Ça. İyn 18th, 2019

Lukaşenko Paşinyanı qorxaq adlandırmışdı – İrəvan yenə də ad çəkə bilmədi

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında Azərbaycana silah satışını gündəmə gətirib.

O, KTMT-yə üzv olan bir sıra dövlətləri Azərbaycanı Ermənistana qarşı silahlandırmaqda ittiham edib.

Nazir qeyd edib ki, həmin dövlətlərin Azərbaycana silah satması rəsmi İrəvanı narahat edir.

Qeyd edək ki, Belarusun Azərbaycana “Polonez” hava hücumundan müdafiə sistemləri və digər silahları satması rəsmi Minsk və İrəvan arasında gərginliyə səbəb olub.

Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Belarus Azərbaycanın strateji müttəfiqi olduğunu və silah satışını dayandırmayacağını bildirib.

Prezident Aleksandr Lukaşenko isə Ermənistan Baş naziri Nikol Paşinyanı qorxaqlıqda ittiham etmişdi. O, Azərbaycana silah satmasına görə Rusiyaya etiraz edə bilmədiyini demişdi. (teleqraf.com)

Paylaşılıb
CrestaProject