11 il SSRİ rəhbəri olmuş Xruşovun urvatsız dəfni – dostları dəfnə gəlməyib, qəzetdə nekroloq verilməyib

Onun dəfn məsələsi Kremldə əməlli-başlı problem yaradıb, təkliflər fərqli olub, hətta bu məsələ Siyasi Büro üzvləri arasında qruplaşmalara gətirib çıxarıb. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornı və Nazirlər Sovetinin sədri Aleksey Kosıgin təklif ediblər ki, Nikita Xruşovun nəşi yandırılaraq külü Kreml divarlarına yerləşdirilsin. Digər qrup, Leonid Brejnev, Mixail Suslov və Arvid Pelşe sabiq birincinin Novodeviçye qəbirstanlığında dəfn olunmasını məqsədəuyğun sayıblar. 

Müzakirə və mübahisələrdən sonra Brejnevin “komanda”sının təklifi qəbul edilib. Qərara gəlinib ki, “Pravda” və “İzvestiya” qəzetlərində heç bir şəkil və nekroloq olmadan Nikita Xruşovun vəfatı ilə bağlı yalnız bir cümləlik xəbər və başsağlığı verilsin.

Xruşovla son görüş və dəfn mərasiminin müddəti isə cəmi 2 saat planlaşdırılıb. Siyasi Büro üzvləri bütün vasitələrlə Xruşovu o “dünya”ya tez yola salmaq istəyiblər.

Bu tələskənliyi və hörmətsizliyi görən Xruşovun oğlu Sergey elə həmin gün dostu, norveçli jurnalist Luiyə zəng vuraraq atasının vəfatını ona bildirib. Məhz onun vasitəsilə xarici ölkələrdə Xruşovun vəfat etməsi xəbəri yayılıb.

Dəfn günü Novodeviçye qəbirstanlığıda “Sanitar günü” elan edilib. Bununla da qəbirstanlığı ziyarət məhdudlaşdırılıb. Xruşovun dəfninə yalnız ailə üzvləri, yaxın qohumları buraxılıb, bir də SSRİ-də akreditə olunmuş xarici jurnalistlər iştirak ediblər. Yerli mətbuatdan isə bir nəfər olsun belə dəfnə gəlməyib, daha doğrusu, yuxarıdan tapşırıq belə olub. Və sözsüz ki, dəfn mərasimində DTK əməkdaşlarının sayı dəfndə iştirak edənlərin sayından daha çox olub.

Kreml Xruşovun məzar daşının düzəldilməsində “səxavət”ini əsigəməyib. Əslində ailə üzvləri əvvəlcə bununla razılaşmayıb. Çünki onlar adi bir məzar daşı yox, Xruşovun qəbri üstündə abidə ucaltmaq istəyiblər. Kremldən bu arzuya qarşı bir cavab gəlib: “Partiya belə məsləhət görür…”

Bunun üçün Nazirlər Soveti 2 min rubl ayırıb. Məzar daşının düzəldilməsi heykəltəraş-arxitektor Ernst Neizvestnıya həvalə olunub. O layihəni hazırladıqdan sonra Kosıginə təqdim edib və ayrılan məbləğin az olduğunu söyləyib. Kosıgin layihə ilə tanış olduqdan sonra heykəltəraşla razılaşıb və məbləği 5 min rubla qaldırıb.

Məzar daşının üstünə yazılacaq yazı Kremldə növbəti problemi yaşadıb. Ailə üzvləri daşın üzərində yalnız tək “Xruşov” yazılmasını istəyib. Bu məsələ Kremldə müzakirə olunanda belə fikir səslənib ki, tək bir adın yazılması yalnız Leninə məxsusdur və digər bir şəxsdə bunun təkrar olunması yolverilməzdir. Xruşovun yaxınlarına bunu izah ediblər və məzar daşının üzərinə “Nikita Sergeyeviç Xruşov” yazılıb.

Sonralar Xruşovun nəvəsi Yuliya Xruşova babasının dəfni ilə bağlı öz fikirlərini belə bölüşüb:

“Bütün işlər elə sürətlə görülürdü ki, sanki bir azdan müharibə başlanacaq. Babamla son görüş Səhiyyə Nazirliyinin 4-cü idarəsinin mərkəzi klinik xəstəxanasında keçirildi. Heç bir saat tamam olmamış babamın meyidini Novedeviçye qəbirstanlığına aparmaq üçün xüsusi maşına qoydular. Biz də başqa maşınla yola düşdük. Həmin maşın elə sürətlə gedirdi ki, biz ona çata bilmirdik. Mən anlaya bilmirdim ki, bu tələskənliyə səbəb nədir. Dəfnə çoxlu insanlar gəlmişdi. Amma onları qəbirstanlığa buraxmadılar. Qəbirstanlıqda da bizə vaxt qoyulmuşdu, cəmisi bir saat. Babamın dəfnində yüksəkçinlilərdən heç kim iştirak etmədi. Hətta uzun illər Kremldə birlikdə çalışmış həmkarları da. Yalnız Anatas Mikoyanın adından əklil gətirilmişdi. Sözsüz ki, mən belə münasibəti heç cür qəbul edə bilmirdim. Axı ən azı babam SSRİ-nin sayca üçüncü rəhbəri olmuşdu və xidmətləri də az deyildi…”

Beləlilkə, Kreml SSRİ-nin üçüncü rəhbərini son mənzilə yola salıb. Üçüncü olsa da, əslində bu birinci dəfn idi. Əvvəlkilər, Lenin və Stalin Kreml divarlarının o üzündən – kabinetdən, bu biri üzünə – mavzoleyə transfer edilmişdilər. Düzdür, Xruşov Stalini mavzoleydən uzaqlaşdırmağa nail olmuşdu, amma çox da uzağa yox, cəmisi 200-300 metr aralıya, meydanın o biri başına. Bəlkə də elə bu “uzaqlaşdırma”nın cavabı idi ki, onun özünü Kremldən daha uzaqlara apardılar.

Qeyd edək ki, 1953-cü ildən 1964-cü ilə qədər SSRİ-nin rəhbəri olmuş Nikita Xruşov 1971-ci ildə 77 yaşında vəfat edib.(musavat.com)