Ca. İyn 27th, 2019

“Avroliqa”nın finalı Bakıda olacaq, arada Gürcüstan pul qazanacaq – SƏBƏB

Bildiyimiz kimi, Avropa Liqasının final oyunu may ayının 29-da Bakıda – Olimpiya Stadionunda baş tutacaq.
Turkustan.info xəbər verir ki, İngiltərənin iki futbol klubu -“Çelsi” və “Arsenal”ın üz-üzə gələcəyi final oyununda minlərlə ingilis azarkeşin iştirakı gözlənilir.
Məlumat üçün bildirək ki, oyundan bir-iki gün əvvəlki tarixlərə London-Bakı birbaşa aviareyslərində bütün biletlər satılıb. London-Bakı aviareyslərinə bilet olmadığı üçün azarkeşlər London-Tbilisi avireysinə olan biletləri də alıblar. Artıq ayın 27 və 28-i tarixləri üçün nə London-Bakı, nə də London-Tbilisi aviareyslərinə bilet satılmır.
Bakıya gəlmək üçün yalnız “tranzit” uçuşlar üçün biletlər satılır. Oyundan bir gün əvvəl – ayın 28-də Bakıda olmaq üçün ingilis azarkeşin ala biləcəyi ən ucuz biletin qiyməti 614 dollar olacaq. İngilis azarkeşlər 614 dollar ödəyərək Belarusun “Belavia” aviaşirkətinin 10 saat 15 dəqiqəlik London-Minsk-Bakı aviareysinə bilet əldə edə bilərlər.
Halbuki eyni tarixdə Tbilisiyə səfər etmək istəyən ingilis azarkeşlər 13 saat 45 dəqiqəlik London-Kiyev-Tbilisi aviareysi üçün Ukrayna Hava Yollarına  250 dollar ödəməlidir. 10 saat 15 dəqiqəlik London-Minsk-Bakı aviareysi üçün 614 dollar tələb edən Belarusun “Belavia” aviaşirkəti 9 saat 30 dəqiqəlik London-Minsk-Tblisi aviareysinə 376 dollar alır.
Türk Hava Yolları London-İstanbul-Bakı aviareysi üçün bileti 637 dollara satdığı halda, London-İstanbul-Tblisi aviareysinə 410 dollara satır.
Rəqəmlərdən də göründüyü kimi,Londondan Tblisiyə uçan təyyarələrdə biletlərin qiyməti daha ucuzdur və bu da onu göstərir ki, Avropa Liqasının finalı Bakıda təşkil olunsa da Gürcüstana da böyük azarkeş axını olacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən açıqlama da onu göstərir ki, Avropa Liqasının finalı ərəfəsində Tblisiyə böyük azarkeş axını olacaq. Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumatda qeyd olunur ki, azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib. Həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə 27-31 may tarixlərində mövcud “Bakı-Tbilisi-Bakı” marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.  /Yeniavaz.com/