Media dini maarifləndirmədə iştirak edəcək

“Əqli Mülkiyyətçilərə Kömək” ictimai Birliyi “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən verilən məlumata görə, hazırda ölkəmizin din sahəsindəki durum sabit qiymətləndirilsə də, bunu qəbul etməyən, məlum dini münaqişələri ölkəmizə də transfer etməyə çalışan qüvvələr var:

“Belə qüvvələr respublikamızda dini durumu süni vasitələrlə gərginləşdirməyə cəhdlər edirlər. Son dövrlərdə radikal dini cərəyanların ölkə ərazisində fəallığını artırmağa çalışmaları da təsadüfi sayıla bilməz. Etiraf olunmalıdır ki, bir sıra hallarda həmin yad dini cərəyanların təsirlərinə düşən gənclərimiz, yeniyetmələrimiz də az olmur.
Bu problemləri nəzərə alsaq, dini sahə ilə bağlı maairfləndirmə işinin daha da genişləndirilməsinin böyük ictimai əhəmiyyət kəsb etdiyini və günümüzün aktual məsələsi olduğunu, gəncləri və yeniyetmələri yad və radikal sektaların təsirindən qorumağın, məlumatlandırmağın vacibliyini vurğulaya bilərik”. 

İctimai Birlıik hesab edir ki, hər sahədə olduğu kimi, dini sahədə də savadın, intellektin artırılması ən başlıca amil sayılmalıdır. Həqiqətlərin olduğu kimi insanlara çatdırılmasında isə medianın gücündən istifadə etməyin gərəkliliyi qeyd olunmalıdır. 

“Layihə müddətində xüsusi olaraq seçilmiş onlayn və çap mediasında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda nüfuzlu din adamları ilə müsahibələr yayımlanacaq, tanınmış ictimai-siyasi simalar, millət vəkilləri, tarixçi ekspertlər maarifləndirmə işinə cəlb ediləcək, dini maarifçilik yazılarının dərc edildiyi qəzetlər ali təhsil ocaqlarında pulsuz yayılacaq”.

Layihəni Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir.

31 Baxılıb