Trampın 120 min əsgərlik planı İFŞA OLUNDU: ABŞ mediasının İranın qonşularına oynadığı OYUN

“İranı hərbi məğlubiyyətə uğratmaq üçün 120 min əsgər kifayət deyil”.

Bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin müəllimi, Yaxın Şərq üzrə mütəxəssis Qriqori Lukyanov “Sputnik”ə açıqlamasında deyib.

Mütəxəssis ABŞ-ın müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanahanın İrana qarşı Yaxın Şərqə 120 min əsgər göndərmək planını şərh edib.

“Əgər məqsəd İrandakı vəziyyətə həqiqətən də təsir göstərməkdirsə, 120 min əsgər kifayət deyil. ABŞ 2003-cü ildə müasir İran ordusundan daha az təşkilatlanmış İraq ordusuna qarşı, təxminən, 500 min əsgər göndərmişdi. Amma o zaman ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) nəzarətindəki Yaxın Şərq bölgəsinin nəhəng maddi qaynaqları kifayət etməmiş, qonşu bölgələrin qaynaqlarını da səfərbər etmək məcburiyyətində qalmışdılar. İrana qarşı hərbi əməliyyat təşkil ediləcəksə, bunun üçün daha böyük gücə ehtiyac var. Hazırlıq mərhələsi də olduqca uzun müddət tələb edəcək” – mütəxəssis deyib.

Lukyanovun fikrincə, ABŞ-ın Yaxın Şərqə 120 min əsgər göndərmək bilgisi məqsədli şəkildə mətbuata sızdırıla bilər: “Məqsəd İran və ABŞ arasında uzun müddətdir davam edən təhdid, tələb və ultimatum alış-verişi çərçivəsində Vaşinqton tərəfinə daha bir arqument qazandırmaqdır. Bu sızıntı İran hökumətində kimisə qorxutmur. Sadəcə iki ölkə və Vaşinqtonun Avropa İttifaqı ölkələri ilə arasında yeni gərginliyə yol aça bilər. ABŞ-ın İrana qarşı siyasətinin bir çox Avropa İttifaqı ölkəsi tərəfindən dəstək görmədiyini indidən müşahidə edirik. İsrail və Səudiyyə Ərəbistanının verdiyi dəstək mövcud şərtlərdə Avropa İttifaqının yerləşdiyi mövqe ilə ölçüləcək qədər kifayət deyil”.

“ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını azaltma siyasəti Corc Buşun prezidentlik dövrünün sonlarında başladıldı və Barak Obama dövrünə qədər davam etdi. Donald Tramp dövründə “Ərəb NATO-su” kimi müxtəlif cəhdlər ortaya atıldı. Bu cəhd Yaxın Şərqdə sabitliyi təmin etmək üçün ABŞ büdcəsindən ayrılan xərclərin miqdarını azaltmaq məqsədi daşıyırdı. Buna görə Tramp olduqca radikal qərarlarla məşhur olsa da, sadəcə İran deyil, seçiciləri ilə münasibətlərini belə qüvvətli şəkildə pozmağa cəhd edə bilməz. Trampın Yaxın Şərqdə təhlükəsizliyi təmin etmək siyasətinin iqtisadi və Amerika əsgərlərinin həyatı baxımından daha az maliyyə və itki ilə başa gəlməsi cəhdlərinə ABŞ-da dəyər verilir. Bu durum dəyişərsə, İrana qarşı Yaxın Şərqdə hərbi qüvvələri genişləndirmək planı dəstəklənərsə, Tramp əvvəlki seçkilərdə zəfər qazanmağa yardımçı olan dəstəyin böyük qismini itirəcək. Bu minvalla, ABŞ mediası ya sözügedən xəbəri İrana, qonşularına və müttəfiqlərinə psixoloji təsir kimi yayıb, ya da bu xəbər imzalanmaq üzrə masaya qoyulan və gələcəkdə həyata keçiriləcək dəqiq plan kimi deyil, sadəcə ABŞ-ın ehtimal verdiyi seçimlərdən biridir” – Lukyanov qeyd edib. (publika.az)