Ç. İyl 24th, 2019

Rusiyalı hakerlər bu ölkənin seçki sisteminə girib – Qubernator açıqlama yaydı

ABŞ-ın Florida ştatının qubernatoru deyir ki, 2016-cı il prezident seçkisi öncəsi rusiyalı hakerlər iki dairədə seçicilərin məlumat bazasına çıxış əldə edib. Ron Desantis-in mayın 14-də deməsinə görə, hakerlər məlumatlarla manipulyasiya edə bilməyiblər və seçkinin nəticələrinə ziyan dəyməyib.

Xüsusi prokuror Robert Muller də Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair hesabatında deyirdi ki, hakerlər azı bir dairədə şəbəkəyə çıxış əldə ediblər. “Mullerin hesabatındakı seçki məsələsi ilə əlaqədar bu yaxınlarda Federal Təhqiqat Bürosuyla (FTB) görüşmüşəm”, – Desantis mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, hakerlər çıxışı saxta email vasitəsilə əldə ediblər, işçilərdən biri həmin linki basıbmış. Desantis Mullerin hesabatında haker əməliyyatı haqda ümumi danışılmasından məyusluğunu bildirib.

“Təsəvvür edin, məsələ Mullerin hesabatında çıxır, heç kəs mənə heç nə demir. Yaxşı ki mən vəzifəyə 2019-cu ildə keçmişəm, bu isə 2016-cı ildə baş verib. Yəqin, bu səbəbdən FTB mənə bir neçə il əvvəl baş vermiş məsələ haqda heç nə deməyib”, – o vurğulayıb.

Floridanın keçmiş senatoru Bill Nelson ötən il xəbərdarlıq etmişdi ki, Rusiya ştatda seçki qeydiyyatı sistemlərinə “nüfuz edib”, ancaq onda seçki rəsmiləri məsələni qətiyyətlə təkzib etmişdilər.

Muller hesabatında belə bir qənaətə gəlib ki, Rusiya 2016-cı il seçkisinə “sistematik” müdaxilə edib, amma Tramp və komandasının Rusiya rəsmiləri ilə əlbirliyinə dair yetərincə dəlil aşkarlanmayıb.

Kreml seçkiyə müdaxilə iddialarını rədd edir.

Demokrat konqresmenlər Muller hesabatının tam açıqlanmasını tələb edirlər. Demokratların nəzarətində olan Nümayəndələr Palatasının bir neçə komitəsində hazırda Muller hesabatıyla bağlı istintaq gedir.