Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının perspektivi- İdealizmdən praqmatizmə keçid – TƏHLİL

Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu, yubiley sammiti başa çatdı. Yubiley sammiti göstərdi ki, bir qayda olaraq çoxsaylı aktorların cəlb olunduğu böyük inteqrasiya layihələrinə xas ziddiyyətlər, fikir ayrılıqları qalmaqdadır. Bu da təbii qəbul olunmalıdır, 28 ölkəni birləşdirən Aİ ilə 6 ölkənin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığın, qarşılıqlı münasibətlərin qurulması, çox mürəkkəb prosesdir. Bununla belə, qeyd etmək lazımdır ki, bütün çətinliklərə, unudulan vədlərə, andlara, puç olan ümidlərə baxmayaraq, Şərq Tərəfdaşlığı Proqramının iflasa uğradığını söyləmək olmaz.

Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşməsi nə üçün lazımdır?

Proqrama daxil olan ölkələrdən 3-ü (Moldova, Gürcüstan, Ukrayna) Aİ ilə Assosasiya sazişi imzalayıb vizasız gediş-gəliş rejiminə nail olublar.  Baxmayaraq ki, Ermənistan və Belarus Avrasiya İqtisadi İttifaqına daxil olublar, amma Yerevan və Minsk Brüssellə əməkdaşlığı aktual saxlayırlar. Yerevan Genişləndirilmiş Əməkdaşlıq Sazişi də imzalayıb.

Azərbaycanla hazırda yeni əməkdaşlıq sazişinin imzalanması üçün iş aparılır. Rusiyanın bütün səylərinə baxmayaraq  Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrdə Ai ilə əməkdaşlığa, avrointeqrasiya proseslərinə  marağı,  istəyi  azaltmağa nail olmaq mümkün olmadı.  Aİ-yə bəslənən ümidlər, gözləntilər nə qədər doğrulmasa belə, Avropa bir çox hallarda eqoist davransa belə, avrointeqrasiya öz cəlbediciliyini saxlamaqda davam edir.

Bunun çox fundamental səbəbləri var və bu haqda çox müzakirə açılıb, lehinə və əleyhinə fikirlər səsləndirilib. Bu barədə ayrıca bir analizə ehtiyac var. Azərbaycan da istisna deyil və gənc nəsil, intelektual təbəqələr, siyasi qüvvələrin əksəriyyəti avrointeqrasiya proseslərinə dəstək verir. Şübhəsiz ki, bu proseslə bağlı fərqli baxışlar, yanaşmalar, maraqlar var, amma  çox az hissə Avropa ilə yaxınlaşmanın qəti şəkildə əleyhinə çıxır. Gənclərin seçimində isə Avropa ümumiyyətlə,  prioritetdir. Bakıda keçirilən Avropa günlərində, festivallarında bunu çox aydın şəkildə görmək mümkündür.

Digər amillər, təhsil seçimi, miqrasiya trendləri, sosiomədəni xüsusiyyətlər də gənclərin, orta nəsil təmsilçilərinin əksərən Avropa ilə yaxınlaşmaqdan yana olduğunu əminliklə söyləməyə əsas verir. Bir daha qeyd edək ki,  fərqli baxışlar var, amma ümumi bir  yanaşma açıq müşahidə olunur. Bu baxımdan Azərbaycanla Aİ arasında yeni Hərtərəfli Əməkdaşlıq Sazişinin imzalanması bütünlüklə ölkəmizin inkişaf prioritetlərinə uyğundur, hətta vacibdir.

Hər bir saziş sövdələşmədir və tərəflər öz maraqlarının maksimum nəzərə alınmasına çalışırlar. Hər bir saziş eyni zamanda öhdəlikdir və tərəflər digərinin daha çox öhdəlik götürməsinə nail olmaq istəyirlər.  Aİ ilə Azərbaycan arasında saziş bağlanması isə həm də, geosiyasi  aktdır və Bakı mümkün qədər özünü sığortalamağa çalışır. Yəni Aİ və Bakı orta perspektivdə münasibətlər üçün əsas olacaq sazişin hazırlanması  ilə bağlı normal, işgüzar danışqılar aparırlar.

Əminliklə qeyd edək ki, tərəflər bu sazişi imzalamağa məcburdurlar. Ona görə ki, 2020-ci ildən başlayaraq Azərbaycan Aİ-ni təbii qazla təchiz edəcək, qarşıdakı illərdə bu Avropaya  təbii qaz tədarükünün 14% həcmində ola bilər. Hazırda Aİ-nin neft təchizatının 5% Bakının payına düşür.  Azərbaycan Aİ ilə Rusiya arasında SSRİ dağılandan sonra yaradılmasına başlanılan bufer zonanın cənub cinahının ən son ölkəsidir. Bu zolaq Şimal-Qərbdə Estoniyadan başlayır və cənubda Azərbaycanla bitir. Azərbaycan Orta Asiya, Xəzər bölgəsinə açılan qapıdır, eyni zamanda Şərq Tərəfdaşlığında yeganə müsəlman ölkəsidir. Həmçinin Çinlə alternativ ticarət yollarının mərkəzi həlqələrindən biridir. İranla qonşuluğu da yaddan çıxarmaq olmaz.

Azərbaycanın da əsas xarici iqtisadi tərəfdaşı, enerji daşıyıcılarının əsas alıcısı Aİ ölkələridir, əsas investorlar, texnologiyanın idxal edildiyi,  modern təhsil imkanları təqdim edən də Avropadır. Azərbaycanın Şimaldan mümkün təhdidlərini heç olmasa xəfiflədəcək (ən azı öz maraqlarına görə) güclərdən  biridir. Azərbaycanın əsas investisiyaları da elə Aİ ilə bağlıdır. Siyasi, biznes elitanın da  sərmayələri “köhnə qitədə”dir. Bütün bu və sadalamadığım digər amillər Aİ-Azərbaycan əməkdaşlığının normativ əsaslarının möhkəmləndirilməsini, yeni dövrün tələblərinə uyğunlaşdırılmasını, tərəflərin öhədlik və məsuliyyətlərinin hüdudlarının müəyyənləşməsini zəruri edir. Bu baxımdan Hərtərəfli Əməkdaşlıq Sazişinin imzalanması qaçılmazdır.

Avropa İttifaqı Azərbaycana qarşı ədalətlidirmi?   

Aİ ilə münasibətlərdən danışarkən idealist gözləntiləri bir kənara qoymaqda fayda var.  Əlbəttə ki, Aİ, İttifaq ölkələri hər biri ayrılıqda öz maraqlarını güdürlər. Ehtiyacları olmasa, Azərbaycanın çətinlikləri və problemlərinə bulaşmaq belə, istəməzlər. Şübhəsiz ki, müəyyən yardımlar edərlər, amma yalnız dəyərlər, ideallara görə qucaq açmazlar. Bu baxımdan  əsas strategiya gerçəkçi olmaq və  mümkün olan imkanlardan maksimum yararlanmağa çalışmaq olmalıdır.

Azərbaycana qarşı ədalətsiz, haqsız yanaşmaları aradan qaldırmaq mümkün olacaqmı? Əlbəttə, yox. Amma bunlara hazır olmaq və adekvat cavab vermək ən yaxşı çıxış yoludur. Daha güclü, modern, dinamik cəmiyyət qurub, Avropadan daha çox qazanmağa çalışmaq ən düzgünü olardı. Hazırda  Azərbaycan daha yaxşı çalışıb, Aİ-ni özünə münasibətdə daha ədalətli olmağa vadar etməyə can atmalıdır. Əlbəttə ki, buna bir həddə qədər ümid etmək olar. Amma bunun hazırda alternativi də yoxdur. Şübhəsiz ki, milli maraqlar əsas götürülməklə.

Təəssüf ki, orta perspektiv üçün alternativ yolumuz görünmür. Cənub və Şimaldan təzyiqləri yalnız Qərb və Türkiyənin dəstəyi ilə zəiflətməyə, tarazlıq yaratmağa məcburuq. Aİ Azərbaycan və digər ölkələrə görə də,  çox böyük risk almaq qərarları verməyəcək. Ortada Ukrayna təcübəsi var. Bu məsələlərdə məsuliyyət daha çox tərəfdaş ölkənin üzərində qalır. Bu çox açıq nümayiş olunur. Biz bundan çəkinməliyikmi? Əsla yox. Sadəcə daha müdrik siyasət yürüdüb, riskləri azaltmağa çalışmalıyıq. Bizim bölgə, ölkəmizin mövqeyi isə bu riskləri hər zaman aktual saxlayır.

Avropa İttifaqı ilə əməkdaşlıq perspektivi

Aİ 2017-ci ildə Riqa sammitindən sonra Şərq Tərəfdaşlığı məkanında strategiyasını dəyişdi, artıq  geosiyasi riskləri daha yaxşı nəzərə almağa imkan verən differensial yanaşma tətbiq olunur. Aİ əməkdaşlıq çərçivəsini, ambisiyasını müəyyənləşdirməyi xeyli dərəcədə tərəfdaş ölkələrin üzərinə qoyur. Əlbəttə ki, Aİ-nin də hamı üçün umumi olan tələbləri var, lakin prioritetlərin müəyyən olunmasında  artıq tərəfdaşların rolu daha vacib amil kimi nəzərdən keçirilir.

Brüsselin yanaşmasında da əvvəlki idealizm və maksimalizm artıq praqmatizmlə tam əvəzlənib. 2020-ci il üçün 20 əsas hədəf, dörd əsas prioritet sahə müəyyənləşdirilib. Bunlar iqtisadi əməkdaşlıq, institusional inkişaf və yaxşı idarəetmə, əlaqələrin gücləndirilməsi, enerji effektivliyi, ətraf mühit, iqlim dəyişikliyi, mobillik və insanlar arasında təmasların artırılması istiqamətlərini əhatə edir.

Brüssel sammitinin nəticələrinə əsasən deyə bilərik ki, Azərbaycan iqtisadi, ticarət, enerji, nəqliyyat sahələrində ambisiyalı təşəbbüslərə malikdir. Aİ ilə insan haqları, demokratiya məsələlərinə baxışda fikir ayrılıqları  müşahidə olunur. Ən vacib məsələlərdən biri də şübhəsiz ki, Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlıdır. Bununla bağlı Aİ-dən xüsusi canfəşanlıq gözləməyə dəyməz. Brüssel indiyə qədərki praktikasından çıxış edərək ümumi bir formulaya üstünlük verəcək.  Aİ üçün Azərbaycanla sazişin əsas qayəsi bu məsələ deyil. Həssas yanaşırlar, Azərbaycanın ərazi bütövlüyünün tanındığını ifadə edəcəklər, amma xüsusi bir canıyananlıq gözləməyə dəyməz.

Yeni saziş Aİ ilə əməkdaşlığın normativ əsaslarını möhkəmləndirəcək, həmçinin geosiyasi baxımdan Brüsselin uğuru kimi dəyərləndirilə bilər. Saziş imzalandıqdan sonra Azərbaycan Brüsselə münasibətdə daha həssas davranmalı olacaq. Aİ-nin yardımının artması ilə yanaşı bir sıra məsələlərdə təsir imkanları da güclənəcək. Azərbaycan üçün də yeni imkanlar açılacaq, xüsusən iqtisadi əməkdaşlıq, ticarət, təhsil, infrastruktur layihələrinin həyata keçirilməsində Brüssellin dəstəyi artacaq.

Bununla belə, Aİ ilə əməkdaşlıqda Azərbaycan ehtiyatlı davranışı davam etdirəcək, çünki Bakı mümkün riskləri sığortalamağa çalışacaq və maraqlar tarazlığını poza bilən  qərarlardan çəkinəcək. Yəni əməkdaşlıq dinamikasının yaxın perspektivdə həddindən ziyadə güclənəcəyini gözləməyə dəyməz.

Aİ ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, enerji, nəqliyyat sahələri ilə yanaşı, əsas məsələlərdən biri kimi  yaxşı idarəçlik praktikalarının tətbiqi,  təhsil imkanlarının genişlənidirilməsi, müxtəlif sahələrdə islahatlara dəstək verilməsi, vətəndaş cəmiyyətinin inkişafında dəstək alınması nəzərdən keçirilə bilər.

Z.İbrahimli

Strateq.az