Bz. İyn 16th, 2019

“Ərəblər burada 13 yaşlı qızı öldürüb meyitini bloka atmışdılar…” – Bakıda gecələr nələr baş verir? – REPORTAJ

Bakının Nəsimi rayonu, Səməd Vurğun, Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki yaşayış binalarının zirzəmiləri artıq bir neçə ildir ki, gecə klublarına, masaj salonlarına, pritonlara çevrilib. “Torqovı”dan üzü Qış Parkına doğru getdikdə təkcə S.Vurğun küçəsində əsasən yüngül əxlaqlı qadınların cəmləşdiyi  onlarla gecə klublarına, masaj salonlarına və barlara rast gəlmək olar.

Həm də bu məkanların əksəriyyəti Mədəniyyət Nazirliyi tərəfindən qorunan tarixi binaların zirzəmisində və ya birinci mərtəbəsində yerləşir. Təsadüfi deyil ki, Bakıya gələn əcnəbilər arasında bu küçəni öz adından daha çox “Qırmızı fonarlar küçəsi” kimi tanıyırlar. Küçə boyu düzülüb müştəri gözləyən yüngül əxlaqlı qadınlar, bahalı avtomobillərlə bu məkanları ziyarət edən sərxoş müştərilər, qumar, narkotik, səs-küy, söyüş, dava-dalaş,– küçənin gecə  həyatı bunlardan ibarətdir. Amma küçədən fərqli olaraq bu ərazidə yaşayan sakinlər üçün nə gecə var, nə də gündüz…

Tarixi binada gecə klubu?

Həmin küçələrdə yaşayan sakinlər  virtualaz.org-un reportyorlarına deyirlər ki, səhərə qədər işləyən gecə klublarının əlindən evlərində rahatlıq tapa bilmirlər. Şəxsi həyatları yoxdur, ömürlərini bu əxlaqsızlıq yuvalarıyla mübarizədə əridiblər.

“Arxitekturalı, tarixi abidə kimi qorunan binaların birinci mərtəbəsində gecə klubunun nə işi var? Digər tərəfdən də, gecə klubu səhərə qədər işləyir, rahatlığımızı pozur, uşaqlarımızı, nəvələrimizi bu ortamda böyütmək istəmirik. Bu tarixi binaların çoxu tikilərkən bir ailə üçün nəzərdə tutulub, havalandırma sistemi ümumidir, səs izolyasiyası yoxdur. Aşağıda danışılanlar, siqaretin tüstüsü evimizin içərisindədir…”, – Mərdanov qardaşları, 15 ünvanında yaşayan Lali Mehtiyeva bildirir.

Onun sözlərinə görə, uzun müddət apardıqları mübarizə nəticəsində yaşadıqları binanın zirzəmisində yerləşən “İnfinity” adlı məşhur gecə barının bağlanmasına nail olublar. (Həmin adda gecə klubu indi şəhərin başqa yerində, Nərimanov rayonu ərazisində fəaliyyətini davam etdirir) Amma problem bununla bitmir, küçədə gecə klubları və masaj salonları yağışdan sonra göbələk kimi gün-gündən çoxalır.  

“Ərəblər “İnfiniti” barında 13 yaşlı qızı öldürmüşdülər…”

Vidadi küçəsi, 148 ünvanında, Aşurbəylilər ailəsinə məxsus binada yaşayan Afət Həsənova isə deyir işdən qayıdanda evin qarşısında maşın saxlamağa yer tapılmır. Səbəb isə küçələrin gecə klublarının ziyarətçiləri tərəfindən zəbt olunmasıdır. Sakinin sözlərinə görə, son dövrlər binaları bərpa edilib, ərazidə xeyli abadlıq işləri aparılıb, səkilər qoyulub, küçələr təmir olunub, amma əsas problem həll olunmayıb.

 “Səs-küydən gecə evimizdə rahat yata bilmirik. Həftənin şənbə və bazar günləri bu barlar fahişələrin dalınca gələn gələn ərəblərlə dolu olur. Binamızın altında “İnfinity” bar işləyəndə dəfələrlə orada ölüm hadisələrinin şahidi olmuşuq. Axırıncı dəfə həmin barda 13 yaşında qız uşağını ərəblər öldürmüşdülər. Meyitini gətirib qonşu binanın blokuna atmışdılar. Ora ərəblər üçün 12-13 yaşlı oğlan və qız uşaqları gətirirdilər. İnsan alveri, quldurluq, girov götürüb saxlama, narkotik ticarəti, qumar, bu cür gecə klubları üçün adi haldır. 2016-cı ildə 8 ay qapıları gəzdik, bütün instansiyaları keçdik, nəhayət ki, həmin barın bağlanmasına nail olduq. Təkcə bir klubla mübarizə bizim neçə il ömrümüzü aldı. Bu əxlaqsızlıq yuvaları isə bir deyil, beş deyil…”-sakin danışır.

Şikayətçi deyir ki, sonuncu belə məkan masaj salonu adı ilə Mərdanov qardaşları küçəsində, 15 saylı binanın zirzəmisində açılıb. Lakin sakinlərin şikayətləri əsasında məhkəmə qərarı ilə bağlanılıb.

“Lənətlənmiş” küçə… bir yandan gecə klubları, bir yandan radiasiya təhlükəsi

Sakinlər deyirlər ki, küçənin problemləri onları ailə və şəxsi həyatdan edib. Problemləri isə həll etdikcə azalmır, bir az da artır, sanki yaşadıqları küçə “lənətlənib”. Sakinlərin rahatlığını pozan təkcə əxlaqsızlıq yayan gecə klubları, tıxac, səs-küy deyil, bir də, mobil operatorlar tərəfindən küçə boyu bir neçə yerdə quraşdırılmış ötürücü antenaların yaydığı şüalanmadır.

Şikayətçilər bildirirlər ki, artıq 13 ildir Vidadi küçəsi, 173 ünvanındakı bir mərtəbəli yaşayış evinin damında və Mərdanov qardaşları və B. Səfəroğlu küçələrinin kəsişməsində yerləşən binanın fasadında quraşdırılan , yerli mobil rabitə operatorlarına məxsus ötürücülər radiotexniki obyektlərin yerləşdirilməsi və istismarına aid bütün beynəlxalq təhlükəsizlik normalarını kobud şəkildə pozur, güclü elektromaqnit şüalanması yaradır.

Qanuna görə isə, bu antenalar yaşayış yerlərindən 10-25 metr aralıda qoyula bilərdi. Şüalanmanın dərəcəsi isə həmin vaxt nə qədər insanın telefonla danışmasından asılıdır.

Bu problemlə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub və onların şikayətləri əsasında nazirlik tərəfindən ərazidə monitorinq keçirilib. Nəticələr də həmin cihazlar quraşdırılan binanın özündə və qarşıdakı binada radiasiyanın normadan 4-5 dəfə artıq olduğunu göstərir.

“Son 4 ildə şüalanmadan beş nəfər ölüb”  

“Hazırda Aşurbəylilərə məxsus binanın 12 mənzilindən 8-də yaşayış var. 8 mənzildə yaşayan sakinlər arasında son 4 ildə 5 nəfər dünyasını dəyişib. Hamısı da cavan, orta yaşlı adamlardır, xərçəng xəstəliyindən ölüblər. Biz bilirik ki, bu həqiqətdir, amma onu da bilirik ki, bunu heç kimə sübut eləmək mümkün olmayacaq. Bu küçədə, ümumiyyətlə, dayanmaq təhlükəlidir. Hazırda küçədə şüalanma normadan 4-5 dəfə çoxdur. Qapı-pəncərələri, eyvanı, bir otağı tamamilə bağlayıb zirzəmidəki kimi oturmuşuq”, – sakin Afət Həsənova qeyd edir.

Məlum olur ki, ümumilikdə, bu antenaların zəhərli təsirindən ən azı 200 nəfər əziyyət çəkir. Şüalanma dərəcəsindən narahat olan sakinlər mobil rabitə şirkətlərindən birinə müraciət ediblər: “Bizə şirkətdə dedilər ki, dünya dağılsa da, biz antenaları dəyişdirməyəcəyik, sadəcə təsirini azalda bilərik. Sonra ölçüsünü kiçiltdilər, təsirini nisbətən azaltdılar. Amma ETSN yenidən monitorinq keçirdi və aydınlaşdı ki, antenalar düzgün quraşdırılmayıb, şüalanma normadan artıqdır. Nazirlik onları məhkəməyə verdi. Məhkəməyə saxta sənəd gətirdilər ki, guya bu antenalar 2013-cü ildən başqa şirkətə verilib, onlara dəxli yoxdur. Sonradan öyrəndik ki, sonuncu şirkət də elə həmin operatora məxsusdur. Biz illərdir öz şəxsi həyatımızı yaşamırıq, biz öz konstitusion hüququmuzu tələb edirik, xahiş edirik, bizə kömək etsinlər”, – şikayətçilər bildirirlər.

Sakinlərin sözlərinə görə, əslində həmin antenalar 2013-cü ildən xeyli əvvəl, 2006-cı ildə yaşayış binasının üstündə qurulub. Heç birinin sanitar pasportu yoxdur, ekoloji pasportu saxtadır. Artıq bununla bağlı prokurorluğa, DTX-ya, FHN-ə müraciət olunub, sakinlərin imzasıyla vitse-prezidentə, prezidentə məktub yazılıb.  

“Narahat olmayın, istiqaməti dəyişmişik” – sakinləri belə sakitləşdirirlər

Sakinlər deyirlər ki, həmin şirkətə müraciət etsələr də, lakin bu məsələdən tamamilə xəbərsiz olduqlarını deyiblər. Şikayətlə müraciət etdikləri dövlət məmurları isə onlara evlərini satıb köçməyi məsləhət görürlər. Məhkəmədə isə onlara məsləhət görüblər, əgər antenalara sahib çıxan şirkət yoxdursa, onları qoparıb atsınlar.

“Bu yaxınlarda antena quraşdırılan damda iki nəfər fəhləni gördüm. Sevindim ki, yəqin onları çıxaracaqlar. Pəncərəni açıb soruşdum ki, siz xeyir ola bura gəlmisiz? Gənc fəhlə gülə-gülə dedi ki, xanım, xeyirdir, antenaları gücləndiririk. Bundan sonra “4G”-yə qoşulacaqsınız. Bir az şüası çox olacaq, amma telefonlarınız yaxşı işləyəcək…”, – Afət Həsənova söyləyir.

Sakinlərdən onu da öyrəndik ki, binaya antena yerləşdirən şirkətin əməkdaşı onlara şikayət etməmələrini xahiş edib. Deyiblər ki, artıq antenanın Vidadi küçəsi ,148 ünvanına təsirini azaltmaq üçün istiqaməti dəyişdirilib və yaxınlıqdakı məcburi köçkünlərin yaşadığı məhəlləyə istiqamətləndirilib…   /Virtualaz.org/

Paylaşılıb
CrestaProject