Ca. İyn 27th, 2019

Bakıda bağ evində usta işləyən qəzet əməkdaşının şok cinayəti – TƏFƏRRÜAT

Bakıda qətl törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Yevlax rayon sakini Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəşad İsmayılov tanışı Ərəstun Əhmədova məxsus bağ evində kombi ilə bağlı təmir işləri aparmaq üçün Şüvəlan qəsəbəsinə gəlib.

Təmir işlərindən sonra Ərəstunla birlikdə nahar edib, spirtli içki içiblər. Sərxoş olan Rəşad əvvəllər usta kimi bir tikintidə işlədiyi Sevindik Hacıyevlə mobil telefonla danışıb. Rəşad onu evə dəvət etdiyi halda hara qaçdığını soruşub.

Rəşad İsmayılovun sözündən Sevindik Hacıyev əsəbləşib. O, Rəşad İsmayılovu söyərək hədələyib.

Sevindik Hacıyev Ərəstun Əhmədova məxsus bağ evinə gəlib. Ora çatan kimi Rəşadın üstünə hücum çəkib, ona yumruq zərbələri vurub, nalayiq söyüşlərlə təhqir edib.

Bu səbəbdən qisas almaq məqsədilə Rəşad İsmayılov evin mətbəxinə keçib. Bıçaq götürərək geri qayıdıb. O, gətirdiyi bıçağı Sevindik Hacıyevin ürək nahiyəsinə sancıb.

Yaralı hadisə yerində ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən Rəşad İsmayılov həbs edilib.

İstintaq sənədlərində qeyd olunub ki, Rəşad İsmayılov “Azərbaycan İctimai-Siyasi Hüquq” qəzetində ictimai müxbir işləyib.

İstintaq orqanı tərəfindən Rəşad İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Rəşad İsmayılov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəşad İsmayılov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində həbs olmayan cəza növünün təyin olunmasını istəyib.

Rəşad İsmayılovun şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayətini təmin etməyib.

Qərardan narazı qalan Rəşad İsmayılov kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayəti də təmin edilməyib. (teleqraf.com)