deyib ki, o G20 sammiti zamanı habelə Çin lideri Si Jinpinglə görüşəcək. Vaşinqton və Pekin hazırda getdikcə şiddətlənən ticarət müharibəsindədirlər. Bu çəkişmə birjaları silkələyib və dünyanın iki ən böyük iqtisadiyyatı arasında uzun illər davam edən münasibətlərə ziyan vuracağından narahatlıq yaradıb.

52 Baxılıb